Şəkli tanışlıq saytında icazəsiz paylaşılan vətəndaş nə etməlidir?

Şəkli tanışlıq saytında icazəsiz paylaşılan vətəndaş nə etməlidir?


  • 17 Sentyabr 2019 14:57

Vətəndaşın icazəsi olmadan onun şəklinin və telefon nömrəsinin sosial şəbəkələrdə və tanışlıq saytlarında paylaşılmasına görə heç bir məsuliyyət yoxdur.

Bunu E-huquq.az-a açıqlamasında Adəm Məmmədov vətəndaşın icazəsi olmadan onun şəklinin və telefon nömrəsinin sosial şəbəkələrdə və müxtəlif saytlarda paylaşılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən icazəsiz paylaşıma görə nə inzibati, nə də mülki məsuliyyət var. Bununla belə, A.Məmmədov bildirib ki, həmin şəkil və telefon nömrəsini saytdan yığışdırmaq mümkündür. O, vətəndaşın bu məqsədlə məhkəməyə müraciət edə biləcəyini qeyd edib: “Vətəndaş məhkəməyə müraciət edib şəklinin və telefon nömrəsinin yığışdırılmasını tələb edə bilər”.

Vəkil diqqətə çatdırıb ki, vətəndaşın sözügedən problemlə bağlı polisə, yaxud saytın rəhbərliyinə müraciət edərək şikayət etməsinin heç bir nəticəsi olmayacaq.

Şəkli icazəsiz paylaşılan vətəndaşın məhkəmədə mənəvi təzminat tələb etməsi məsələsinə gəlincə, A.Məmmədov vurğulayıb ki, dəymiş mənəvi ziyana görə ödənilən təzminat məbləğinin miqdarı elə də böyük olmur: “Təzminatın həcmi 100-200 manat civarında təşkil edir. Əgər vətəndaşın icazəsi olmadan paylaşılan şəkil seksual xarakterli deyilsə və digər neqativ məqamlar daşımırsa, burada heç bir qanun pozuntusu yoxdur”.

Məftun Salmanov

Oxşar xəbərlər