"Dövlət hesabına vəkillə təmin olunacaq şəxslərin əhatə dairəsinin müəyyənləşməsi sui-istifadə hallarının qarşısını alacaq"


  • 8 Sentyabr 2023 12:28

Məlum olduğu kimi, bir müddət öncə Mülki Prosessual Məcəllədə edilən dəyişikliklə dövlət hesabına vəkillə təmin olunacaq şəxslərin əhatə dairəsi müəyyənləşib. Məcəlləyə edilmiş dəyişikliklə "Vəkilin prosesdə dövlət hesabına iştirakı" adlı yeni 67-1-ci maddə əlavə edilib. Yeni maddəyə əsasən, Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir.

Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə e-huquq.az-a açıqlamasında bu dəyişikliyin ədalət mühakiməsinin səmərəliliyinə mühüm töhfə verəcəyini deyib.

"Hər kəsə məlumdur ki, əvvəllər dövlət hesabına peşəkar hüquqi yardım mexanizmi yalnız cinayət mühakimə icraatında geniş tətbiq olunurdu. Mülki Prosessual Məcəllənin əvvəlki redaksiyasında isə belə deyilirdi: Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Lakin əvvəlki redaksiyada konkret olaraq hansı şəxslərin, hansı kateqoriyadan olan subyektlər dairəsinin bu hüquqdan yararlana biləcəyi dəqiq göstərilməmişdi. Bu da qeyri-müəyyənliyə səbəb olurdu. Ümumiyyətlə dövlət hesabına hüquqi yardım göstərilməsinə dair müddəaların mülki prosessual hissəsi, necə deyərlər, natamam və qeyri dəqiq idi. Mülki Prosessual Məcəlləyə yeni əlavəyə əsasən, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Göründüyü kimi, artıq əsas şərtlərdən biri odur ki, müvafiq kateqoriyadan olan şəxslərin yazılı müraciəti olsun", - deyə o bildirib.

T.Abdullazadə qeyd edib ki, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir: "Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Dəyişiklərdə vəkil qurumunun da bu proseslərə daxil edildiyini şahidi oluruq. Məhkəmə ərizəyə baxarkən, hər bir halda vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Daha sadə dillə desək, məhkəmə ya vətəndaşın bu barədə ərizəsini təmin edəcək, ya da əsaslandıraraq təmin etməyəcək".

Vəkil xatırladıb ki, məhkəmə yalnız aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir:

1) orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ( yəni, köhnə qayda ilə I və II qrup əlillər) və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;

2) insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;

3) valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;

4) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

5) müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;

6) maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.

Qeyd olunan kateqoriyadan şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Sonda isə məhkəmə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər.

T.Abdullazadə hesab edir ki, bu dəyişiklər çox mütərəqqidir və ədalət mühakiməsinin səmərəliliyinə öz töhfəsini verəcək: "Yeni dəyişikliklərlə qeyri-müəyyən subyektlərin dairəsinin bu hüquqdan sui-istifadə hallarının qarşısını alınıb, pulsuz hüquqi yardıma həqiqətən ehtiyacı olan şəxslərin dairəsi konkret olaraq müəyyənləşdirilib, mülki prosessual qanunvericiliyin müddəaları daha dəqiq şəkildə təsbit olunub. Hüquqda qeyri-müəyyənlik yolverilməzdir. Dəqiq göstərilməmiş qanun müddəaları məsuliyyət yarada bilməz, eyni zamanda şəxslər üçün hüquqi imkanlar da doğura bilməz. Roma hüququndan günümüzə gəlib çıxan “Nulla poena sine lege certa” prinsipi müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilib və qanunvericilikdə təsbit olunub. Mənası, “aydın müəyyən edilmiş qanun olmadan cəza verilə bilməz” deməkdir. Bu prinsipin hazırki mövzuyla əlaqəsi ondan ibarətdir ki, şəxsi düşüncəmə görə, ümumiyyətlə qanunda dəqiq və aydın göstərilməmiş şey nəinki məsuliyyət yaratmır, vəzifələr müəyyən etmir, hətta qeyri-müəyyən olan norma hüquq və azadlıqların realizə olunmasını da “iflic” edir. Məhz bu səbəbdən Mülki Prosessual Məcəlləyə edilən bu konkret dəyişiklikləri təqdirəlayiq hesab edirəm".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər