“Məhkəmə qərarından narazı qalan qanunla müəyyən edilmiş qaydada şikayət vermək əvəzinə, qarayaxma kampaniyası aparır” - MÜSAHİBƏ


  • 5 Mart 10:18

Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi Bağır Əsədovun e-huquq.az-a müsahibəsini təqdim edirik:

- Bağır müəllim, uzun müddət hakim kimi fəaliyyət göstərmisiniz. Bu dövrdə müsbət mənada yadda qalan, sizin üçün unudulmaz olan hansı hadisələri qeyd edə bilərsiniz?

- Mən 1993-cü ildən Ali Məhkəmədə fəaliyyətə başlamışam. 2000-ci ildə isə Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunmuşam. 2014-cü ilin yanvar ayında həmin vəzifədən təqaüdə çıxmışam. Hakimlik fəaliyyətimdə yadda qalan işlər az deyil. Bir iş isə heç vaxt yaddan çıxan deyil. Məlum olduğu kimi, müstəqillik əldə etdikdən sonra ölkəmizdə milli dövlətçiliyimiz üçün təhlükə yaranmışdı. Daxili və xarici qüvvələr silahlı dəstələr yaratmaqla hər vasitə ilə dövlət müstəqilliyimizin möhkəmlənməsinə maneələr törədirdilər. O vaxt Müdafiə Nazirliyinin bir mənzil istismar sahəsi rəisinin işə bərpa olunması barədə icraatımda iş var idi. Qulluq vəzifələrini yerinə yetirmədiyinə görə onu işdən çıxarmışdılar. Məhkəmə kollegiyasının üzvləri - mən, Namiq Mustafayev və Lidiya Tixonova işə baxmaq üçün məhkəmə iclası zalına daxil olduqda gördük ki, zal silahlı şəxslərlə doludur. Məhkəmə iclası başlayan kimi onlar aşağı instansiya məhkəməsinin qətnaməsini ləğv etməyi və həmin şəxsi dərhal vəzifəyə bərpa etməyi ultimatumla tələb etdilər. Əks halda bizi güllələyəcəklərini bildirdilər. Həmin işin hallarını araşdırıb müəyyən etdik ki, mənzil istismar sahəsinin rəisi qanuni və əsaslı işdən çıxarılıb, onun kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Günün sonunda onun şikayətinin təmin edilməməsi barədə qəbul etdiyimiz qərarı elan etdik. Zalda əyləşən silahlılar bizə hücum etdilər. Məhkəmə nəzarətçilərinin çevikliyi nəticəsində onlar zaldan çıxarıldılar. İş gününün sonunda bizə bildirdilər ki, həmin silahlı dəstə binanın qarşısındakı bağda oturub bizi gözləyir. Gecə saat 12-də polis əməkdaşlarının işə qarışması nəticəsində biz binadan çıxa bildik. Bu işdə fərəhləndirici cəhət o idi ki, məhkəmə tərkibi heç bir təzyiqdən, hədə-qorxudan çəkinmədən qanuni qərar qəbul etdi.

- Qərar verməkdə çətinlik çəkdiyiniz və ya tərəddüd etdiyiniz iş olubmu?

- Baxdığımız bir mülki iş üzrə qəbul etdiyimiz qərar yadıma düşəndə bu gün də məni duyğulandırır. Demək, anaları vəfat etmiş 6 və 12 yaşlı uşaqların atası ana tərəfdən baba və nənəyə qarşı məhkəmədə iddia qaldırıb, həmin uşaqların baba və nənədən alınıb ona verilməsini tələb edirdi. Baba və nənə isə ataya qarşı qarşılıqlı iddia qaldırıb həmin uşaqların onların yanında saxlamasını tələb edirdi. Qanunun tələbinə görə, valideynlər uşaqları barədə başqalarına münasibətdə üstünlük hüququna malikdirlər. Yəni validenlər şərtsiz olaraq öz uşaqlarını başqalarından tələb edə bilərlər. Məhkəmədə işə baxıldıqda müəyyən olundu ki, anaları vəfat etdikdən sonra uşaqlar baba və nənənin yanında olub və onlara möhkəm bağlıdırlar. Qanunun formal tələbi atanın xeyrinə idi. Bu işdə qərar qəbul etməkdə tərəddüd edirdim. İş üzrə yekun qərar qəbul edilməsini iki dəfə təxirə saldıq. Sonra atanın iddiasının təmin edilməsi, baba və nənənin qarşılıqlı iddiasının təmin edilməməsi barədə yekun qərar qəbil edildi. Mən bu qərarla razılaşmadığıma görə xüsusi rəydə qaldım. Qəraq qəbul edildikdən sonra baba və nənənin hönkürtü ilə ağlamaları, uşaqların baba və nənələrinə sarılmaqları və onların göz yaşları dəhşətli bir mənzərə idi.

- Hakim həm də vicdanının səsi ilə qərar verir. Qanunlarla yanaşı, məhz vicdanınızın diktəsi nəticəsində qərar verdiyiniz çox olub?

