- 24 Aprel 16:47
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edilir və bu sahədə yaranan digər münasibətlər tənzimlənir.
E-huquq.az-ın məlumatına görə, bu qanunun 7-ci maddəsində müavinətlərin təyin olunması şərtləri göstərilir.
Həmin maddəyə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir:
- Dövlət qulluqçularına ömürlük müavinət - "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda;
- Yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
- Əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
- Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda;
- Ailə başçısını itirməyə görə müavinət:
- Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
- Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda;
- 3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda;
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət bəzi kateqoriya şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu almaq hüququ müəyyən edildikdə;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda;
- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - ailənin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda;
- İşsizlik müavinəti - şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz statusu aldıqda;
- Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət – “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda;
- Beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda;
- Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin radiasiya qəzası nəticəsində əlil olduğunu və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı təqdim edildikdə;
- Uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə;
- Dəfn üçün müavinət - “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə.