Evtanaziyaya görə hansı məsuliyyət nəzərdə tutulur?


  • 19 Yanvar 2023 20:21

Hüquq sahəsində maraqlı olan mövzulardan biri də evtanaziyadır. Evtanaziya bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsidir.

Bir çox ölkələrdə evtanaziya dövlət tərəfindən qanuniləşdirilmişdir. Lakin, evtanaziyaya görə cinayət məsuliyyəti nəzərdə tutan ölkələr də vardır. Evtanaziyanı qanuni hesab edən ölkələr hesab edir ki, hər kəsin yaşamaq hüququ olduğu kimi ölmək hüququ da var. Ona görə də hesab edilir ki, evtanaziya cinayət sayılmamalıdır, əksinə əzab və iztirab çəkən sağalmaz xəstələri həyatdan məhrum etdiyinə görə xeyirxah və faydalı bir əməldir. Belçika, Hollandiya, Avstraliya, Niderland, İsveç və başqa Avropa ölkələrində evtanaziya qanunidir.

Eyni zamanda, evtanaziya ağır xəstənin və ya onun səlahiyyətli qohumlarının iradəsi ilə həyata keçirilən ağır və ölümcül bir xəstənin ölümünün sürətləndirilməsi kimi başa düşülür.

Xarici ölkələrdə evtanaziyaya fərdi münasibət bəslənilir. Avropa ölkələri qanunvericilikdə evtanaziya ilə bağlı xeyli dəyişikliklər etmişlər. Nümunə üçün, Belçikada evtanaziyanın həyata keçirilməsi üçün hər bir halda pasientin könüllü düşünülmüş ölüm qərarına razılıq verməsi məcburi hesab edilir. Belə halda həkim və pasientdə inam olmalıdır ki, başqa çıxış yolu yoxdur və yeganə yol ancaq budur. Bu faktı ikinci bir həkim də təsdiq etməlidir. Nəticədə xəstə onun ölümü üçün tətbiq edilən üsulun tibbi nöqteyi- nəzərdən qəbul oluna bilən olması barədə məlumatlandırılmalıdır. Niderland da bu təcrübədən istifadə edir. 2002-ci ildə Belçikada və Niderlandda evtanaziyaya qanuni icazə verilmiş və cinayət məsuliyyətinə cəlb etmək aradan götürülmüşdür. Bruseldə həkimlər üçün evtanaziyaya dair xüsusi kurslar təşkil olunur.

Azərbaycanda isə evtanaziya hüquqi, sosial və dini baxımdan qəbul edilməz bir prosesdir.

Qüvəddə olan Cinayət Məcəlləsinin 135-ci maddəsi evtanaziyaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu maddəyə əsasən, evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xəstənin ölümünü hər hansı vasitə və ya hərəkətlə tezləşdirmə (aktiv evtanaziya) dedikdə, ona öldürücü zəhərin verilməsi, zəhərli iynə vurulması, ölümə səbəb olan xəsarətlər yetirməsi və s. başa düşülməlidir.

Xəstənin həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma (passiv evtanaziya) dedikdə, ağ ciyərlərin süni ventilyasiyasının ( “süni nəfəs aparatının”), hemodinamik göstəricilərin (arterial təzyiq, nəbz və s.) süni surətdə dəstəklənməsini, həyat fəaliyyətin saxlamaq üçün müəyyən yardımçı vasitələrin (“süni böyrək aparatı”, “detoksikasiya” və s) işlədilməsini dayandırma və s. başa düşülür.

Evtanaziya Cinayət Məcəlləsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəsilinə daxil edilib və yüngülləşdirici hallarda adam öldürmənin bir növüdür. Bu kateqoriya cinayətlər üzrə zərərçəkmiş şəxs qismində sağalmaz və ağır xəstəliyə düçar olmuş hər hansı bir şəxs çıxış edir. Əməlin Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə tövsif olunması üçün cinayətdən zərərçəkmiş şəxs ağır və sağalmaz xəstəliyə düçar olmuş şəxs olmalıdır. Xəstəliyin sağalmaz olduğu həkim tərəfindən təsdiq olunmalıdır. Əgər zərərçəkmiş şəxs ağır fiziki iztirablarla müşayiət olunsa da, sağalan xəstəlikdən əziyyət çəkən şəxs olarsa əməl evtanaziya kimi qiymətləndirilə bilməz, belə halda təqsirkarın əməli 120-ci maddə (qəsdən adam öldürmə) ilə tövsif olunacaqdır.

Evtanaziyada xəstənin xahişi könüllü olmalıdır. Əgər belə xahiş yoxdursa, əməl qəsdən adam öldürmə cinayəti (Cinayət Məcəlləsinin 120-ci maddəsi) kimi tövsif olunmalıdır.

Evtanaziya əməlinə görə təqsirli şəxslər 16 yaşına çatmış, hər hansı anlaqlı fiziki şəxslər ola bilər. Belə şəxslər qismində zərərçəkmiş şəxsin yaxın qohumları, habelə tibb işçiləri çıxış edirlər.

Ölkəmizdə evtanaziyanın cinayət sayılmasının ən başlıca səbəbi insan həyatının hər şeydən üstün olması və bununla əlaqədar sui-istifadə hallarının qarşısının alınmasıdır.

Nargilə Həmidova

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər