"Vəkilliyə yeni başlayanda qorxudan ağladığım vaxtlar da olub" - Gülşən Salmanova ilə MÜSAHİBƏ


  • 3 Dekabr 2023 18:11

Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, Mərkəz Vəkil Bürosunun müdiri Gülşən Salmanovanın e-huquq.az-a müsahibəsini təqdim edirik.

- Gülşən xanım, müsahibəmiz sizin üçün əlamətdar olan bir günə - 50 illik yubileyinizə təsadüf edir. Bu münasibətlə sizi təbrik edirik. Bilmək istərdik, 50 illik ömrünüzün neçə ilini vəkillik peşəsinə həsr etmisiniz?

- Çox təşəkkür edirəm! Artıq 20 ilə yaxındır ki, vəkillik fəaliyyəti ilə məşğulam. Vəkilliyə gəlməzdən öncə isə uzun müddət məhkəmə sahəsində çalışmışam.

- Bu, heç də az müddət deyil. Yorulmamısız ki?

- Əsla! Bu illər ərzində vəkillik fəaliyyətimi həyata keçirərkən çox gərgin və çətin anlarımın olmasına baxmayaraq, bir an, bir saniyə belə olsun, həvəsdən düşməmişəm, vəkillik peşəsini seçdiyimə görə peşman olmamışam. Əksinə, çətinliklər məni bir az da ruhlandıraraq daha prinsipial, daha mübariz olmağa həvəsləndirib.

- Bəzən deyirlər ki, vəkillik ən çətin, eyni zamanda təhlükəli peşələrdən biridir. Sizcə, vəkilliyin hansı çətin tərəfləri var? Və o deyilən təhlükələrlə qarşılaşmısınızmı heç?

- Həqiqətən, vəkillik ən cətin, ən təhlükəli, ən məsuliyyətli peşələrdən biridir. Xüsusilə, zərif məxluqlar olan qadın vəkillər öz peşə fəaliyyətlərini həyata keçirərkən bir sıra çətinliklərlə rastlaşırlar. Təsəvvür edin ki, gənc, zərif bir qadın vəkil çox amansız, güclü bir tərəf müqabili ilə mübarizə aparır. Bu mübarizədə kimin haqlı olması ilə yanaşı, bir sıra digər amillər, o cümlədən, gənc xanım vəkilin cox güclü iradəyə, məntiqə, savada malik olması mühüm şərtdir. Çünki əks tərəf bütün gücündən istifadə edərək, xanım vəkilə müxtəlif vasitələrlə təsir edəcək. Məhz bu təsirlərə tab gətirmək qabiliyyəti, hər an prinsipiallıq nümayiş etdirmək bacarığı sayəsində həmin rəqibə qalib gəlmək olar. Və yaxud qadın vəkil hansısa xüsusilə ağır cinayət törətmiş, dəfələrlə məhkum edilmiş çox təhlükəli bir cinayətkarı müdafiə etməlidir. Bu zaman həmin vəkilin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək cətin deyil. İstintaq təcridxanasının vəkillər üçün nəzərdə tutulmuş görüş otagında həmin cinayət törətmiş şəxslə təklikdə bəzən saatlarla konfidensial görüşlər keçirmək, həmin şəxsin müdafiəsi üçün yollar, vasitələr axtarmaq, bu yolların isə heç də hər zaman rahat olmaması, çox böyük əngəllərlə dolu olması vəkilin rastlaşdığı təhlükələrin yalnız bir hissəsidir. Şəxsi təcrübəmdə dəfələrlə belə təhlükəli situasiyalarla üzləşmişəm. Təbii ki, vəkilliyə yeni qədəm qoyduğum vaxtlarda belə hallarla üzləşəndə çox narahat olurdum, hətta qorxudan ağladığım vaxtlar da olub. Lakin zaman keçdikcə, təcrübə topladıqca insan möhkəmlənir, hər çətinliyə alışır. Vəkillik fəaliyyətinə başladığım ilk vaxtlarda hər hansı şəxsə ömürlük, yaxud uzun müddətli azadlıqdan məhrumetmə növündə cəza təyin edilərkən, elan edilmiş hökmdən dərhal sonra təqsirləndirilən şəxsin məhkəmə iclas zalında olan yaxınlarının ah naləsini, qışqırıq səslərini, ağlamaqlarını, azyaşlı uşaqların dəmir barmaqlıqlar arxasında olan ata-analarından qopmaq istəmədiklərini və məcburən qoparıldıqlarını görərkən özüm də onlarla bərabər kövrəlir, ağlayırdım. İllər keçdikcə bu hallar vəkil üçün adi bir hala çevrilir, sadəcə təəssüflənməklə kifayətlənirsən. Vəkillərin peşə fəaliyyətlərini həyata keçirərkən üzləşdikləri təhlükələrdən biri də qarşı tərəfin təhdidləri ilə hədəfə alınmasıdır. Bu yaxınlarda orta yaşlı bir qadın mənə müraciət edərək, guya xidmətlərimdən yararlanmaq istədiyini bildirdi. Əlaqə nömrələrimin əvvəllər hüquqi yardım göstərdiyim şəxsdən aldığını bildirdi. Təbii ki, vaxt təyin edib həmin qadını ofisə dəvət etdim. Görüş vaxtı qadın 1 saata yaxın müxtəlif məzmunlu problemlərdən danışaraq hüquqi məsləhətlər aldı. Nəhayət, o, gəlişinin əsl məqsədini açıqladı. Sən demə, qadın Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan, kifayət qədər böyük məbləğlərdə dəyəri olan əmlak mübahisəsi üzrə çıxdığım iş üzrə qarşı tərəfin yaxın qohumudur. Qadın məni həmin işdən çəkindirmək üçün bütün vasitələrə əl atdı, gah pul müqabilində ələ almağa, gah yalvarışlarla yumşaltmağa çalışdı. Lakin mənim qətiyyətli mövqeyimdən, hüquqlarını müdafiə etdiyim şəxsin mənafeyinə uyğun qanuni vasitələrlə sona qədər mübarizə aparacağımdan əmin olduqdan sonra konkret olaraq real hədə qorxulara, təhdidlərə, hətta ailə üzvlərimə, övladlarıma problemlər yaradacağı barədə xəbərdarlıqlara belə əl atdı. Təbii ki, bütün bunlar vəkili tutduğu yoldan döndərə bilməz. Biz vəkillik peşəsini seçərkən bütün bu çətinlikləri, təhlükələri göz önünə almışıq və bu kimi təhlükələrə hazır olmalıyıq.

Məndən tez-tez soruşurlar ki, niyə qətldə, pedofiliyada, zorlamada və sağlam cəmiyyətin rədd etdiyi digər əməllərdə ittiham olunan insanları müdafiə edirəm. Cavab isə çox sadədir: vəkillər təqsirləndirilən şəxslərin məqsəd və hərəkətlərini deyil, dövlətin onlara verdiyi hüquqları müdafiə edirlər.

Bu sürreal mənzərəni təsəvvür edin: Allah eləməsin, sizi cinayət törətməkdə ittiham ediblər, vəkil tələb edirsiniz. Və sizə deyirlər ki, “Cinayət Məcəlləsi sizin vəkil xidmətindən istifadə hüququnuzu istisna edir, məni bağışlayın”. Ədalətli deyil, elə deyilmi? Ona görə də cinayət təqibinin bütün mərhələlərində müdafiəçinin iştirakı məcburidir.

Mən cinayət işinin materialları ilə tanış olanda, cinayətin törədilməsinin sübuta yetirilmədiyini, motivlərin müəyyən edilmədiyini görəndə ağlabatan sual yaranır: “Mənim müvəkkilimi niyə ittiham edirlər? Onun günahına dair heç bir sübut yoxdur, ittiham tərəfinin arqumentləri havadan götürülüb. O zaman mənim üçün artıq məsələnin mənəvi aspektləri deyil, şəxsin təqsirsizliyi önəmlidir və onun təqsirsizliyini sübuta yetirmək üçün bütün vasitələrdən istifadə etməliyəm.

- Azərbaycanda qadın vəkillərin sayı artmaqdadır. Sizcə, qadın vəkillərin sayının artması nə üçün vacibdir?

