Millət vəkili Əminə Ağazadə: "40-a yaxın cinayətin dekriminallaşdırılması nəzərdə tutulur"


  • 15 Aprel 2020 13:39

"Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsinə uyğun olaraq və bilavasitə onun təşəbbüsü ilə ötən dövr ərzində şəxslərin azadlıq hüququnun təmin edilməsi sahəsində bir çox layihələr həyata keçirilmişdir. Buna nümunə kimi istər cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamlarını, istərsə də cənab Prezident və ya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktlarını göstərmək olar".

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Hüquqi siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Əminə Ağazadə deyib.

O qeyd edib ki, bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi şərti ilə yeni cəzadan azad etmə institutu təsbit olunur: "Məlumumuz olduğu kimi cənab Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-сi il 10 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar dekriminallaşdırma və cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində 2017-ci il 20 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilmişdir. Həmin Qanun təxminən 15 min nəfər barəsində tətbiq edilmişdir ki, onlardan 10 minə yaxın şəxs cinayət məsuliyyətindən azad edilmiş, minlərlə məhkumun cəzası yüngülləşdirilmiş, 2 minə yaxın məhkum cəzadan azad edilmiş, minlərlə şəxsin vəziyyəti bu və ya digər formada yaxşılaşdırılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Qeyd olunan tədbirlərin davamı olaraq ötən il dövlət başçısının «Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında» 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırığın icrası çərçivəsində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilmiş və cənab Prezident tərəfindən Milli Məclisə təqdim edilmiş qanun layihəsində Cinayət Məcəlləsinə 200-ə yaxın dəyişiklik təklif olunmuşdur. Layihəyə əsasən 40-a yaxın cinayətin dekriminallaşdırılması nəzərdə tutulur. Onlara əmək mühafizə qaydasının pozulmasının şəxsə az ağır xəsarət yetirilməsi, ikili vətəndaşlıq barədə məlumatın verilməməsi, bir hərbi qulluqçunun digərini təhqir etməsi cinayətini, habelə cinayət məsuliyyət yaradan hədd artırılmaqla dekriminallaşdırılan vergidən yayınma və iqtisadi sahədə olan digər cinayətləri və qaçaqmalçılıq cinayətini nümunə kimi qeyd etmək olar".

Ə. Ağazadənin sözlərinə görə, bəzi cinayətlərə görə cəzaların yüngülləşdirilməsi və ya sanksiyalarına alternativ cəzalar (cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və hərbi xidmət üzrə məhdudlaşdırma) daxil edilməsi təklif olunur: "Bütün bunlarla yanaşı cəzanın labüdlüyü prinsipi əsas götürülərək dekriminallaşdırılan əməllərin əksəriyyətinə görə inzibati məsuliyyət müəyyən olunması da təklif edilən dəyişikliklərdəndir. Yekun olaraq demək istərdim ki, həmin layihənin qəbulu və gələcəkdə tətbiqi nəticəsində minlərlə şəxsin vəziyyətinin bu və ya digər formada yüngülləşdiriləcəyi gözləniləndir".

Oxşar xəbərlər