Bakıda bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işinin bəzi detalları məlum olub


  • 27 May 12:03

Bakıda bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işinin bəzi detalları məlum olub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, o, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum edib.

Belə ki, təqsirləndirilən şəxs ötən il oktyabrın 12-si saat 22:30 radələrində anası və bacısı ilə yaşadıqları paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən evdə olduğu zaman şəxsi münasibətlər zəminində mütəmadi mübahisələr etdiyi bacısı İlahə Kərimova növbəti günlərdə Ağcabədi rayonunda baş tutuacaq toy məclisinə getməsi ilə əlaqədar mobil telefonla danışan anaları Brilyant İmanovaya qarşı təhqiramiz sözlər işlədib. Və bildirib ki, sözügedən məclisdə iştirak etməyəcək.

İlahə Kərimova anası ilə mübahisə edərək onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər yetirib.

Həsən Kərimov bu məqamda bacısı İlahəyə yaxınlaşaraq irad bildirərək onun sakitləşməsini tələb edib.

İttiham aktında göstərilib ki, İlahə Kərimova sakitləşmək əvəzinə, əksinə qardaşının ünvanına da təhqiredici söyüşlər söyməklə ona yumruq və təpik zərbələri vurub, əli ilə isə sifətini cırmaqlayıb, onun alt dodağına, çənə, boyun, ənsə, döş qəfəsi, nahiyələrinə xəsarətlər yetirib.

Təqsirləndirlilən şəxs bacısı İlahə Kərimovanın bu hərəkətlərindən qəzəblənərək mübahisə edib onu qəsdən öldürmək qərarına gəlib.

Belə ki, o, bacısını yataq otağına salaraq yumruq-təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub, başını döşəməyə çırpıb.

O, İlahə Kərimovanın ölmədiyini görüb öz niyyətini başa çatdırmaq məqsədilə digər yataq otağına keçərək orada yerləşən paltar şkafından bir ədəd soyuq silah hesab olunmayan xaki rəngli idman çantası kəmərini götürüb yenidən İlahə Kərimovanın olduğu otağa qayıdıb.

Bu anda İlahə qardaşının otağa daxil olmasının qarşısını almaq üçün qapını örtməyə çalışsa da, qardaşı onun müqavimətini sındırıb, otağa daxil olub.

Həsən anasının yalvarışlarına məhəl qoymayaraq, onun gözləri qarşısında idman çantası kəmərini onun boynuna dolayıb nəfəs almasını dayandırmaq üçün 3-4 dəqiqə fasiləsiz sıxaraq özünə doğru dartıb və onu xüsusi amansızlıqla qəsdən öldürüb.

Həsən Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə araşdırılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər