"Uşaqlar üçün yaşayış minimumunun artırılması alimentin miqdarının avtomatik olaraq artması mənasına gəlmir"


  • 6 Yanvar 2023 16:57

Məlum olduğu kimi, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" qanuna əsasən, yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat məbləğində müəyyən edilib. Uşaqlar üçün yaşayış minimumunun artırılması bunun aliment məbləğinə təsiri ilə bağlı müəyyən suallar doğurub. Belə ki, bəzi vətəndaşlar yaşayış minimumunun artmasını alimentin məbləğinin də birbaşa artması kimi başa düşürlər.

Mövzu ilə bağlı e-huquq.az-a danışan vəkil Paşa Səfərov bildirib ki, qanunvericilikdə konkret olaraq alimentin məbləğinin uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu miqdarında müəyyən edilməsinə dair hər hansı bir müddəa yoxdur.

"Adətən məhkəmələrdə aliment tələbinə dair işlərə baxılarkən sabit pul məbləği kimi yaşayış minimumu əsas götürülür. Alimentin məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun təyin edilir. Amma qanunda bununla bağlı konkret müddəa yoxdur, yəni uşaqlar üçün yaşayış minimumunun artırılması alimentin miqdarının da avtomatik olaraq artması mənasına gəlmir. Ona görə də həmin məbləğin artmasını istəyən maraqlı tərəf mediasiyaya müraciət etməlidir. Mediasiyada razılığa nail olunmasa, bu halda məhkəməyə müraciət oluna bilər", - deyə o qeyd edib.

P.Səfərovun sözlərinə görə, alimentin artırılması ilə bağlı iddialar əksər hallarda təmin olunur: "Amma burada da istisna hallar var. Məhkəmə aliment öhdəliyi olan şəxsin əmək qabiliyyəti, maaşı, gəlirləri, sağlamlıq imkanları və sair halları nəzərə alaraq, yaşayış minimumunun miqdarından az məbləğdə aliment təyin edə bilər. Təcrübədə bu hallar kifayət qədərdir. Lakin mən hesab edirəm ki, aliment təyin edilərkən uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu nəzərə alınmalı və ondan aşağı məbləğ təyin edilməməlidir".

Vəkil bildirib ki, “Dövlət rüsumu haqqında” qanuna əsasən, aliment tələbi ilə bağlı məhkəməyə müraciət zamanı vətəndaşlardan rüsum tələb olunmur: "Lakin mediasiyaya müraciət zamanı 50 manat rüsum nəzərdə tutulub".

Xəyalə Bünyatova

Oxşar xəbərlər