Sığorta ödənişinin verilməsinin əsasları


  • 22 İyul 2022 18:50

Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.21 maddəsinə əsasən, sığorta ödənişi- sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926-cı maddəsində də oxşar tərif göstərilərək qeyd olunub ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığorta hadisəsi isə icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Bu tərifdən eləcədə aydın olur ki, sığorta 2 formada həyata keçirilir: könüllü və icbari. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta müqaviləsi bağlanması zamanı müəyyən olunur. İcbari sığorta qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır. Azərbaycan Respublikasının sığorta qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və onun əsasında qəbul edilən normativ hüquqi aktlardan, icbari sığorta qanunlarından, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrdən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığorta ödənişini həyata keçirən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Sığorta ödənişinin bu hallardan hər birinin mövcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı tələb olduqda(tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə şamil edilmir), sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədlər olduqda. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsində sığorta ödənişi üçün lazım olan sənədlər: icbari sığorta şəhadətnaməsinin tarixi və nömrəsi; icbari sığortanın növü; sığortalının adı; sığorta olunanın adı; sığorta hadisəsi hesab edilə bilən halın baş vermə yeri, tarixi və vaxtı; sığorta hadisəsi hesab edilə bilən halın təfsilatı və səbəbi; sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində dəyən zərərin təsviri və əgər mümkündürsə, ehtimal olunan zərərin məbləği, eləcə də müvafiq maddədə göstərilmiş olan hallarda digər sənədlər. Sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxsdən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz. Müvafiq sənədlər sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini Qanunun göstərdiyi müddətdə ödəməzsə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

Sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini “ İcbari Sığortalar haqqında” Qanunun tələblərini nəzərə alaraq ödəyir. Ödəniş zamanı şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişləri sığortaçı tərəfindən nəzərə alınmamalıdır. Sığortaçı sığorta ödənişinin imtinanın əsasları olduğu hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir. Üçüncü şəxs- sığortalının hərəkət və ya hərəkətsizliyinə nəticəsində zərər çəkən, sığorta ödənişini almaq hüququ olan şəxsdir. Fiziki şəxs öldükdə onların ailə üzvləri üçüncü şəxs hesab olunur. Üçüncü şəxs sığorta hadisəsi nəticəsində sağlamlığına dəymiş zərərdən bu hadisənin baş verdiyi tarixdən 3 il müddətində ölərsə, onun almış olduğu müvafiq sığorta ödənişinin məbləği ilə sığorta məbləği arasındakı fərq ailə üzvlərinə ödənilir. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir.

MM-yə əsasən şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. “İcbari Sığortalar haqqında” Qanuna əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Sığortaçı sığorta ödənişinin imtinanın əsasları olduğu hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

Sığorta ödənişindən imtinanın əsasları “ Icbari sığortalar haqqında” Qanunun 21-ci maddəsində göstərilmişdir: hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu və peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda. Bu Qanunun 36-cı maddəsinin 3-cü hissəsində göstərilmiş hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur, buna görə də ödəniş edilməyəcəkdir. Bu hallara misal olaraq, sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi; hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; qrunt sularının səviyyəsinin dəyişməsi; suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.
İstifadə olunmuş mənbələr:
1. Azərbaycan Respublikasının “ Sığorta fəaliyyəti haqqında” Qanunu
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

Aydın Quliyev,

Hüquqşünas

Oxşar xəbərlər