Ruslan Əliyev: "Məhkəmələr "Azəriqaz"la bağlı əsassız qərardadlar çıxarırlar" - MÜSAHİBƏ


  • 22 Oktyabr 2021 09:00

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin e-huquq.az-a müsahibəsini təqdim edirik:

Bir neçə gün öncə Azərbaycanda təbii qazın qiyməti qalxdı. Düzdür, siz bu barədə açıqlama vermişdiniz. Lakin məsələnin aktuallığım nəzərə alaraq, bu bahalaşmanın hansı zərurətdən yaranmasına bir daha aydınlıq gətirməyinizi xahiş edirik. Sizcə, bu bahalaşma qaz istehlakının həcminə mənfi təsir göstərə bilərmi?

- Tariflərə yenidən baxılması, bir sıra amillər nəzərə alınmaqla müvafiq iqtisadi təhlillərin nəticələrinə əsaslanıb. Məlum olduğu kimi, Tarif Şurasının müvafiq Qərarına əsasən ölkə ərazisində təbii qazın topdan satış qiyməti artıb. Təbii qazın topdan satış qiymətinin artması qazın pərakəndə satış qiymətinin artmasına təsir edib. Son illərin statistik məlumatları göstərir ki, hər il qazın istehlak həcmi artmaqdadır. Təbiidir ki, istehlakçılar tərərindən təbii qazdan daha səmərəli istifadə edilməsi də vacib məsələlərdən biridir. “Azəriqaz” İstehsalat Birliyi öz fəaliyyətini yeni tariflərə uyğun qurur, müasir dövrün yeni çağırışlarını nəzərə alaraq əsas hədəflərimizdən biri xidmət keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin qazanılması, istehlakçıların dayanıqlı və etibarlı qaz təchizatının təmin olunmasından ibarətdir.

Havaların soyuması ilə təbii qaza olan ehtiyac da artmaqdadır. "Azəriqaz" qışa hazırlıq üçün hansı tədbirləri görür? Qışda qaz istehlakı artdığna görə problemlər də artır. Bu problemləri aradan qaldırmaq üçün hansı işlər görülür?

- Artıq əminliklə deyə bilərik ki, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər əsasən yekunlaşıb. Belə ki, texniki vəziyyəti qeyri-qənaətbəxş olan qaz xətləri yenilənib, qaz xətlərinin korroziyaya qarşı izolyasiya işləri aparılmış, qaz tənzimləyici avadanlıqlar və siyirtmələr sazlanıb, əlavə olaraq yeni qaz tənzimləyici şkaflar və qaz filtləri quraşdırılıb. Abonentlərimizin sayı hər il artır. Hazırda abonent sayı 2 milyon 400 mini ötüb. Abonent sayının artımı nəticəsində qaz istehlakı və şəbəkəyə qəbul edilən qazın həcmi də artır. Təbiidir ki, müəyyən zaman kəsiyində hər hansı bir lokal texniki problemlər yarana bilər. Lakin bu problemlərin qısa zamanda tam aradan qaldırılması üçün bütün resurslarımız mövcuddur. Əminliklə qeyd edə bilərik ki, payız-qış mösümündə istehlakçılar dayanıqlı, təhlükəsiz və etibarlı şəkildə təbii qazla təmin olunacaqlar.

"Azəriqaz" tez-tez qaz xəttinə qanunsuz müdaxilə halları aşkar edir. Məlum məsələdir ki, belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər. Belə qanunsuz müdaxilələrə qarşı hansı tədbirlər görürsünüz?

- Sakinlər arasında apardığımız maarifləndirmə tədbirləri nəticəsində son zamanlar qaz xətlərinə və qaz sayğaclarına qanunsuz müdaxilə faktları azalmaq dinamikasındadır. Bu halların qarşısının alınması üçün “Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən müntəzəm olaraq texniki müşahidələr aparılır, qaz xətlərinə və qaz sayğaclarına qanunsuz müdaxilə faktları aşkar edildikdə itirilmiş qazın həcmi hesablanır və onun dəyərinin vətəndaş tərəfindən ödənilməsi təklif olunur. Tərəflər arasında bu məsələdə konsensus olmadıqda müvafiq qaydada məhkəmə qaydasında bu tipli məsələlərin həllinə çalışırıq.

"Azəriqaz"a abonentlər tərəfindən daxil olan şikayətlər ən çox nə ilə bağlı olur?

- Vətəndaşlarda müraciətlər əsasən sosial şəbəkə, 104 və 185 qaynar xətlər vasitəsi ilə qəbul edilir. Statistikaya əsasən qəbul edilmiş müraciətlərin bir çoxu qazın təzyiqi, qaz sayğacları, qaz sızmaları və qazlaşdırılma ilə bağlı məsələlər ilə bağlı olur. Vətəndaşların narahat edən problemlərin mümükün qədər qısa zamanda aradan qaldırılmasına çalışırıq ki, müştərilərimiz məmnun olsunlar.

Bəzən abonentlər sayğaclarda artıq sərfiyyatın göstərildiyini iddia edir. Belə problem mövcuddurmu? Bildiyimizə görə, “Azəriqaz”ın məhkəmə mübahisələrinin əksəriyyəti sayğacların fəaliyyəti ilə bağlı olur.

- Bu mövzuda “Azəriqaz” İB-yə vətəndaşlar tərəfindən müraciətlər daxil olub. Müraciətlərin əksəriyyəti “öncə ödəniş” tipli qaz sayğaclarının “sonradan ödəniş” tipli qaz sayğaclarının əvəzlənməsi ilə bağlı olub. Qeyd olunmalıdır ki, bu sayğacların ölçmə prinsipi və daxili mexaniki quruluşu eynidir, heç bir fərq yoxdur. Yalnız fərq ondan ibarətdir ki, istifadə edəcəyiniz və ya istifadə etdiyiniz qazın dəyərini müxtəlif üsullarla ödəyirsiniz. Vətəndaşların çoxsaylı müraciətləri əsasında “Azəriqaz” İB tərəfindən vətəndaşların və qeyri-hökumət təşkilatlarının, dövlət nəzarət qurumlarının iştirakı ilə vətəndaşların seçimi əsasında onların qaz sayğacları laboratoriya şəraitində yoxlanılır, həmin sayğacların iddia edilən “artıq sərfiyyat yazma” faktları aşkar olunmayıb. Qaz sayğaclarında yaranan nasazlıqlar isə hərtərəfli olaraq araşdırılır və laboratoriyanın texniki rəyindən sonra müvafiq qərarlar verilir.

Sayğaclar çöldə quraşdırıldığına görə bir çox hallarda məsuliyyəti “Azəriqaz”ın üzərinə qoyurlar. Bu məsələ necə tənzimlənməlidir?

- Qeyd olunan məsələ ilə bağlı onu deyə bilərəm ki, mənzildən kənarda quraşdırılan qaz sayğaclarının qorunmasına “Azəriqaz”la yanaşı abonentin də səy göstərməsi məqsədəuyğun olardı. Çünki bu qaz sayğacı vasitəsilə onun istifadə etdiyi qazın həcmi ölçülür və bu dövlət əmlakıdır. Bütün hallarda qaz sayğaclarında yaranan nasazlıqlar və müdaxilələr texniki mütəxəssislər tərəfindən araşdırılır, konkret faktlarla sübuta yetirildikdə müvafiq tədbirlər görülür.

“Azəriqaz” həm də o qurumlardandır ki, kifayət qədər məhkəmə çəkişmələri var. Çünki bəzən abonentlərin, sahibkarların borclar yığılır qalır. “Azəriqaz” məsələni məhkəmədə mübahisələndirir. Bir çox hallarda isə qurumun iddiaları təmin olunmur. Xüsusən də böyük məbləğlərdən söhbət gedir. Bu nə ilə bağlıdır? Məhkəmələrin bu sahədəki qərarlarından razısınızmı? Bu sahədə qanunvericilikdə hansı boşluqlar var?

- Sahə üzrə qanunvericilikdə (Qaz təchizatı haqqında Qanun, Qazdan istifadə qaydaları) olan boşluqlar səbəbindən məhkəmə mübahisələndirilməsi uduzulur. Belə ki, qanunsuz istifadə halları hesab edilən qaz sayğacına müdaxilə və ya qaz xəttinə kənar qoşulmalarda dəymiş ziyanın müəyyən edilməsi qaydası təsbit olunmayıb. Bundan başqa, son vaxtlara qədər sahibkarın sayğac göstəricisinin oxunması belə sahibkarın fəaliyyətin yoxlaması kimi qiymətləndirilir və bu səbəbdən də oxunuş üçün Ədliyyə Nazirliyinin müvafiq reyestrindən çıxarış tələb olunurdu. Digər tərəfdən isə, məhkəmələr qanunvericiliyə zidd olaraq, mübahisələndirilən məbləğlə kifayətlənməyərək az qala bir il davam edən məhkəmə çəkişməsi müddəti ərzində qazın verilişinin dayandırılmasının qadağan edilməsi barədə əsassız qərardadlar çıxarırlar. Bu da Birliyinin debitor borcun süni şəkildə artmasına səbəb olur. Əlbəttə biz bu vəziyyətlə barışmırıq, mövcud problemlərin həlli edilməsinin vacibliyini ictimayyətləşdirir və qanunvericilikdə olan boşluqların aradan qaldırılması ilə bağlı təkliflər hazırlayır aidiyyəti üzrə təqdim edirik.

