Rəsmi Bakı: Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub


  • 13:59

Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumunda "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu gün qlobal enerji təhlükəsizliyinə xidmət edir və eyni zamanda, region ölkələrinin maraqlarını təmin edir.

O qeyd edib ki, Ermənistan–Azərbaycan münaqişəsinin həlli regional baxımdan xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan bu prosesdə liderlik nümayiş etdirib və münaqişə artıq keçmişdə qalıb. Ölkəmiz siyasi, hərbi və hərbi-siyasi vasitələrlə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır və ötən ilin avqustunda ABŞ rəhbərliyinin iştirakı ilə müvafiq saziş ilkin olaraq paraflanıb.

Hikmət Hacıyev bildirib ki, 30 il ərzində ATƏT-in Minsk qrupu tərəfindən regiona kənardan tətbiq edilən həll modeli nəticəsiz qalıb: “Bu, bir daha göstərir ki, regionda real nəticələrə yalnız yerli sahiblik və liderlik yolu ilə nail olmaq mümkündür”.

O əlavə edib ki, hazırda regionda yeni status-kvo formalaşıb və Cənubi Qafqaz sülh mərhələsinə daxil olub. Bununla yanaşı, Hikmət Hacıyev yaxın coğrafiyada yeni münaqişə ocaqlarının yarandığını da qeyd edib.

Hikmət Hacıyev regional bağlantı layihələrinin əhəmiyyətinə də toxunaraq bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə Transxəzər nəqliyyat layihələrini inkişaf etdirir.

Onun sözlərinə görə, bu istiqamətdə Bakı–Tbilisi–Qars dəmir yolu mühüm rol oynayır və Zəngəzur dəhlizi əlavə imkanlar yarada bilər.

Prezidentin köməkçisi vurğulayıb ki, regional sahiblik təcrid demək deyil, əksinə, bu yanaşma digər regionlarla əməkdaşlıq üçün geniş platforma yaradır.

mənbə: apa

Oxşar xəbərlər