Anar Əliyev "Caspian Energy Club"un təşkil etdiyi “CEO Lunch”da iştirak edib


  • 14 Oktyabr 2021 12:20

Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Caspian Energy Club"un təşkil etdiyi ənənəvi “CEO Lunch”da iştirak edib. Tədbir çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.

Bu barədə e-huquq.az-a "Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Anar Əliyev öz çıxışında bildirib ki, “Dövlət Başçısının tapşırığı ilə ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar sosial təminat növləri üzrə ödənişlərin hər biri üzrə ciddi artım dinamikası ilə nəticələnir. Bu pozitiv tendensiyanı 2018-2020-ci illərin sosial mənzərəsində də aydın görmək olar. Xüsusilə 2019-cu ildə reallaşan islahatlar nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Artım dinamikası sosial təminat sisteminin mühüm komponenti olan pensiya təminatında da özünü göstərir. Belə ki, aparılan islahatlar nəticəsində son 3 ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb. Həmçinin son üç ildə müavinətlərin orta aylıq məbləği 95, maksimum məbləği 65 faiz artıb. Təqaüdün maksimum məbləğində 54 faiz artım baş verib və bu məbləğ 1300 manatdan 2000 manata yüksəlib.

Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST layihəsi müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin edir.

2019-cu ilin may ayından 1, 2, 3, 4 saylı Bakı və Abşeron DOST Mərkəzləri açılıb, paytaxtın bütün rayonları və Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 2025-ci ilə kimi 17 regional DOST mərkəzinin açılması nəzərdə tutulur.

Nazirlik tərəfindən proaktiv xidmətlərin tətbiqi genişləndirilir, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, “e-sosial” internet portalı və 18 alt-sistemdən ibarət olan informasiya sistemi vasitəsi ilə bir-biri ilə əlaqələndirilmiş şəkildə göstərilən sosial xidmətlərin keyfiyyəti yüksəldilir və modernləşdirilir.”

“2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas hədəflərindən biri məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsidir.

“İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunlarının qəbul olunması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində aktiv tədbirlərin səmrəliliyinin artırılmasını, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.

Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində “Məşğulluq” alt sistemi yaradılmışdır və işsiz, işaxtaran və məşğul şəxslərin reyestrini, ölkə üzrə mövcud iş yerlərinin avtomatlaşdırılmış vakansiya bankını, eləcə də məşğulluq xidmətlərinin tam elektronlaşmasını təmin edir. Hazırda bu sistem əsasında əmək və məşğulluq sahəsində məsələləri əhatə edən vahid “Əmək münasibətləri və məşğulluq” elektron sistemin istifadəyə verilməsi üzərində işlər tamamlanır.” deyə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

“COVID-19" dövründə sosial dəstək tədbirləri çərçivəsində 190 manat məbləğində birdəfəlik ödəmə proqramı 600 min şəxsi əhatə etmiş, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər) üzrə 3-cü, 4-cü, 5-ci və 6-cı dəfə ödəmə həyata keçirilib.

Ölkə Prezidentinin təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası dövründə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədi ilə haqqı ödənilən ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb.

İşsiz şəxslərin işə qəbulu zamanı işəgötürənlərin əmək haqlarına çəkilən xərclərin azalmasına xidmət edəcək əməkhaqlarının dövlət məşğulluq xidməti orqanları ilə birgə maliyyələşdirilməsi (subsidiyalaşdırılması) proqramı icra olunur.

Özünüməşğulluq proqramı genişləndirilir və 2017-ci ildə bu proqrama 1172 nəfər cəlb olunmuşdusa, 2021-ci ildə 16 min nəfərin cəlb olunması nəzərdə tutulmuşdur. Bu proqram çərçivəsində Dünya Bankı ilə layihə icra olunur və 2025-ci ilə qədər 22 min şəxsin bu proqramdan yararlanması təmin olunacaq.

Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində - minimum əmək haqqının artırılması, qeyri-formal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusilə vergi, sosial və işsizlikdən sığorta qanunvericiliyində edilmiş dəyişikliklərlə vergi və sığorta haqlarının ödənişlərinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, iqtisadiyyatda şəffaflığın artırılması və təbliğat-marifləndirmə işləri həyata keçirilmişdir. Görülən tədbirlər nəticəsində əmək müqaviləsi bildirişi sayında 366 642 (28.8%) artım baş verib.

Postmüharibə dövründə ən vacib sosial dtək tədbirlərindən biri də işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatında fəal iştirakını təşviq edən “Məşğulluq marafonu”dur. Sosial tərəfdaşlıq və milli həmrəylik prinsipindən çıxış edərək 545 işəgötürən yaradılmış elektron portal üzərindən 3 minə yaxın vakansiya yerləşdirmişdir, bu çərçivədə 866 şəxs işlə təmin olunmuşdur” deyə Anar Əliyev vurğulayıb.

O həmçinin bildirib ki, “Əmək bazarının regionlar və sahələr üzrə təhlili əsasında müxtəlif ixtisaslara olan tələbatın müəyyənləşdirilməsi, bunun əsasında ixtisaslı kadr potensialının formalaşdırılması işinin daha səmərəli təşkili məqsədi ilə Azərbaycan Respublikasında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmış, əmək bazarının müxtəlif aspektlərdə, o cümlədən həm demoqrafik, həm də kəmiyyət və keyfiyyət parametrləri əsasında təhlili və proqnozlaşdırılmasının aparılmasına başlanılıb.

İşçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının və davamlı inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması məqsədilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 446 peşə və kvalifikasiya standartı hazırlanaraq “e-sosial.az” portalında bütün maraqlı tərəflərin, o cümlədən işəgötürənlərin istifadəsinə verilmişdir. Cari ilin sonun onların sayının 1000-ə çatdırılması hədəflənmişdir.
Ölkədə əmək, məşğulluq, sosial müdafiə və təminat sahəsində həyata keçirilən siyasətin sosial tərəfdaşların iştirakı ilə formalaşdırması məqsədilə Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılmış və uğurla fəaliyyət göstərir. Sosial və iqtisadi sahədə qəbul olunacaq bütün qərarlar və qanunvericilik aktları Komissiyada mütəmadi müzakirə olunur”.

Daha sonra Anar Əliyev “CEO Lunch” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.

"Caspian Energy Club"ın sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə nazir müavini Anar Əliyevə təşəkkür edərək qeyd edib ki, “Pandemiya dövrü ərzində Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi ilə birgə "Caspian Energy Club" tərəfindən 10-dan çox Online B2G Forum keçirilib. Bu görüşlərin sırasında cənab nazir Sahil Babayevin iştirakı ilə keçirilən 4 saat davam edən "Online B2G" forum xüsüsi yer alır. Sahibkarlar üçün həssas olan dövürdə Əmək və Əhalinin Sosial müdafiəsi nazirliy tərəfindən göstərilən diqqət və dəstəy əvəzolunmaz idi.”

Telman Əliyev, həmçinin Əmək və Əhalinin Sosial müdafiəsi nazirliy və "Caspian Energy Club" arasında birgə ikitərəfli işçi qrupunun mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"ın əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Oxşar xəbərlər