"Səfirliyimizə hücuma görə İran məsuliyyət daşıyır" - Deputat


  • 27 Yanvar 2023 13:35

"Terror hadisəsinə görə məsuliyyəti İran daşıyır Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı məsuliyyəti bilavasitə İran tərəfi özü daşıyır. Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi. Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur. Ən kiçik təxribatlara belə cəhdin qarşısı qətiyyətlə alınır. İranda bizim səfirliyimiz də yüksək səviyyədə qorunmalı idi".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Diplomatik Əlaqələr Haqqında Konvensiya 18 aprel 1961-ci ildə Vyana konqresində qəbul olunub və Azərbaycan 21 iyul 1992-ci ildə Vyana Konvensiyasına qoşulub. Həmin sənədə əsasən, konsulluq münasibətlərinin qurulması qarşılıqlı razılıq əsasında həyata keçirilir, diplomatların oturduğu səfirlik binaları toxunulmazdır. Eyni zamanda Konvensiyaya görə, diplomatik nümayəndəliklərin başçılarının razılığı olmadan konsulluq binalarına heç kim daxil ola bilməz. Həmçinin Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan konsulluq binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək öhdəliyi düşür.

Deputatın sözlərinə görə, hadisədə İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın rolu böyükdür.

"İran mediası, televiziya kanalları, radiosu, qəzetləri davamlı olaraq Azərbaycan əleyhinə düşmənçiliyi təbliğ edirlər. Bir neçə gün əvvəl SEPAH-ın Xudafərin körpüsünə doğru yürüyüş etməsi ilə bağlı videosu da yayılmışdı. Bütün bunlar müəyyən zəmin yaradır. Odur ki, İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır. Onu da qeyd edək ki, İran tərəfi səfirliyimizdə törədilən terror hadisəsinin mahiyyətini təhrif etməyə çalışır, hadisənin guya məişət zəminində olmasını iddia edir. Lakin hər şey göz önündədir. İranın Azərbaycana qarşı düşmənçiliyi uzun müddətdir ki, davam edir və terror hadisəsini törədən terrorçunun İran xüsusi xidmət orqanları ilə bağlılığı istisna deyil. Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək yanılır. Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, dünyasına dəyişənlərə rəhmət, yaralananlara şəfa diləyirəm", - deyə C.Məmmədov qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər