Gecikdirilmiş kredit  borcunu necə ödəmək lazımdır? - VİDEO


  • 16 May 2021 12:20

Uzun müddət banka olan borcu ödəməyən vətəndaşa bir müddət sonra az da olsa həmin borcu müəyyən qədər ödəməsi tövsiyyə olunmur. Banka olan borc vaxtında ödənilmədiyində bank hər gecikdirilən günə görə cərimə hesablamağa başlayır.

Borclu bundan sonra ödənişlər etdiyi zaman edilən ödənişdən ilk əvvəl cərimə silinir, daha sonra faizlər və ən sonda isə əsas borcdan silinmələr aparılır. Bəzi hallarda borclu kifayət qədər məbləğdə ödəniş edə və gecikdirilmiş borcu birdəfəlik bağlaya bilmir. Etdiyi ödənişlərdən ilk əvvəl cərimə və faizlər silindikdən sonra geriyə qalan məbləğ bəzən əsas borcun silinməsi üçün kifayət etmir. Bəzən də elə hal olur ki, əsas borc olduğu kimi qalır. Belə olduğu halda yenidən cərimə və faiz hesablanmağa başlanır.

Məhkəmə müqavilə şərtlərinə uyğun olaraq əsas və müqavilə müddətinə hesablanmış faiz borcunu müəyyən edir. Zərurət olarsa, əsas və faiz borcunun müəyyən edilməsi məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası da təyin oluna bilər. Əsas borca hesablanmış faiz borcu yalnız müqavilə müddətinə hesablanır. Müqavilə müddəti bitdikdən sonra isə faizin hesablanması dayandırılır. Əgər bankın tələb etdiyi cərimə məbləği ilə bağlı məhkəmə həmin məbləği yüksək hesab edərsə cəriməni azalda bilər.

Qeyd edək ki, bir çox hallarda məhkəmənin müəyyən etdiyi cərimə məbləği bankın tələb etdiyi məbləğdən aşağı olur. Məhkəmə təcrübəsində adətən cərimə məbləği əsas borcun on faizi məbləğində müəyyən edilir. Müqavilə müddəti bittikdən sonra bankın hər gecikdirilən günə görə beş faiz məbləğdə əsas borca hesablanmış faiz tələb etmək hüququ yaranır. Odur ki, müqavilə müddəti bittikdən sonra uzun müddət gözləmədən mübahisəni həll etmək lazımdır. Əks halda borclu şəxs hər gecikdirilən günə görə əlavə pul ödəmək məcburiyyətində qalacaq.

Oxşar xəbərlər