"İqtisadi Əməkdaşlıq Təşkilatının 26-cı iclası üzv dövlətlərlə əməkdaşlığımızın daha da güclənməsinə mühüm töhfə verəcək"


  • 24 Yanvar 2023 14:04

"Bu gün Azərbaycanın ən çox önəm verdiyi təşkilatlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Təşkilatın Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclası və Azərbaycan xarici işlər nazirinin burada keçirəcəyi görüşlər üzv dövlətlərlə əməkdaşlığımızın daha güclənməsinə mühüm töhfə verəcək".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan bir sıra nüfuzlu təşkilatlarla əməkdaşlığı uğurla inkişaf etdirir.

"Ölkəmiz bu gün ayrı-ayrı dövlətlərlə sıx əməkdaşlıq edir, eyni zamanda müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı möhkəmləndirir. BMT, Qoşulmama Hərakatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və sair mötəbər qurumlarla əlaqələrimiz genişləndirilib. İqtisadi Əməkdaşlıq Təşkilatı da bu qəbildəndir. Bu Təşkilat özünün potensialı və gücü ilə seçilir. Quruma bir sıra region dövlətləri üzvdürlər və Azərbaycan da həmin dövlətlərlə əməkdaşlıqda maraqlıdır. Burada həm siyasi, həm də iqtisadi maraqlarımız var. İqtisadi Əməkdaşlıq Təşkilatının bugünkü iclası da gələcək planların müzakirəsi ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da vacibdir. Bu baxımdan hesab edirəm ki, həm önəmli ikitərəfli görüşlər, həm də regionu düşündürən məsələlərin müzakirəsi üçün faydalı olacaq", - C.Məmmədov qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər