Hüquq elminin inkişafında qadınların rolu


  • 10 Mart 2023 17:37

Hüquq elmi davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu kimi başa düşülür, amma onun dəqiq tərifi hələ də müzakirə mövzusudur. Hüquq elmi hal hazırdakı inkişaf etmiş halına gəlmək üçün müəyyən mərhələlərdən keçmişdir. Bu inkişaf mərhələlərində həm qadın həm də kişi hüquqşünasların rolu çox böyükdür.

Qeyd etdiyim kimi hüquq elminin inkişafında qadın hüquqçuların da misilsiz xidmtləri olmuşdur. Hüquq elminə qadın hüquqçuların gəlişi 19-cu əsrdən başlayıb. Düzdü, ilk vaxtlar qadın hüquqçular o qeder de çox olmasa da, amma yenə də güclü, nüfuzlu hüquqçu xanımlar var idi.

Hüquq elminin inkişafında misilsiz rol oynayan qadınlara misal olaraq, ilk növbədə ilk hüquqşünas qadın Arabella Mansfildi misal göstərə bilərik.O 1869-cu ildə ilk qadın hüquqşünas kimi tarixə düşənlərdəndir.Amerika qanunlarına görə, vəkillik imtahanlarında yalnız 21 yaşına çatmış kişilər iştirak edə bilsə də, o elə həmin ildə təsadüf nəticəsində vəkillik imtahanlarında iştirak ederek bu vəzifəyə seçilmişdi.

Arabella Mansfild 1846-cı ildə ABŞ-ın Ayova ştatında anadan olmuşdur. Onun əsl adı Bella idi, amma Vesleyan universitetinə daxil olduqdan sonra Arabella adından istifadə etməyə başlamışdır. Həmin vaxtı kişilərin baş verən vətəndaş müharibəsinə göndərilməsi nəticəsində qadınların universitetlərdə müəllim kimi dərs keçməsinə şərait yaranmışdır. Bununla da ilk qadın professor kimi fəaliyyət göstərən Arabella Simpson kollecində tarix, ingilis dili, siyasət fənlərindən dərs keçməyə başlamışdır. O daha sonra vəkillik imtahanına hazırlaşmaq üçün qardaşının hüquq bürosunda iki il təhsil almış və böyük səyləri nəticəsində vəkillik imtahanından keçərək Vəkillər Kollegiyasına qəbul olunmuşdur. Beləliklə, Arabellanın bu addımı hüquq sahəsində qadınların da olmasına yol açmış oldu. Qadınların vəkil kimi fəaliyyət göstərməsinə icazə verən ilk ştat isə Aravellanın doğulduğu Ayova ştatı olmuşdur. Arabella ABŞ cəmiyyətinin bütün istiqamətlərində qadınların bərabər imkanlarının təmin edilməsi uğrunda mübarizə aparmışdır. O, 1869-cu ildə Milli Qadın Seçki Hüququ Assosiasiyasının İcraiyyə Komitəsinə qoşulmuş və qadınların seçki hüququ hərəkatında fəal iştirak etmişdir. O, burda qadınların təhsil hüququ, həmçinin seçki hüququ uğrunda kampaniyaya başlamışdır.

1911-ci ildə 65 yaşında dünyasını dəyişən ilk qadın vəkil Arabella bir çox ilkə imza atmisdir. Düzdü, onun yaşadığı dövrdə seçki hüququnda bərabərlik təmin olunmasa da onun səpdiyi toxumlar illər sonra cücərdi və bir çox sahələrdə qadın, kişi hüquq bərabərliyi təmin olundu. 2002-ci ildən Ayova Qadın Hüquqşünaslar Təşkilatı vəkilin şərəfinə”Arabella Mansfild” mükafatını təsis etmişdir.

Hüquq elminin inkişafında böyük xidməti olan qadınlara misal olaraq Türkiyənin ilk qadın vəkili, yazıçı, hüquqşünas Sürəyya Ağaoğlunu da qeyd etməyimiz mütləqdir. Türkiyədəki bir sıra ictimai təşkilatların yaranmasında xidməti olan Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada dünyaya gəlmişdir.Böyük ideoloq, hüquq professoru olan atası Əhməd bəy Ağaoğlu ilə birgə 1910-cu ildə Türkiyəyə mühacirət etmiş və uşaqlıq, gənclik illərini Türkiyə millətçi orqanları və Mustafa Kamal Atatürkün yaxın dostları yanında keçirmişdir. Hətta bir dəfə atasının vasitəçiliyi ilə Mustafa Kamal Atatürklə şəxsən görüşmə şərəfinə də nail olmuşdur.