-Hakimin qanundan yan keçib subyektiv mülahizəsi ilə, sizin dediyiniz kimi “vicdanının səsi ilə” qərar qəbul etməsi yolverilməzdir. Hər bir halda məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Hakimin vicdanlılığını qanunun tələblərinə qarşı qoymaq olmaz. Məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hakimin ixtiyarı yoxdur ki, qanunun tələbini pozub subyektiv mülahizəsi, qanundankənar dəlilərlə qərar qəbul etsin. Hər bir halda hakimin vicdanlılığı qanunun tələbləri daxilində özünü göstərir.

- Bağır müəllim, cəmiyyətdə məhkəmə hakimiyyətinə, xüsusən hakimlərə qarşı tənqidi, hətta təəssüflər olsun ki, bəzən təhqiredici ifadələr də işlədilir. Sizcə, bu münasibət nədən qaynaqlanır və əslində hakimin çıxardığı qərara görə tənqid olunması doğrudurmu?

- Azərbaycan Respublikası Kostitusiyasının 47-ci maddəsinə görə hər kəsin fikir və söz azadlığı vardır. Konstitusiyanın 50-ci maddəsinə görə isə hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Bu baxımdan məhkəmə işləri barədə məlumatların əldə edilməsi və yayılması istisna edilmir. Media azadlığı da hər bir hüquq və azadlıq kimi təyinatına uyğun həyata keçirilməlidir. Lakin təəssüflə qeyd edilməlidir ki, mediada, xüsusilə sosial şəbəkədə buna heç də həmişə əməl olunmur. Məhkəmə işləri, işə baxan hakimlər barədə həqiqətə uyğun olmayan məlumatların yayılması hallarına hələ də təsadüf edilir. Belə məlumatları yayan şəxslər bununla ya işə baxılanadək məhkəməyə təsir etmək istəyir, ya da işə baxıldıqdan sonra narazı qalan qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermək əvəzinə, qarayaxma kampaniyası aparırlar. Bunun başlıca səbəbi belə məlumatları yayan şəxslərin hüquq mədəniyyətlərinin aşağı səviyyədə olması ilə bağlıdır.

- Bəs, sizin çıxardığınız qərarlarla bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması hallarına rast gəlmisinizmi?

- O qədər olub ki.

- Bu cür vəziyyətlərdə reaksiyanız necə olub?

- Biz belə hallara dözümlülüklə yanaşırıq.

- Təqaüdə çıxsanız da yəqin ki, məhkəmə hakimiyyətində dəyişiklikləri izləyirsiniz. Sizin çalışdığınız dövrlə müqayisədə indi hansı dəyişiklikləri qeyd edə bilərsiniz?

- Məhkəmə islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizdə üç pilləli məhkəmə sistemi formalaşıb. Bununla bərabər, ölkədə məhkəmə islahatları davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında məhkəmə islahatlarının davamlılığı ilə bağlı bir sıra perspektivlər müəyyən olunub. Həmin Fərmanda müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün tədbirlərin gücləndirilməsi xüsusi qeyd edilib. Həmin Fərmanın icrası ilə bağlı qanunvericilikdə, habelə Mülki Prosessual Məcəllədə bir sıra yeni qaydalar müəyyən edilib. Bunlara daxildir: mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması; məhkəmə icraatının video-konfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi; vəkilin prosesdə dövlət hesabına iştirakı; kiçik iddialara sadələşdirilmiş icraat qaydasında baxılması; müəyyən işlərə mediasiya qaydasında baxılması; arbitraj məhkəməsinin qərarından məhkəməyə şikayət verilməsi; apellyasiya və kasasiya instansiyası məhkəmələrində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi və s.

- Bağır müəllim, təqaüdə çıxdığınıza görə yəqin ki, boş vaxtlarınız çox olur. Asudə vaxtlarınızda nə işlə məşğul olursunuz?

- Bildiyiniz kimi 2014-cü il yanvar ayının 1-dən təqaüddəyəm. Bundan sonra vaxtımı boş keçirməmişəm, elmi fəaliyyətlə məşğul olmuşam. 2017-ci ildə mənim redaktorluğum və həmmüəllifliyimlə “Azərbaycan Respublikası Mülki Məcəlləcinin elmi-praktiki kommentariyası”nın 1-ci cildi, 2018-ci ildə Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevlə həmmüəllifi olduğum Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası Ali Məhkəməsinin tarixi və bu günü”, 2019-cu ildə “Azərbaycan Respublikası Mülki Məcəlləcinin elmi-praktiki kommentariyası”nın 2-ci cildi, 2023-cü ildə Ramiz müəllimlə həmmüəllifi olduğum Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubilyinə həsr olunmuş “Bir əsrlik yol” nəşr edilib. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində baxılan işlərdə vaxtaşırı ekspert qismində iştirak etmişəm. Hazırda “Azərbaycan Respublikası mülki qanunvericiliyinin bəzi nəzəri və təcrübi məsələləri” adlı kitab üzərində işləyirəm. Hüquqi ixtisas sahələrində işləyən tələbələrimdən bu və ya digər hüquqi problemin həlli ilə əlaqədar məsləhət üçün mənə müraciətlər olur. Təqaüddə olsam da, demək olar ki, boş vaxtım olmur.

Xəyalə Bünyatova

Oxşar xəbərlər