Nazim Bəydəmirlinin məhkəməsində zərərçəkmişlər ifadə verib


  • 27 May 18:59

Hədə-qorxu yolu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Ədalət Bağırov ifadə verib.

O bildirib ki, Nazim Bəydəmirli ilə heç bir qohumluq əlaqələri yoxdur. Qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi işləmiş, hazırda həbsdə olan Lətif Nəbiyevin vasitəsi ilə tanış olub: "Lətif Nəbiyev mənə dedi ki, Nazim Bəydəmirli adlı yaxın dostum var. Nazimlə görüşdük və razılaşdıq ki, torpağı Nazim alır. Mənə dedilər ki, sənə 120 min dollar verərik, əmlakdan məsələni də həll edərik. Gəldik əmlakdan Elçin müəllimin yanına. O bizi bir yerdə görəndə Nazimi çıxartdı çölə. Mənə dedi ki, o çətin adamdır, onunla iş görmə. Mən də dedim ki, biz Gədəbəyliyik, sözümüz bütövdür. Torpağı Nazim müəllimin adına sənədləşdirdik. Ondan sonra mənə çatan 120 min dolları və səhmləri istəyəndə dedi ki, deputat seçilirəm. Qoy seçilim, hər şey yaxşı olacaq. Həqiqətən seçildi, ancaq mənə çatan pulu vermədi. Lətif Nəbiyev də dedi ki, səbrli ol. Pulumu verməyəndə məni məhkəməyə verdi şərəf və ləyaqətlə, qəzetdə biabır etdi".

Zərərçəkmiş qeyd edib ki, 2008-ci ildə “Avto-Qarant”da aşbaz işləyən qadın ona şər atıb: "Həmin qadın dedi ki, məni zorlamısan. Dedim ki, ay bacım, mənim sənə əlimdə dəyməyib. Sonradan bildim ki, Mais adlı şəxs qadına 20 min manat verib ki, mənə şər atsın. Məni sanki kimlərsə izləyirdi. 2023-cü ilin iyulun 24-də NZS-də olan qaraja Nazim gəldi. Mənə telefonda iki kişinin intim əlaqədə olduğu video göstərdi. Dedi ki, buradakılar sən də ola bilərsən. Məndən 50 min manat və şirkətin səhmlərinin 15 faizini istədi. Dedi ki, əgər verməsən, həmin videonu ictimailəşdirəcəm. Mən də məcbur olub 10 min manat verdim. Fikirləşdim ki, bununla iş bağlanar, məndən əl çəkər".

Nazim Bəydəmirli deyib ki, zərərçəkmişin söylədikləri həqiqəti əks etdirmir.

Daha sonra ifadə digər zərərçəkmiş Mürsəl İbrahimov ifadə verib: "Mən Bakı Dövlət Universitetində tarix müəllimi olmuşam. Sonra universitetdən kənarlaşdırılmışam. Bundan sonra bizneslə məşğul olmağa başlamışam. Mən biznes sahəsində iranlılara vasitəçilik edirdim, onlar da mənə pul verirdilər. Nazimlə 1995-ci ildə Lipetskdə tanış olmuşam. Mənə dedi ki, meyvə-tərəvəz işi ilə məşğul oluram. Mən də ona bildirdim ki, iranlılarla işləyirəm. Bir gün Nazim evimə gələrək mənə təklif etdi ki, araq biznesinə girişək, yarıbayarıya işləyək. Mən də razılaşdım. İranlılardan 40 min aldım və Voronejdə Nazimə verdim".

Zərərçəkmiş deyib ki, Nazim Bəydəmirli onu müflis edib: "Bir gecə oğlum evə gəlmədi. Orada mənim heç kimim yox idi. Nazimə zəng etdim. Arvadı cavab verdi ki, bəs bilmirdin belə olacaq? Nazimin arvadının bacısı məndən 70 min dollar istədi ki, uşaq sağ-salamat qayıtsın. Evdə 28 min dollar var idi. Həmin pulu Nazimin baldızına verdim. 3-4 saat sonra Nazim oğlumu gətirdi. Mən də onu Bakıya yola saldım. Mənə sual edə bilərsiz ki, həmin vaxt orada niyə şikayət etməmisiz? Çünki yaşadığımız şəhərdə vəzifədə olanların hamısı Nazimin qohumları olub. Azərbaycana gələndən sonra şikayət edə bilərdim. Amma öyrəndim ki, onun kriminal qruplaşmalarla əlaqəsi var. Buna görə də şikayət etmədim".

Nazim Bəydəmirli isə zərərçəkmişin yalan danışdığını deyib.

Zərərçəkmiş Nazim Bəydəmirlinin barəsində illər sonra şikayət etməsini belə izah edib: "Mən sosial şəbəkədə Nazim Bəydəmirlinin həbs edildiyini gördüm. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib şikayət etdim".

Növbəti proses iyunun 10-da davam edəcək.

İttihama görə, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyada spirtli içki biznesiylə məşğul olan azərbaycanlı Mürsəl İbrahimovu kriminal aləmin adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdırmaq, öldürməklə hədələyib.

Ondan biznesə yatırdığı 40 min dollardan imtina etməsini, əlavə də 70 min dollar pul tələb edib. Son nəticədə Mürsəl İbrahimov həm 40 min dollardan imtina edib, həm də Nazim Bəydəmirliyə 28 min dollar pul ödəyib.

İttihama görə, Nazim Bəydəmirli az sonra Mürsəl İbrahimovu yenidən hədələyib və daha 50 min dollar pul tələb edib. Bu dəfə isə 30 min dollar alıb.

Nazim Bəydəmirliyə verilən ikinci ittiham isə özünün də pay sahibi olduğu “Avto-Qarant” ASC ilə bağlıdır. İttihama görə, sabiq deputat bu şirkətin Müşahidə Şurasının sədri Ədalət Bağırovu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb eləyib. Bir müddət sonra ondan 10 min manat pul alıb.

Qeyd edək ki, cinayət işi üzrə İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıblar.

Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə - təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham verilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər