- 20:46
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə e-huquq.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, Sahibə Qafarova bu cür təmaslar zamanı parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılığa gəlindiyini söyləyib. Tərəflər həmçinin beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.
Səfərə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirən Toni MakKormak qeyd edib ki, parlamentlərimiz arasında daha sıx əlaqələrin qurulması üçün imkanlar mövcuddur. O, bu cür səfər və təmasların da bu məqsədə xidmət etdiyini söyləyib.
Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini bildirən spiker Sahibə Qafarova deyib ki, bu kimi beynəlxalq tədbirlərdə Azərbaycan özünün dünyaya baxışlarını da təqdim edir.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi haqqında da fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.