İstanbul Qız Liseyində təhsil aldığı müddətdə Sürəyya vəkil olmaq arzusu ilə yaşamışdır. O, 1920-ci ildə İstanbul Qız Liseyini bitirmiş və 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə daxil olmaq üçün müraciət etmişdir. Amma, onun universitetə qəbul olmağında problem yaranmışdır. Bu problem ondan ibarət idi ki, həmin dövrdə hüquq fakültəsində qadın yox idi və buna görə də rektor Haldun Taner ona kömək edə bilməyəcəyini demişdir. Bunu görən Sürəyya rektorun atası Səlahəddin bəyə müraciət etmək qərarına gəlmişdir. O, Səlahəddin bəyə hüquq fakültəsinə qebul olmaq istediyini dedikdə otaqda olan digər şəxslər bu fikri qəhqəhələrlə qarşılamışdır, amma Sürəyyanın təkidi və onun özü ilə hüquqa qəbul olmaq istəyən daha 2 qadını(Melda və Bedia) gətirməsi nəticəsində məcburən qadınlar üçün ayrıca fakültə açmaq məcburiyyəti yarandı. Qadınlar üçün də hüquq fakültəsi açıldı, amma oğlanlar günortaya qədər, qadınlar isə günortadan sonra universitetə gəlməli idi. O, İstanbul Universitetinin hüquq fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Sürəyya Ağaoğlunun hüquqdakı xüsusi rolu bundan ibarətdir ki, o, Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar cəmiyyətinin ilk prezidenti olmuşdur. O, eyni zamanda Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməl qoyucusudur. O həmçinin bir sıra hüquqi məqalələrin, ”Londonda gördüklərim” və “Bir ömür də belə keçdi” kitablarının müəllifidir.

Sürəyya 1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə həyatı qurmuş, amma onların bu izdivacdan övladları olmamışdır. O, 1989-cu il dekabrın 26-da İstanbulda beyninə qan sızması nəticəsində vəfat etmişdir. Hətta onun hüquq elmindəki fəaliyyəti o qeder yüksək qiymətləndirilmişdir ki, 2003-cü ildə onun 100 illik yubileyi şərəfinə gümüş xatirə sikkələri də buraxılmışdır.

Hüquq elminin inkişafında, xüsusilə də Azərbaycan hüquq elminin inkişafında xüsusi rol oynayan qadınlardan biri və ən önəmlisi ilk Azərbaycanlı qadın hüquqşünas olan Bilqeyis Həşimzadədir. Bilqeyis Həşimzadə 1900-cü ildə Şəkidə fəhlə ailəsində doğulub. Bilqeyis iki yaşında olarkən atası dünyasını dəyişmiş və Bilqeyis fəhlə işləyən əmisi Lüti Həsən oğlunun himayəsində qalmışdır. Evdə maddi vəziyyətin ağır olması səbəbi ilə əmisi Bilqeyisi 7 yaşında ikən Rzaqulu bəyin evinə qulluqçu kimi vermişdir. Həmin dövrdə Rzaqulu bəy evinin yuxarı mərtəbəsində qızlar üçün məktəb açmışdır. Burda Nəriman Nərimanovun bacısı qızı Nabat Nərimanova dərs deyirdi. Nabat məktəbdə dərs deməklə bərabər həm də Rzaqulu bəyin evində qalırdı. Bilqeyis də Nabat xanımla yaxınlaşır, onun otağını təmizləyir və xırda işlərinə kömək edirdi. Nabat xanım isə bunun qarşılığında Bilqeyisin tərbiyəsi ilə məşğul olur və onun dərs dediyi məktəbi qurtarmasına da kömək edir. Bilqeyis pedaqoji kurs qurtarmış və pedaqoji fəaliyyətlə məşğul olmuş, 1923-1926-cı illərdə isə fəhlə fakültəsində oxumuşdur. O, müəllim işlədiyi və oxuduğu dövrdə müxtəlif ictimai vəzifələrdə fəal çalışmışdır. 1925-1928-ci illərdə Şəki Qəza Komitəsində şöbə müdiri işləmiş, 1928-ci ildə Bakıya rəhbər işə dəvət edilmişdir. 1928-1938-ci illərdə keçmiş Azərbaycan SSR Prokurorunun müavini, Azərbaycan Xalq Təsərrüfatı institutunun rektoru(1938-1941), Azərbaycan SSR Vəkillər Kollegiyası Rəyasət heyətinin sədri(1941-1945) vəzifələrində işləmişdir. 1945-ci ildə hüquq üzrə namizədlik dissertasiyası müdafiə eden Bilqeys Həşimzadə 1945-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq kafedrasının dosenti olmuşdur. Onun adı tarixə ilk azərbaycanlı hüquqşünas qadın, ilk azərbaycanlı qadın hüquq elmləri namizədi, ilk azərbaycanlı qadın institut rektoru kimi düşmüşdür. Eyni zamanda dosent Bilqeys Həşimzadə bir çox elmi tədqiqat və publisistik əsərlərin müəllifidir. Xalqımızın qeyrətli, zəhmətkeş qızı Bilqeys xanım 1961-ci ildə Bakıda dünyasını dəyişmişdir.

