Mediasiya Şurası İxtisas Komissiyasının Əsasnaməsi təsdiq edildi


  • 30 Dekabr 2021 17:31

Mediasiya Şurası İdarə Heyətinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə Mediasiya Şurası İxtisas Komissiyasının Əsasnaməsi təsdiq edilib.

E-huquq.az xəbər verir ki, Əsasnamə Azərbaycan Respublikasının mediasiya sahəsində qanunvericiliyinə uyğun olaraq hazırlanıb və Mediasiya Şurasının İxtisas Komissiyasının yaradılması, fəaliyyət qaydalarını və səlahiyyətlərini müəyyən edir.

Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikası Mediasiya Şurasının Ümumi Yığıncağının, İdarə Heyətinin qərarlarını və sözügedən Əsasnaməni rəhbər tutur.

Əsasnamədə yenilik ondan ibarətdir ki, Komissiya Şuranın İdarə Heyəti tərəfindən mediatorlar arasından təyin edilmiş 7 üzvdən ibarət tərkibdə təşkil edilir. Əvvəlki tərkib 5 nəfərdən ibarət idi. Amma yeni qaydalara görə, İxtisas Komissiyasının təkibinə daha iki nəfərin Mediasiya Şurasının İdarə Heyətinin qərarı ilə təyin edilməsi nəzərdə tutulur.

Komissiyanın Əsasnaməsinə görə, Komissiya mediasiyanın təbliği və inkişafı ilə bağlı tədbirlərdə, mediasiya sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsində iştirak edəcək, dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak edəcək. Eyni zamanda mediasiya sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər verəcək.

Bundan əlavə, Komissiya mediatorların fəaliyyətinə metodiki köməklik göstərəcək, mütəmadi təhlillər aparacaq, məlumatlandırıcı və təlimatlandırıcı vəsaitlər hazırlayacaq. Mediator fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının keçirilməsi ilə əlaqədar mediasiya təlimi qurumları ilə koordinasiyalı fəaliyyət göstərilməsini təmin edəcək.

Oxşar xəbərlər