- 18 İyun 17:10
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Bu Qanunun 13-cü maddəsində sığorta ödənişinin təyin edilməsi şərtləri və müddəti öz əksini tapıb.
E-huquq.az-ın məlumatına görə, sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə aparılır.
Bu ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir:
- İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə;
- İşsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə;
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış bu Qanunun 13.2.2-ci ( işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslər) maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur.
Kimlərin sığorta ödənişini əlavə və ya təkrar almaq hüququ var?
- Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) bu Qanunun 13.2.1-ci (işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər) və 13.2.2-ci (işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslər) maddələrində nəzərdə tutulmuş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ vardır.
- İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır.
Sığorta ödənişi hansı müddətə təyin edilir?
- Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
- Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz.
- Sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci (işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər) və 13.2.2-ci (işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 3 il sığorta stajı olan əmək qabiliyyətli şəxslər) maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.