Qanunvericiliyə görə işçiyə maaş ayda neçə dəfə verilməlidir?


  • 21 Oktyabr 2021 14:28

"İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını Əmək Məcəlləsində müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur".

Bunu e-huquq.az-a açıqlamasında ekspert Aytac Qurbanova deyib.

O bildirib ki, əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir: "Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir".

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan, öz işinə görə minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Minimum əmək haqqı aylıq olaraq hesablanır.

"Kollektiv müqavilələrdə (razılaşmalarda) minimum əmək haqqının daha yüksək miqdarları müəyyən edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 192.3.-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir", - deyə o bildirib.

A.Qurbanova əlavə edib ki, dünyanın müxtəlif ölkələrində dövlətin müəyyən etdiyi minimum əmək haqqı kimi bir sosial təminatı mövcuddur: "Fəaliyyət növündən asılı olmayaraq bütün işəgötürənlər tərəfindən işçilərinə ödənilən haqdır. Dünya ölkələrində minimum əmək haqqının miqdarı fərqlidir, lakin bu, mütləq qanunvericilikdə təsbit edilməlidir. Bazar iqtisadiyyatının və müxtəlif mülkiyyət formalarının mövcud olduğu şəraitdə minimum əmək haqqı anlayışı olduqca əhəmiyyətli bir rol oynayır. Qanunvericilik səviyyəsində bu anlayışın yaranması 1896-cı ildə Avstraliyada başladı. Məhz o zaman sahibkarlardan, müxtəlif ixtisasda işçilərdən və ictimaiyyətdən ibarət xüsusi şuralar yaradıldı. Daha sonra XX əsrin əvvəllərində İngiltərə, Fransa, Hollandiya, Norveç, Almaniya, İspaniyada bu mövzuda qanunlar qəbul etməyə başladılar".

Ekspert onu da bildirib ki, bu gün bir çox ölkələr ticarət əlaqələrini aktiv şəkildə genişləndirir və ixtisaslı xarici mütəxəssis çatışmazlığı yaşayırlar.

"Eyni zamanda, əcnəbi mütəxəssislərə çox yaxşı iş şəraiti və layiqli əmək haqqı təklif olunur. Ən yüksək maaşlar əsasən inkişaf etmiş Avropa ölkələrindədir. ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Küveyt, BƏƏ, Qətər, İsrail və Koreya Respublikasını da vurğulamaq olar. Bu ölkələrdə orta əmək haqqı ayda 3-7 min dollar arasında dəyişir", - deyə A.Qurbanova vurğulayıb.

Oxşar xəbərlər