Bu gün Aşuradır


  • 8 Avqust 00:09

Bu gün Aşura günüdür.

E-huquq.az xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.

Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib.

Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya, tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir.

Avqustun 8-də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.

Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı “Təzə Pir” məscidində qanvermə aksiyası olacaq.

Bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçiriləcək.

QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.

Bildirilib ki, son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq Məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr görülən tədbirlər barədə hesabatlarını QMİ-yə təqdim etməlidirlər.

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi İmam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər. Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.

Qeyd edək ki, avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.

Oxşar xəbərlər