Qanunvericilikdə hansı hallar işçiyə qarşı ayrı-seçkilik kimi qiymətləndirilir?

Bəzi işçilər iş yerlərində müəssisə rəhbərliyi və digər şəxslər tərəfindən ayrı-sekiliyə məruz qalır


  • 19 Fevral 2020 15:45

Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi faktı əks olunub. Lakin buna baxmayaraq, bəzi işçilər iş yerlərində müəssisə rəhbərliyi və digər şəxslər tərəfindən ayrı-seçkiliyə məruz qalır. Bəs işçilər bu halda hansı addımı atmalıdırlar? Ümumiyyətlə, hansı əməllər ayrı-seçkilik kimi qiymətləndirilir?

E-huquq.az-ın məlumatına görə, Əmək Məcəlləsinin 16-cı maddəsində bu barədə geniş izah verilir. Belə ki, əmək münasibətlərində ayrı-seçkiliyin təsnifatı aşağıdakı kimidir:

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.

Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir. [29]

2. Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.

3. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.

4. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

Oxşar xəbərlər