Və hüquq elminin inkişafında böyük rolu olan qadınlar içərisində AMEA-nın müxbir üzvü(1989), Azerbaycanın Əməkdar hüquqşünası(1969), hüquq elmləri doktoru, professor, BDU hüquq fakültəsində “Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası”nın müdiri Mənsumə xanım Məlikovanı qeyd etməmək olmaz. Hüquq elminin inkişafında böyük xidmətləri olan və hələ də bu sahədə fəaliyyət göstərən Mənsumə xanım hüquq elminə saysız-hesabsız töhfələr vermişdir.

Mənsumə Məlikova 1929-cu ilin noyabrın 22-də Bakıda anadan olmuşdur. Mənsumə Fazil qızı Məlikova 1958-ci ildə M.V.Lomonosov adına MDU-da “M.F.Axundovun ictimai siyasi baxışları” mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə ”19-cu əsrin ikinci yarısı-20-ci əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Mənsumə Məlikova bir çox dərs vəsaiti, dərslik və monoqrafiyanın, həmçinin 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Onun rəhbərliyi altında 20 namizədlik, 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Professor Məlikovanın fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyasi və Hüquqi təlimlər tarixinin, Dövlət və Hüquq nəzıriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. O, Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir və ilk dəfə olaraq milli siyasi və hüquqi fikir tarixinin öyrənilməsinin əsasını qoymuşdur və hüquqşünaslıqda yeni bir istiqamətin bünövrəsini yaratmışdır.

Mənsumə xanım Məlikova Azərbaycanda ilk dəfə 1991-ci ildə nəşr olunmuş “Hüquq ensiklopedik lüğəti” nin tərtib edilməsində baş redaktor qismində çıxış etmişdir. Həm də burda böyük müəlliflər kollektivinə rəhbərlik etmiş və bu lüğətdəki 80-dən artıq məqalənin müəllifi olmuşdur. Mənsumə xanım həmçinin bir çox monoqrafiya, elmi jurnal və dərsliklərin elmi redaktorudur.

Həmçinin professor Məlikova tərəfindən ilk dəfə yazılan “Azərbaycan siyasi hüquqi nəzəriyyələr tarixi”, ”Kitabi dədə qorqudda ictimai siyasi ideyalar” monoqrafiyaları ölkədə hüquq elminin inkişafına xidmət etmişdir.

Mənsumə Fazil qızı Məlikova bu böyük, diqqətəlayiq xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür. Bunlara misal olaraq, 1969-cu ildə verilən“Azərbaycan SSR Əməkdar hüquqşünası” fəxri adı, 1976-cı ildə verilən “Şərəf nişanı”ordeni, 1985-ci ildə verilmiş “Əmək veteranı”medalı, bir neçə fəxri fərmanlar, həmçinin 1994, 1999, 2004-cü illərdə verilən AMEA-nın fəxri fərmanlarını göstərmək olar.

Gördüyünüz kimi, hüquq elminin inkişafında xidməti olan qadınlar heç də az deyil. Demək olar ki, kişilər qədər qadinlar da hüquq elminə dəyərli töhfələr vermişdir. Qadinlarin hüquq elmindəki rolunun gələcək zamanda daha çox olacağına isə ümidimiz çoxdu. Çünki keçən əsrdə qadınların hüquq oxumağı hallarına yaxşı baxılmamasına, çox az sayda qadının hüquq oxumasina rəğmən belə bacarıqlı hüquqçu qadınlarımız yetişə bilibsə, indiki dövrdə hüquq oxuyan tələbələr içərisində qadınların üstünlük təskil etməsini də nəzərə alsaq, anlaya bilərik ki, gələcəkdə qadinlar hüquqa daha da çox töhfələr bəxş edə biləcəklər və hüquq elminin inkişafında daha çox rol oynayacaqlar.

Fidan Musayeva

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin I kurs tələbəsi

Qeyd: Məqalə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi tərəfindən keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan məqalə müsabiqəsində I yerə layiq görülüb.

Oxşar xəbərlər