Avtobusda sükan arxasında siqaret çəkən sürücü gördükdə nə etmək lazımdır?

Avtobusu idarə edərkən siqaret çəkən sürücü gördükdə nə etmək lazımdır?


  • 16 Sentyabr 2019 16:28

"Avtobusu idarə edərkən siqaret çəkən sürücünün marşrut xəttindən kənarlaşdırılması Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə daxil olan məsələ deyil".

Bunu E-huquq.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev ictimai nəqliyyat vasitəsini idarə edən sürücülərin iş başında siqaret çəkməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin sürücünü işə götürən daşıyıcı şirkət var: “Sürücü ilə əmək münasibətləri daşıyıcı tərəfindən tənzimlənir. Əgər sürücü bu cür qayda pozuntusuna bir neçə dəfə yol verərsə, BNA daşıyıcıya iradını bildirir”.

M.Ağayev diqqətə çatdırıb ki, əgər bir sürücü iş başında siqaret çəkdiyinə görə dəfələrlə cərimə olunursa, bu o deməkdir ki, o, işinə normal yanaşmır: “Onunla da əmək münasibətlərini tənzimləyən daşıyıcı şirkətdir. Sürücü ilə bağlı tədbir görmək də daşıyıcının öz səlahiyyətindədir”.

O qeyd edib ki, ictimai nəqliyyatdan istifadə edərkən, sürücünün tütün məmulatından istifadə etdiyinin şahidi olduqda aşağıdakılara əməl etmək lazımdır: “Sürücünün xəta törətməsini əks etdirən aydın şəkildə çəkilmiş fotosu, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat nömrəsi, marşrut xəttinin nömrəsini 24 saatdan gec olmayaraq BNA-nın [email protected] elektron ünvanına, yaxud “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsinə göndərmək lazımdır”.

Qeyd edək ki, bu halda sürücünün İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilərək Məcəllədə nəzərdə tutulmuş 40 manatdan 50 manatadək məbləğdə cərimələnməsi həyata keçiriləcək.

Xatırladaq ki, cari ilin 2-ci rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 89 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 47 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb.

Məftun Salmanov

Oxşar xəbərlər