- 28 Yanvar 11:53
Kirayə müqaviləsi həm kirayə verənin, həm də kirayəçənin hüquq və öhdəliklərini aydın şəkildə müəyyənləşdirən rəsmi bir sənəddir. Bu müqavilə tərəflərin arasında anlaşılmazlıqların yaranmasının qarşısını alır və hər iki tərəfə hüquqi təhlükəsizlik təmin edir. Eyni zamanda, kirayə müddəti, ödəmə şərtləri və digər vacib detalların dəqiq şəkildə qeyd olunması uzunmüddətli münasibətlərin qurulmasına kömək edir. Bu, həmçinin, tərəflərin gələcəkdə qarşılaşa biləcəyi problemləri əvvəlcədən həll etməyə imkan verir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev e-huquq.az-a açıqlamasında kirayə müqaviləsinin vacibliyindən bəhs edib. O bildirib ki, kirayə müqaviləsi olmadan evi kirayə vermək risklidir.
Nə üçün kirayə müqaviləsi vacibdir?
Ekspertin sözlərinə görə, müqavilənin olmaması həm kirayəçinin, həm də ev sahibinin hüquqlarını ciddi şəkildə poza bilər: "Məsələn, kirayə qiymətinin artması və ya ev sahibinin evi satışa çıxarması səbəbindən kirayəçidən evin boşaldılması halları çox vaxt baş verir. Belə vəziyyətlərdə kirayəçinin hüquqları pozulur. Eyni zamanda, ev sahibləri də öz əmlaklarının təmirinin zədələnməsi və ya qeyri-qanuni şəkildə çoxsaylı şəxslərin mənzildə qalması kimi problemlərlə üzləşə bilər. Kirayə müqaviləsinin notarial qaydada bağlanması tərəflərin hüquqi öhdəliklərini dəqiq müəyyənləşdirir. Müqaviləyə imza atmaqla hər iki tərəf müəyyən hüquqlarını və vəzifələrini qəbul edir. Əgər müqaviləyə əsasən tərəflərdən biri öhdəliklərini pozarsa, məsuliyyət daşıyır və hüquqi tədbirlər görülə bilər. Bu baxımdan, notarial qaydada bağlanan müqavilə hər iki tərəf üçün təhlükəsiz və məqbul bir hüquqi alət olur".
Kirayə müqaviləsi hansı müddətlər üçün bağlana bilər?
E.Fərzəliyev deyib ki, kirayə müqavilələri müxtəlif müddətə, məsələn, 5 ay, 1 il və ya 10 il olaraq bağlana bilər. Müqavilədə qeyd olunmuş şərtlər daxilində, tərəflər razılıq əsasında və ya birtərəfli olaraq müqaviləni pozma hüququna malikdirlər: "Əgər kirayəçi müqavilə şərtlərini pozursa, məsələn, mənzildə zərər vurursa və ya qonşulardan şikayətlər gəlirsə, ev sahibi kirayəçini evdən çıxara bilər. Bu, yalnız müqavilədə qeyd olunan şərtlərə əsaslanaraq həyata keçirilə bilər".
Kirayə haqqı gecikdikdə hansı hüquqi tədbirlər görülə bilər?
Ekspertin sözlərinə görə, kirayə haqqının gecikməsi zamanı ev sahibinin çox vaxt kirayəçinin ödənişi gözləməsi və güzəşt etməsi təbiidir. Lakin müqavilədə müəyyən edilmiş öhdəliklərə əsasən, kirayə haqqını ödəməyən kirayəçi ev sahibinə qarşı məsuliyyət daşıyır: "Azərbaycanda xırda səbəblərlə kirayəçinin evdən çıxarılması nadir hallarda baş verir. Lakin müqaviləyə əsasən, ev sahibi kirayəçini evdən çıxarma hüququna malikdir, xüsusən də kirayəçi ödənişini çox gecikdirsə və ya başqa öhdəlikləri pozursa".
Xarici ölkələrdə əmlak kirayəsi ilə bağlı qaydalar necədir?
E.Fərzəliyev bildirib ki, xarici ölkələrdə əmlak kirayəsi ilə bağlı qanunlar daha sərtdir: "Belə ki, kirayə müqaviləsi ilə verilən əmlak üzərində kirayəçi bütün hüquqlara malikdir. Kirayəçi müqavilə əsasında ödədiyi məbləğ müqabilində, evin üzərində hüquqlarını qoruyur və ev sahibi heç bir şəkildə evə izinsiz daxil ola bilməz. Həmin mənzilə daxil olmaq yalnız qanuni əsaslarla mümkündür. Əgər ev sahibi evə müdaxilə edərsə, bu, kirayəçinin hüququnun pozulması sayılır".
Müqavilə bağlayarkən nələrə diqqət edilməlidir?
Ekspert sonda qeyd edib ki, kirayəçilər və ev sahibləri müqavilə bağlarkən hər bir detalı diqqətlə nəzərdən keçirməlidir, çünki kiçik bir yanlışlıq belə gələcəkdə böyük problemlərə səbəb ola bilər. Müqavilədə bütün şərtlər dəqiq və aydın şəkildə qeyd olunmalıdır ki, tərəflər arasında hər hansı bir anlaşılmazlıq yaranmasın və hər iki tərəf öz hüquqlarını qorumaqda çətinlik çəkməsin.
Şəbnəm Mehdizadə