- Ölkəmizdə bütün sahələrdə olduğu kimi, vəkillik sahəsində də qadınların rolu artmaqdadır. Vəkillər Kollegiyası qadın vəkillərin sayının artması istiqamətində gərgin iş aparır. Görülən işlər müsbət nəticə verməkdədir. Qadın vəkillərin sayı artıq 20 faizə yaxınlaşıb. Bu gün həqiqətən də qadın hüquqşünaslar arasında vəkilliyə marağın artdığını görürük. Məsələn, vəkilliyə qəbul üzrə keçirilən son imtahanda namizədlərin təxminən 27 faizi qadınlar olub. Məncə, bu artım sevindirici haldır. Çünki qadın vəkillərin sayının artmasına həqiqətən də ehtiyac var. Əsasən də ailə mübahisələrində insanlar daha çox qadın vəkillərə üstünlük verirlər. Bu, müəyyən qədər bizim mentalitetimizlə də bağlı olan məsələdir. Çünki qadınlar öz həmcinsləri olan vəkillərə daha rahat şəkildə problemlərini danışa bilirlər.

Bu gün Vəkillər Kollegiyası qadın vəkillərin inkişafına çox böyük dəstək göstərir. Ötən il Azərbaycan Qadın Vəkillər Alyansı yaradılıb. Alyansın yaradılmasında məqsəd qadınlar və uşaqlara dair insan hüquq və azadlıqlarının və qanuni mənafelərinin müdafiəsinin gücləndirilməsi, qadınlar və uşaqlar arasında hüquqi maarifləndirmə işinin aparılması, cəmiyyətin ictimai, sosial, mədəni və hüquqi sferasında qadın vəkillərin rolunun artırılması və fəal iştirakının təmin edilməsi, hüquqşünas qadınlar arasında vəkil peşəsinin təbliği və qadın vəkillərin sayının artırılmasıdır. Hesab edirəm ki, Alyans qısa müddətdə qadın vəkillərin şəbəkələnməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən onların fəaliyyətlərində qarşılaşdığı çətinliklə mübarizə istiqamətində çox mühüm işlər görüb. Vəkillik institutu inkişaf etdikcə bundan sonra da qadın vəkillərin cəmiyyətdə rolunun artırılması, vəkillikdə gender balansının təmin edilməsi istiqamətində mühüm addımlar atılacaq.

- Gülşən xanım, Azərbaycan vəkilliyinin hazırkı vəziyyətini necə qiymətləndirirsiz? Vəkillik sahəsində kifayət qədər təcrübəniz var. Əvvəlki illərlə müqayisədə hansı dəyişiklikləri müşahidə edirsiz?

- Ölkəmizdə vəkilliyin inkişafı göz önündədir. Son illərdə vəkilliyin nüfuzu əhəmiyyətli dərəcədə artıb. Vəkillik təsisatına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 2018-ci il 22 fevral tarixli Sərəncamı vəkilliyin yeni inkişaf mərhələsinə təkan verib. Ötən müddət ərzində vəkillərin sayının artırılması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin üç dəfə artırılması, ixtisas imtahanlarının müntəzəm keçirilməsi, üzvlüyə xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi, ölkəmizdə yeni müasir vəkil bürolarının açılması, vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi və s. bu sahənin inkişafı üçün həyata keçirilən mühüm islahatlardandır. Hörmətli Anar müəllim Bağırovun sədrliyi ilə ölkəmizdə vəkillik ən nüfuzlu peşələrdən birinə çevrilib. 2018-ci ildən bu günə kimi ölkədə vəkillərin sayı bir neçə dəfə artaraq 2 400 nəfərə çatıb. Əvvəlki illərlə müqayisədə bu, çox ciddi artımdır. Vəkillərin sayının artması vətəndaşların hüquq xidmətlərinə daha rahat çatımlığını təmin edir. Bu gün gənc hüquqşünaslar arasında vəkilliyə çox böyük maraq var. Sevindirici haldır ki, vəkilliyə yeni qəbul olunanların əksəriyyətini gənc hüquqşünaslar təşkil edir. Hazırda Vəkillər Kollegiyasının xüsusi önəm verdiyi məsələrdən biri də regionlarda vəkillərin sayının artırılmasıdır. Görülən işlər nəticəsində regionlarda da vəkilliyə maraq xeyli artıb. Vəkilliyə qəbul imtahanlarında regionları təmsil edən namizədlərin sayı getdikcə artır. İnanırıq ki, yaxın zamanda bölgələrdə vəkil çatışmazlığı problemi aradan qalxacaq.

Vətəndaşların yüksək kefiyyətli peşəkar hüquqi yardımla təmin olunması Vəkillər Kollegiyası üçün prioritet məsələlərdir. Bunun üçün də vəkillərin bilik və bacarıqlarının artırılması istiqamətində daim tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də bir müddət öncə Vəkillər Kollegiyasının Akademiyasının təsis olunmasıdır. Şübhəsiz ki, bu Akademiyanın fəaliyyəti qısa müddətdə öz töhfəsini verəcək.

Bir sözlə, Azərbaycanda vəkillik təsisatı getdikcə böyüyür və daha da güclənir.

- Vəkillər Kollegiyası tərəfindən mütəmadi olaraq pulsuz hüquqi yardım aksiyaları keçirilir. Rəhbərlik etdiyiniz Mərkəz Vəkil Bürosu bu aksiyalarda necə iştirak edir?

- Bəli, pulsuz hüquqi yardım aksiyaları ənənə halını alıb. Paytaxt Bakı və regionlarda davamlı olaraq ödənişsiz hüquqi yardım aksiyaları həyata keçirilir. Cari ildə isə pulsuz hüquqi yardım aksiyaları daha intensiv xarakter alıb. Bilirsiniz ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması ilə əlaqədar olaraq ölkəmizdə 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Vəkillər Kollegiyasının "Heydər Əliyev İli" ilə bağlı tədbirlər planı çərçivəsində hər ayın 10-da ölkə ərazisində pulsuz hüquqi yardım aksiyaları təşkil olunur. Təbii ki, Mərkəz Vəkil Bürosu da bu aksiyalarda aktiv iştirak edir. Vətəndaşların müraciətlərini dinləyir, onları maraqlandıran suallar cavablandırır, yazılı və şifahi məsləhətlər verir, yazılı ərizələr tərtib edirik. Ümumiyyətlə, həssas qrupa daxil olan vətəndaşlara - şəhid ailələri, qazilər və aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi daim bizim diqqətimizdədir. Biz özümüz də davamlı olaraq ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı təşəbbüs göstəririk.

- Bəs, aksiyalardan kənar pulsuz hüquqi yardım almaq istəyən vətəndaşlar olduqda onlara necə kömək edirsiz?

- Əlbəttə ki, hüquqi yardım üçün bizə müraciət edən heç kəsə üz çevirmirik. Hər zaman çalışırq ki, öz köməyimizi əsirgəməyək, əlimizdən gələn yardımı edək, məsləhətlərimizi verək. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsinə dəstək olmağa çalşırıq.

- Kiminsə hüquqi yardıma ehtiyacı olanda deyir ki, "güclü vəkil axtarıram". Güclü vəkil hansı vəkildir?

- Güclü vəkil - güclü hüquqşünas, strateq, taktik, analitik, praqmatist və müəyyən dərəcədə sosioloq, psixoloq, diplomat, məruzəçi, ən başlıcası gözəl natiq olmalıdır. Güclü vəkil qüsursuz reputasiya, geniş hüquq təcrübəsi və dərin peşəkarlıq sahibi olan şəxsdir. Güclü vəkil parlaq hüquqi biliyi və möhkəm praktik təcrübəsi ilə seçilir. Bu xüsusiyyətlər ona müştərilərinin istənilən hüquqi problemlərini asanlıqla həll etməyə imkan verir, onların maraqlarını sona qədər uğurla müdafiə etməkdə yardımçı olur.

- Gülşən xanım, vəkil kimi qarşıda hansı hədəfləriniz var?

- Əsas məqsədlərimdən biri təbii ki, bundan sonra da ölkəmizdə vəkilliyin daha da inkişaf etdirilməsinə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə töhfə verməkdir. Bunun üçün də daim öz üzərimdə işləməli, özümü inkişaf etdirməliyəm. Çünki vəkillik elə bir sahədir ki, daim inkişaf tələb edir. Bu inkişaf isə son nəticədə insan hüquqlarına xidmət edir.

- Sizə bu yolda uğurlar arzu edirik!

- Çox sağ olun!

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər