Enerji böhranı yeni mərhələdə - Ekspertdən xəbərdarlıq


  • 16:16

İran və ABŞ arasında davam edən müharibə dünya iqtisadiyyatına ciddi ziyan vurmaqla yanaşı, neft bazarlarını da öz təsiri altına alıb. Bir aydan artıq müddətdir davam edən müharibə ilk növbədə qlobal enerji təchizatına və qiymətlərinə təsir etdi. Xüsusən, neft qiymətlərində müşahidə olunan sürətli artım bunun ən bariz nümunəsidir. Qiymətlər artıq 100 dollar həddini keçib və bu artımın daha da davam edəcəyi gözlənilir. Azərbaycan da neft istehsalçısı olaraq bu proseslərdən kənarda qalmır. Belə ki, dünya bazarındakı qiymət dəyişikliklərindən bizə də pay düşüb. Artıq "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,3 ABŞ dolları və ya 3,36% artaraq 132,35 ABŞ dollarına yüksəlib.

Maraqlıdır qiymət artımları qlobal enerji bazarına nə vəd edir? Dövlət büdcəsində neftin qiymətinə yenidən baxıla bilərmi?

Mövzu ilə bağlı e-huquq.az-a danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, hazırkı enerji böhranı həm təbiətinə, həm də nəticələrinə görə əvvəlki enerji böhranlarından köklü şəkildə fərqlənir.

"Hörmüz boğazı səmərəli ehtiyat hasilat gücünün və qlobal neft bolluğu ilə bağlı uzun müddətdir mövcud olan inamı pozdu. Əslində isə neft bazarları bir müddətdir ki, ciddi fiziki məhdudiyyətlərlə idarə edilirdi. Hörmüz boğazında yaranmış vəziyyət neft bazarlarının çox məhdud ehtiyat hasilat gücü və kövrək tədarük zənciri ilə işlədiyini ortaya qoydu. Hətta Beynəlxalq Enerji Agentliyinin təşəbbüsü ilə Strateji Neft Ehtiyatlarından 400 milyon barrel xam neftin aktiv istehlaka buraxılması ilə bağlı qərar belə artan neft qiymətlərini aşağı sala bilmədi. Çünki Strateji Neft Ehtiyatlarından istehlaka buraxılacaq neft həcmləri fiziki neft bazarlarında yüngül-orta, ağır-ağır neft balansını tənzimləmək gücündə deyil. Bu uyğunsuzluq, tarazılığın pozulması Asiya bazarlarındakı emal güclərində qabarıq şəkildə özünü biruzə verməkdədir. Ümumiyyətlə, hazırkı enerji böhranı həm təbiətinə, həm də nəticələrinə görə əvvəlki enerji böhranlarından köklü şəkildə fərqlənir. Çünki o, artıq ənənəvi neft böhranı deyil, qlobal enerji sisteminin təməlinə təsir edən mürəkkəb neft böhranıdır. Belə ki, bu böhran vahid enerji dəhlizinin pozulması nəticəsində yaranmış böhrandır. Nəhayət, müharibə bitmədikcə və ya Hörmüz boğazının etibarlı şəkildə fəaliyyəti bərpa edilməsə, neft qiymətlərinin davamlı enişi mümkün deyil və qiymət enmələri tezliklə baş verməyəcək", - deyə Z.Vəliyev qeyd edib.

Ekspert bildirib ki, Azərbaycan dünya neft qiymətlərinin artımından əsas faydalanan ölkələr sırasındadır: "Yaxın Şərqdəki böhran, 841 milyard barel təsdiq edilmiş neft ehtiyatına malik 6 Körfəz ölkəsinin - Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İran, İraq və Omanın gündəlik 25,1 milyon barel neft istehsalını təhdid altına alıb. Eyni zamanda körfəz ölkələrinin aktivində olan sutkalıq emal gücü 12,9 milyon barel olan 26-dan yuxarı neft emalı zavodunun fəaliyyəti pozulub. Həm Yaxın Şərqdə, həm də Rusiya-Ukrayna cəbhəsində hərbi əməliyyatların davam etməsi, neft bazarlarında qiymətlərinin yüksək olmasına səbəb olacaq. Təbii ki, yüksək neft qiymətləri ARDNF-na daxil olmaları da artıracaq. Hazırda Azərbaycana məxsus "Azeri Light" və "BTC Blend" ixrac neft markaları "Brent etalon" neft markasına nisbətdə yüksək mükafatla satılır. Bu isə o deməkdir ki, hazırkı bazar şərtləri daxilində Azərbaycan dünya neft qiymətlərinin artımından əsas faydalanan ölkələr sırasındadır".

İqtisadçı ekspert Xalid Kərimlinin fikrincə, qiymət artımları fonunda büdcədə neftin qiymətinə yenidən baxılmaısna ehtiyac yoxdur: "Qiymət artımı müvəqqəti xarakter daşıyır. Müharibə bitəndən sonra qiymətlər kəskin azalacaq. Qiymət artımından gələn pullar Dövlət Neft Fonduna toplanır. Əlavə gəlir büdcə üçün artıq yük deyil. Bu gələn ilin büdcəsində transfertlər zamanı nəzərə alınacaq. Bu mənada neftin bu il üçün büdcədə hesablanan qiymətini dəyişməyə ehtiyac yoxdur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər