İşçinin başqa yerdə də işləməsinə hansı halda qadağa qoyula bilər?


  • 8 Aprel 20:47

Əksər vətəndaşlar banklara borclu, kirayə yaşaması və digər sosial-iqtisadi yüklər səbəbindən bir yox, bir neçə işdə işləmək məcburiyyətində qalır. Bəzən rəsmi iş yerləri olan doktorantura tələbələrinin də qarşısına müəyyən dərs saatı ilə dərs demək öhdəlik kimi qoyulur. Təəssüf ki, bəzən 2-ci işəgötürənlər 1-ci işi bəhanə gətirərək işçiyə sistemdə adının olmasının, 2-ci iş yerinin qeydiyyata salınmasına ehtiyac olmamasını bəhanə edərək, əmək müqaviləsi bağlamaqdan boyun qaçırır, bunun işçi üçün də problem olacağına inandırmağa çalışırlar. Əslində vəziyyət necədir? İşçi əsas iş yerindən başqa əlavə iş yerində də işləyə bilərmi? Bu hansı hallarda mümkündür? İşçiyə başqa iş yerində işləməsi ilə bağlı hansı halda işəgötürən qadağa qoya bilər? 2 və ya daha çox iş yeri olanların əmək münasibətləri qanunla necə tənzimlənir?

Bu suallarla əlaqədar sorğuya AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi Arif İmamverdiyevin maarifləndirici və məlumatlandırıcı cavabını sizə təqdim edirik:

- Qanun kimlərə əlavə iş yerində işləmək hüququ verir, kimlər bu hüquqdan məhrumdur?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın (Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz) yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

- İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb olunurmu?

İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.
Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.

- Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmaları qanunla necə tənzimlənir?

Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda (həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər 36 saatdan), yol verilə bilər. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə yuxarıda qeyd olunan hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

- Kimlərə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur?

Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.
Sonda Arif müəllim qeyd etdi ki, əlavə iş yeri üzrə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi də Əmək Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq müvafiq bildirişin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Mənbə: Azadmedia

Oxşar xəbərlər