"Azəriqaz" paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində işlər görür. Bu işlərlə bağlı vəziyyət necədir?

- Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi qaz təsərrüfatında da son illər böyük nailiyyətlər əldə olunub. Əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə dövlət tapşırığına uyğun olaraq Respublikanın müxtəlif bölgələrində kənd və qəsəbələrin surətli qazlaşdırılması işləri aparılıb. Belə ki, son 10 il ərzində ümumən 1600-dən çox kənd və qəsəbə qazlaşdırılıb. Qazlaşdırılma zamanı sərhəd bölgələrində yerləşən yaşayış məntəqələrinin qazılaşdıırlması xüsusi diqqət mərkəzində saxlanılıb. Bununla yanaşı, həmin dövrdə Bakı şəhərində və regionlarda 100-dən artıq yeni yaşayış massivi qazlaşdırılıb. Qazlaşdırılma nəticəsində təbii qazla yeni təmin olunmuş əhali abonentlərinin sayı 2 milyon 380 mini ötüb. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərşivəsində Respublikada 55 min kilometrdən çox, o cümlədədn Bakı şəhərinin yeni yaşayış massivlərində 2,3 min kilometrə yaxın müxtəlif diametrli qaz xətlərin çəkilib. Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırılma tədbirləri nəticəində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb. Azərbaycan Respublikasında qazlaşma səviyyəsi və qazlaşma surəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olub. Məlumdur ki, Respublikamızda təbii qazdan istifadə etməyən kəndlərimiz də var. Qazlaşmayan kəndlərin böyük bir qismi dağlıq ucqar ərazilərdə və yaxud mövcud qaz təchizatı mənbələrindən müəyyən qədər aralı məsafədə yerləşən məntəqələrdir. Lakin əhalinin qaz təminatının yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsi məqsədilə Dövlət Proqramına uyğun olaraq, qazla təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması işləri mərhələli şəkildə davam etdirilir. Nəzərinizə çatdırım ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işlər mərhələli şəkildə həyata keçirdiyindən müəyyən vaxt göstərmək hazırda mümkün deyil. Lakin biz çalışırıq ki, hər bir evi, hər bir mənzili bu il olmasa da, növbəti illərdə mavi yanacaqla təmin edək. Növbəti ildə 52 kənddə və 18 yeni yaşayış massivində qazlaşdırılma işlərinin aparılmasını planlaşdırmışıq. Eyni zamanda qeyd etmək istərdim ki, dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin “Azəriqaz”ın daxili imkanları hesabına qazlşadırılması işləri də geniş vüsət alıb.

Ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən biri də istismar müddəti bitən qaz xətlərini yenilənməsidir. Bu istiqamətdə görülən işlər barədə məlumat verərdiz.

- Qaz təchizatının yaxşılaşdırılması, qaz itkilərinin minimuma endirilməsi, qaz şəbəkəsinin bərpası və nəqletmə imkanlarının artırılması məqsədilə ötən illərdə olduğu kimi, cari ildə də qaz infrastrukturunun yenidən qurulması, müasir avadanlıqlar vasitəsi ilə qaz sızmalarının yerlərinin dəqiq müəyyən edilməsi və təmiri işləri davam etdirilir. 2021-ci ilin 9 ayında müxtəlif bölgələrdə cəmi 335 kilometr qaz xətti yenidən qurulub. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətlə dərəcədə azalıb, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunub. Cari ilin 9 ayında müxtəlif bölgələrdə 470 mindən çox qaz sayğacı quraşdırılıb və əvəzlənib.

Bir müddət əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə dəstək göstərdiyinizi açıqlamışdınız. Hazırda bu dəstək hansı istiqamətdə davam etdirilir?

- “Azəriqaz”ın rəhbər şəxsləri iə sahibkarlar arasında görüşlər artıq ənənəyə çevirilib. Bu görüşlər bilavasitə bölgələrdə təşkil olunur ki, sahiblarları narahat edən problemləri dinləyək, onların birgə həlli yollarını tapaq və problemləri aradan qaldıraq. Əsas məqsədimiz sahibkarlara mümkün köməklik göstərməkdən ibarətdir. Bu görüşlər nəticəsində qaz təchizatı ilə bağlı sahibkarları narahat edən bəzi texniki məsələlər həll edirik, sahibkar tərəfindən borcların mərhələli şəkildə ödənilməsinə şərait yaradırıq. Sahibkarla görüşləriimiz mütəmadi xarakter daşıyacaq.

Vətəndaşlar üçün əlçatanlığın təmin olunması, onların problemlərin həlli üçün addımlar atırsınız. "Açıq Mikrofon", "Açıq qapı" aksiyalarını həyata keçirirsiniz. Gələcəkdə bu istiqamətdə nə kimi yeniliklər gözlənilir?

- Müştəri məmnuniyyətinin təmin olunması məqsədi ilə kommunal xidmətlər arasında ilk dəfədir ki, “Azəriqaz” İB tərəfindən 2021-ci ildən başlayaraq Respublikanın müxtəlif bölgələrində “Açıq mikrofon” adlı tədbir həyata keçirilir. Eyni zamanda sosial şəbəkə üzərindən mütəmadi olaraq vətəndaşların müraciətləri qəbul olunur, həftədə 1 dəfə isə “Facebook” vasitəsilə vətəndaşlarla canlı ünsiyyət təşkil olunur. Bu həftədən başlayaraq isə hər növbəti həftənin 5-ci günü “Açıq qapı” aksiyamıza start veriləcək. Bu aksiya media mənsublarının üzünə açıq olacaq və “Facebook” sosial şəbəkə üzrəindən canlı yayımlanacaq. Həmçinin hər həftə “Asan radio” və “Azəriqaz”ın birgə layihəsi olan “Açıq mikrofon”, “Real TV” televiziya kanalının və “Azəriqaz”ın birgə layihəsi olan “Abonentin qaz anı” adlı canlı yayımları təşkil olunacaq. Bu tədbirlər vasitəsi ilə biz əhalini və sahibkarları qaz təchizatı ilə bağlı narahat edən problemlərini dinləyir, onların həllinə çalışırıq, eyni zamanda yaranmış sualları cavablandırırıq. Bu görüşlərdə qaldırılan məsələlərə aid əsasən yaşayış ərazilərinin qazlaşdırılması, qaz sayğacları və qazın uçotu ilə bağlı məsələlər, qaz xətlərinin yerinin dəyişdirilməsi, qazdan istifadə ilə bağlı məsələləri qeyd etmək olar. Demək olar ki, qaldırılan məsələlərin əksəriyyəti müsbət istiqamətdə həll olunur. Bu görüşlər çərçivəsində istixana sahibləri ilə də yerində bir neçə görüşlər keçirilib və yaranmış çətinliklərin həlli istiqamətində praktiki tədbirlər görülüb. Hazırda müxtəlif bölgələrdə “Açıq mikrofon” adlı ümumən 20 tədbir keçirilib, tədbirlərdən 4-ü sahibkarlarla baş tutub. Gələcəkdə də daha yeni və kreativ ünsiyyət formalarından istifadə olunması nəzərdə tutulur.

Məmur kimi maraqlı şəxssiniz. Fəaliyyətiniz başqa məmurlara da nümunə kimi göstərilir. Vətəndaşlarla birbaşa ünsiyyətdə olursunuz. Onların qaldırdığı məsələlərə sosial şəbəkələrdə aktiv reaksiya verirsiniz. Bu təşəbbüs nədən qaynaqlandı?

- Qeyd etdiyim ki, əsas hədəfimiz xidmət keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin qazanılması, istehlakşıların dayanıqlı və etibarlı qaz təchizatının təmin olunmasından ibarətdir. Buna nail olmaq üçün ilk növbədə abonentlərimizi narahat edən məsələləri bilavasitə özlərindən eşitmək, yaranmış problemlərin onlar tərəfindən daha fəal bildirilməsi bizim işimizi daha da asanlaşdırır, resurslarımızı və diqqətimizi hansı istiqamətə yönəldilməsinə imkan yaradır. Bu ünsiyyətin kreativ ideyalar əsaında qurulması isə vətəndaşlarımız üçün daha əl çatan və rahat şəkildə öz fikirlərini bildirmək imkanı yaradır, dövlət müəssisəsinə etimad və etibarı artırır.

Xəyalə Bünyatova

Oxşar xəbərlər