Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının hansı qərardadlarından şikayət verilə bilər?


  • 14 İyul 2022 15:07

Son dövrlər ölkəmizdə bütün sahələrdə aparılan islahatların statistikası onu deməyə əsas verir ki, bu dəyişikliklər nəinki təkcə iqisadi-sosial sferalarda həyata keçirilmiş, məhkəmə-hüquq sahəsindən də yan keçməyib.

E-huquq.az xəbər verir ki, son bir neçə ildə aparılan məhkəmə islahatlarının nəticəsi olaraq məhkəmə hüquq-sisteminin beynəlxalq hüquq normalarına uyğun təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin daha da müstəqilləşməsi prosesinin aparılması, bu sahənin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının daha da təkmil formaya salınması, yenilənməsi, insanların məhkəmələrə müraciət etmə imkanlarının bir az da asanlaşdırılması, məhkəmə-hüquq sisteminə aid inzibati mərkəzlərin, infrastrukturun müasirləşdirilməsi, qanun layihələrinin qəbul edilməsi kimi müxtəlif formalarda özünü biruzə verib.

Bunlardan biri də ölkə başçısının məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirdiyi məqsədyönlü siyasətinə, eləcə də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanında verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq qəbul edilmiş “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli qanun layihəsidir.

​Yuxarıda qeyd etdiyimiz son dəyişikliyə əsasən qanunverici Mülki Prosessual Məcəlləyə əsaslı dəyişikliklər etməklə yanaşı, Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının şikayət verilə bilən qərardadlarının konkret dairəsini müəyyən etmişdir. Bunlar aşağıdakılardır:

402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;
402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;
402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;
402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

İctimaiyyət tərəfindən Apellyasiya instansiya məhkəmələrinin qərardadlarından şikayət verilə bilmə imkanının qanunvericiliklə məhdudlaşdırılması birmənalı qarşılanmasa da, qeyd etmək istərdik ki, bu kimi prosesual qaydalar apellyasiya məhkəmələri tərəfindən müəyyən edilən qayda deyil, qanunun tələbindən irəli gələn imperativ normadır.

Hər kəsə məlumdur ki, qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün istisnasız məcburidir.

Oxşar xəbərlər