Məhkəmə pul tələbinə görə cavabdehin yeganə mənzilinin üzərinə həbs qoya bilərmi?


  • 18 İyul 2020 23:23

"Pul tələbi barədə” iddialara məhkəmədə baxılarkən cavabdehin yeganə mənzilinin üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyula bilərmi?

Təcrübədə bu məsələyə dair 2 fikir var:

1-ci fikir ondan ibarətdir ki, həbs qoyula bilməz. Çünki NK-nin 05.06.2002-ci il tarixli, 89 №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndi yeganə mənzilə tələb yönəltməyə imkan vermir.

2-ci fikir ondan ibarətdir ki, həbs qoyula bilər. Çünki NK-nın qərarında “icra sənədi icra olunarkən tələbin yönəldilməsi” ifadəsindən istifadə olunub, qərar mülki iş üzrə məhkəmə icraatında keçərli deyil, qətnamənin qüvvəyə minməsindən sonrakı mərhələyə - icra sənədi üzrə icraata şamil olunur. Bununla yanaşı, mülki iş üzrə icraat zamanı yeganə mənzilin üzərinə qoyulan həbs “tələb yönəldilməsi” kimi qiymətləndirilə bilməz, sadəcə mənzilin özgəninkiləşdirilməsi imkanının qarşısı alınır.

Hansı fikir düzgündür?

Hesab edirəm ki, 1-ci fikir düzgündür. Belə ki, həbs iddianı təmin etmə tədbirinin bir növü olaraq gələcəkdə qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısının alınması məqsədilə tətbiq edilir. Yəni gələcəkdə pul tutulması barədə qətnamə könüllü icra edilməsə həbsdə olan əmlakın satılması hesabına həmin pul ödənilməlidir. Göründüyü kimi, həbs gələcəklə bağlı olan bir tədbirdir. Əgər məhkəmə icraatı zamanı tətbiq edilən həbsin gələcək üçün bir faydası yoxdursa, onun tətbiqi mənasızdır. O cümlədən “İcra haqqında” Qanunun 50.4.1-ci maddəsi də bunu təsdiq edir. Orada qeyd edilib ki, həbs satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək məqsədilə qoyulur. Borclunun yeganə mənzilinin satılmasına isə qanunvericilik yol vermir.

Həbsin başqa məqsədi yoxdur. Lakin təcrübədə bəzən belə həbsdən (məhkəmə icraatı zamanı yeganə mənzilin üzərinə qoyulan həbsdən) hədə-qorxu vasitəsi kimi istifadə olunur: mənzilin üzərinə həbs qoyulandan sonra iddiaçı “pulu qaytarmasan mənzilini satdıracağam” deyib cavabdehi hədələyir, mənzili yeganə yaşayış yeri olan cavabdeh isə bundan narahat olur. Cavabehin mənzilini satdırmağı pulu verəndən sonra deyil, pulu verənə qədər düşünmək lazımdır: vaxtında ipoteka müqaviləsi bağlana, daha sonra pul verilə bilərdi. Çünki NK-nin qeyd olunan qərarı humanizim prinsipinə əsaslanır, yeganə mənzil yeganə yaşayış yeri deməkdir, məqsəd ondan ibarətdir ki, heç bir insan yeganə yaşayış yerindən məhrum olmasın. Lakin hansı halda ki, həmin insan özü müqavilə bağlayaraq yeganə yaşayış yerini ipoteka ilə yüklü edir, qanunvericiliyin ona qarşı münasibəti dəyişir: “Əgər sən özün yeganə yaşayış yerinin təəssübünü çəkmirsənsə, başqaları nə üçün bunu etməlidir?”

Beləliklə, gəldiyimiz nəticə:

“Pul tələbi barədə” iddialara məhkəmədə baxılarkən cavabdehin yeganə mənzilinin (və ya evinin) üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyula bilməz.

Namiq Cəfərov

Bakı Apelyasiya Məhkəməsinin hakimi

Oxşar xəbərlər