Xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə sürücünün saxlanması qanunidirmi? - Hüquqi Şərh


  • 22 Sentyabr 2021 19:52

Xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandırmaq qadağındır.

Bu qadağa bilavasitə İnzibati Xətalar Məcəlləsinin (İXM) 122.5-ci maddəsində də öz əksini tapır. Bir çox hallarda sürücülər bu tip inzibati xətalara görə saxlanılır və törədilmiş inzibati xəta onlara izah olunur. Xüsusilə də DYP postlarında və şəhər ətrafı avto-magistrallarda bu hallara çox rast gəlinir, sürücülərin nəqliyyat vasitələri saxlanılaraq, onların qayda pozduqları və törədilmiş inzibati xətanın radar və ya kamera vasitəsilə aşkar olunduğu bildirilir.

Bununla bağlı ilk öncə qeyd etmək zəruridir ki, İXM-nin 122.1-ci maddəsində konkret olaraq hansı inzibati xətaların ( 327.1, 328 və s) foto və ya video-qeydiyyat vasitəsilə aşkar olunduğu qeyd olunur. Həmin siyahıdan kənar digər inzibati xətalar bilavasitə DYP əməkdaşı tərəfindən aşkar edildikdə, törədilmiş inzibati xətaya görə protokol tərtib edilə bilər. Əks halda sürücünün məsuliyyəti istisna edilir.

Həmçinin İXM-nin 122.5-ci maddəsinə əsasən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Yəni sürücünün törətdiyi qayda pozuntusunu DYP əməkdaşı bilavasitə aşkar etməmişdirsə, həmin inzibati xətaya görə sürücünün nəqliyyat vasitəsini saxlamaq qadağandır.

Lakin bu hal sürücünün inzibati məsuliyyətdən azad edilməsi demək deyil. Törədilmiş inzibati xəta ilə bağlı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir.

Fərid Məmmədli

Vəkillər Kollegiyasının üzvü, "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər