Filippində qasırğa səbəbindən minlərlə insan təxliyə edilib


  • 29 May 2023 12:58

Filippində gözlənilən güclü qasırğa səbəbindən minlərlə insan təxliyə edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin şimal-şərqindəki Batanes vilayətinin qubernator müavini İqnasio Villa məlumat verib.

O, "Mavar" qasırğasının sel və torpaq sürüşməsinə səbəb ola biləcəyi təhlükəsinə görə 4800 nəfərin təxliyə edildiyini bildirib. Villa bir sıra rəsmi qurubların və məktəblərin bağlandığını və təxliyyə ediləcək insanların sayının arta biləcəyini qeyd edib. O, dənizdə səyahət etməmək barədə xəbərdarlıq edib.

Rəsmilər baş verə biləcək təbii fəlakətlə bağlı axtarış-xilasetmə əməliyyatlarına hazırlıq görüldüyünü bildirib. Həmçinin, qida ehtiyatı toplandığı vurğulanıb.

Filippin Mülki Müdafiə İdarəsinin rəis müavini Raffi Alejandro açıqlamasında, "Günəş nə qədər isti olsa da, bu günlərdə hava gözlənilməzdir və hər an dəyişə bilər. Ona görə də biz həmişə təhlükəsiz yerlərdə qalmalıyıq”, - deyə söyləyib.

Qeyd edək ki, mayın 24-də güclü külək və yağışla müşayiət olunan "Mavar" qasırğası ABŞ-ın Quam adasını vurmuşdu. Adada elektrik enerjisi kəsilmiş, sakinlərin əksəriyyəti təxliyə edilmişdi. ABŞ prezidenti Co Bayden Quam adasında "fövqəladə vəziyyət" elan edildiyini açıqlayıb.

Sürəti saatda 155 ilə 190 kilometr arasında dəyişən "Mavar" qasırğası dağlıq bölgələrdə daha təsirlidir və göstəricilərə görə, onun növbəti dayanacağının Tayvan və Yaponiya olacağı gözlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər