E-huquq.az – 7 ilin uğur yolu: hüquqi informasiya məkanında etimad və liderlik


  • 15:27

Bu gün Azərbaycanın hüquq ictimaiyyətində özünəməxsus mövqeyi ilə seçilən e-huquq.az informasiya portalının fəaliyyətə başlamasından 7 il ötür.

2019-cu il 1 may tarixində fəaliyyətə başlayan e-huquq.az qısa müddət ərzində hüquqi və ictimai-siyasi sahələr üzrə operativ, obyektiv və peşəkar informasiya təqdim edən aparıcı media platformalardan birinə çevrilib. Portalın yaradılması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının yeni mərhələsi ilə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş şəffaflıq və hüquqi maarifləndirmə siyasəti ilə sıx bağlıdır.

E-huquq.az fəaliyyəti möhkəm hüquqi baza üzərində qurulub. Portalın hüquqi şəxsi olan “E-HUQUQ” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb və bu gündən etibarən sistemli fəaliyyətə başlayıb. 2 mart 2023-cü il tarixində isə portal Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən Media Reyestrində rəsmi qeydiyyata alınaraq media subyekti kimi dövlət səviyyəsində tanınıb. Bu fakt e-huquq.az-ın artıq yalnız informasiya platforması deyil, institusional və hüquqi statusa malik peşəkar media qurumu olduğunu təsdiq edir.

Portalın fəaliyyəti müxtəlif dövlət və nüfuzlu qurumlar tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. İnformasiya təminatında səmərəli əməkdaşlığa görə rəsmi təşəkkürnamələr və mükafatlarla təltif olunub. Bu, e-huquq.az-ın həm peşəkarlıq səviyyəsinin, həm də media və dövlət qurumları ilə effektiv əlaqələrinin göstəricisidir.

E-huquq.az oxuculara təqdim etdiyi aktual və faydalı məlumatlarla ictimai etimad qazanıb, vətəndaşların hüquqi biliklərin artırılmasına mühüm töhfə verib. Bu 7 il ərzində əldə olunan nailiyyətlər komandamızın əzmli və məqsədyönlü fəaliyyətinin əyani sübutudur.

Bu gün e-huquq.az yalnız xəbər saytı deyil. Portal hüquqi maarifləndirmə platforması, analitik hüquqi fikir mərkəzi, hüquq ictimaiyyətinin informasiya tribunasına çevrilib. Onun əsas oxucu auditoriyasını vəkillər, hakimlər, hüquqşünaslar, dövlət qulluqçuları və hüquq-mühafizə orqanlarının əməkdaşları təşkil edir ki, bu da portalın yüksək peşəkar və etibarlı auditoriyaya malik olduğunu göstərir.

E-huquq.az-ın fəaliyyəti yalnız informasiya yayımı ilə məhdudlaşmır. Portalın inkişafı strateji yanaşma əsasında qurulmuş, onun bazar mövqeyi və gələcək perspektivləri müstəqil ekspertlər tərəfindən də təhlil edilmişdir. Bu isə layihənin davamlı və uzunmüddətli inkişaf modelinə malik olduğunu göstərir.

Bu əlamətdar gün münasibətilə ilk növbədə e-huquq.az portalının formalaşmasında və inkişafında böyük zəhməti olan kollektivə dərin təşəkkürümü bildirirəm.

Portalın ilk günlərində göstərilən dəstək xüsusi əhəmiyyət kəsb edib. Bu baxımdan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən göstərilən diqqət və dəstəyi xüsusi qeyd etmək istərdim. Eyni zamanda Baş Prokurorluğa, digər dövlət qurumlarına, ictimai və özəl təşkilatlara göstərdikləri əməkdaşlıq və dəstəyə görə minnətdarlığımı ifadə edirəm.

Əminəm ki, e-huquq.az bundan sonra da öz fəaliyyətini daha da genişləndirərək hüquqi dövlət quruculuğu prosesinə töhfə verəcək, ictimai nəzarət funksiyasını gücləndirəcək, obyektiv və operativ informasiya siyasətini qoruyacaqdır.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü

Hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər