Xarici elementli övladlığagötürmə Azərbaycan qanunvericiliyində necə həyata keçirilir?


  • 9 Mart 2023 09:15

Övladlığa götürmə insititunun əsas məqsədi uşağın normal fiziki və mənəvi inkişafını təmin etmək, uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisi, qayğısı, nəvazişini hiss etməsi, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Övladlığa götürmə həmçinin övladlığa götürənlərin də marağına xidmət edir, uşaqları olmayan övladlığa götürənlər valideynlik hisslərini yaşamaq, atalıq, analıq tələbatlarını ödəmək şansı əldə edirlər.

Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə də övladlığa götürməyə icazə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürməyə iki halda yol verilir:

1. Həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda

2. Vətəndaşlığından asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, valideylərinin bacıları, qardaşları və onların övladları) övladlığa götürmədikdə

Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşaq övladlığa götürənin ölkəsinin (daimi yaşadığı ölkənin) qanunvericiliyi əsasında da övladlığa götürülə bilər (AM-in 155-ci maddəsinin 2-ci bəndi). Lakin bu məcəllənin 66.6-cı və 117-135-ci maddələrinə də əməl olunmalıdır. Məsələn: Ailə məcəlləsinin 66.6. maddəsində deyilir ki, Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.

Xarici ölkədə övladlığa uşaq götürən Azərbaycan Respublikası vətəndaşları övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci bir ay ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə qətnamənin çıxarıldığı yer üzrə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına müraciət etməlidirlər. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yalnız yetkinlik yaşına çatmayan və doğumu qeydə alınmış uşaqları övladlığa götürülməsinə yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilməz. Qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

Belə bir hal da mümkün ola bilər ki, Azərbaycan Respublikasının vətəndaşı olan və xaricdə yaşayan uşaq xarici vətəndaş tərəfindən xarici dövlət ərazisində övladlığa götürülsün. Azərbaycan Respublikasının ailə hüququ Azərbaycaycan Respublikası vətəndaşı olan uşağın xaricdə övladlığa götürülməsinə icazə verir və onu tanıyır. Yalnız iki şərtə əməl olunduqda, Azərbaycan Respublikası vətəndaşı olan uşağın xaricdə övladlığa götürmə aktı etibarlı sayıla bilər:

Birinci şərt ondan ibarətdir ki, övladlığa götürmə aktını övladlığa götürənin vətəndaşı olduğu xarici dövlətin səlahiyyətli orqanı həyata keçirməlidir. Bir çox ölkələrdə (məsələn, İsveçrədə və s.) övladlığa götürmə məsələsini məhkəmə həll edir.

İkinci şərtə görə isə övladlığa götürmə aktının həyata keçirilməsinə Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada əvvəlcədən müvafiq icazə alınmalıdır. Bu qayda Azərbaycan Respublikasının ailə məcəlləsinin 155.5-ci maddəsində belə ifadə olunmuşdur. Övladlığa götürənin vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının xaricdə yaşayan uşağını övladlığa götürməsi o şərtlə Azərbaycan Respublikasında etibarlı hesab edilir ki, buna Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) əvvəlcədən müvafiq razılıq alınsın. Belə halda qabaqcadan icazə qaydası tətbiq olunur ki, bu qayda uşağın mənafeyini təmin etmək məqsədinə xidmət edir.

Ailə məcəlləsinin 155.3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində xarici vətəndaş olan uşaq Azərbaycan Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən övladlığa götürüldükdə, buna uşağın qanuni nümayəndəsinin və uşağın vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanının, eləcə də həmin dövlətin qanunvericiliyi ilə tələb olunduqda uşağın özünün razılığını almaq zəruridir. Son olaraq Ailə məcəlləsinin 155.4-cü maddəsində isə uşağın Azərbaycan Respublikası qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquqları övladlığa götürmə nəticəsində pozula bilərsə, övladlığa götürmə övladlığa götürənin vətəndaşlığından asılı olmayaraq həyata keçirilə bilməz, həyata keçirilmiş övladlığa götürmə isə məhkəmə qaydasında ləğv olunmalı olduğu öz əksini tapmışdır.

Övladlığa götürməylə bağlı digər qanunvericilik aktına misal olaraq “Ölkələrarası övladlığa götürməylə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının qanunu misal göstərmək olar. Bu konvensiyanı imzalayan dövlətlər şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün uşağın ailə mühitində, xoşbəxtlik, sevgi və qarşılıqlı anlaşma mühitində böyüyüb, boya-başa çatmalı olmasını, ölkələrarası övladlığa götürmənin uşağın ən öndə maraqlarına və onun əsas hüquqlarına hörmət etməklə həyata keçirməsinin təmin edilməsini nəzərə alaraq qarşılıqlı razılığa gəldilər. Konvensiyanın əsas məqsədi:

1. Ölkələrarası övladlığa götürmənin uşağın ən öndə maraqlarına və beynəlxalq hüquqda tanındığı kimi, onun əsas hüquqlarına hörmət etməklə həyata keçirilməsinin təmin olunması üçün təminatlar yaratmaq;

2. Bu cür təminatlara əməl olunmanı təmin etmək və bununla da uşağın qaçırılmasının, satışının və ya ticarətinin qarşısını almaq üçün razılığa gələn dövlətlər arasında əməkdaşlıq sistemini yaratmaq;

3. Razılığa gələn dövlətlərdə bu Konvensiyaya uyğun olaraq həyata keçirilmiş övladlığa götürmənin tanınmasını təmin etmək.

Razılığa gələn bir dövlətdə daimi yaşayan şəxslər razılığa gələn digər dövlətdə daimi yaşayan uşağı övladlığa götürmək istədikdə öz daimi yaşadıqları dövlətdə Mərkəzi orqana müraciət etməlidirlər. Əgər qəbul edən dövlətin Mərkəzi orqanı əmin olsa ki, müraciət edən şəxslər övladlığa götürmək hüququna və ixtiyarına malikdirlər, onda həmin Mərkəzi orqan, bu şəxslərin şəxsiyyətini, övladlığa götürmək hüququnun və ixtiyarının olmasını, tərcümeyi-halını, ailə və tibbi tarixini, sosial mühitini, övladlığa götürmənin səbəblərini, ölkələrarası övladlığa götürməni həyata keçirmək imkanına malik olduğunu, habelə onların övladlığa götürmək istədikləri uşağın səciyyəvi xüsusiyyətlərini əks etdirən məruzəni hazırlamalıdır.

Əgər mənşə Dövlətdə ananın və atanın şəxsiyyəti açıqlana bilməzsə, bunun açılmamasını təmin etməklə, zəruri razılığın verildiyini, yerləşdirilməyə dair öz mülahizələrinin əsaslandığı səbəbləri təsdiq edən, uşaq barəsində olan məruzəsini qəbul edən Dövlətin Mərkəzi orqanına göndərir.

Razılığa gələn Dövlətdə övladlığa götürmənin tanınmasından yalnız o zaman imtina edilə bilər ki, uşağın ali maraqlarını nəzərə alaraq, övladlığa götürmək həmin dövlətin dövlət siyasətinə açıq şəkildə zidd olsun. Bu Konvensiyanın hər hansı bir müddəasına əməl edilməməni və ya onun əməl olunmamasına ciddi riskin olduğunu aşkar edən səlahiyyətli orqan öz dövlətinin Mərkəzi orqanını bu barədə təxirə salmadan məlumatlandırmalıdır. Həmin Mərkəzi orqan müvafiq tədbirlərin görülməsinin təmin edilməsinə görə cavabdehdir. Sənədlərin ünvanlandığı dövlətin səlahiyyətli orqanı bu cür tələb etsə, sənədə, sənədin əsli ilə eyni olduğunu təsdiq edən tərcümə əlavə edilməlidir. Digər qayda nəzərdə tutulmayıbsa, belə tərcümə ilə əlaqədar xərclər övladlığa götürmək niyyətində olan valideynlər tərəfindən ödənilməlidir.

Lalə Uğuzova

Bakı şəhəri 20 saylı Vəkil Bürosunun təcrübəçisi

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 4-cü kurs tələbəsi

Oxşar xəbərlər