Avropa Məhkəməsinə şikayət vermə müddətinin sonuncu günü qeyri-iş gününə düşərsə, şikayət hansı tarixdə göndərilməlidir?


  • 26 May 2022 15:52

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin müddəti ilə bağlı bəzən problemlər yaranır, müəyyən suallar ortaya çıxır. Məsələn, siz Avropa Məhkəməsinə şikayət vermək istəyirsinizsə və həmin şikayətin verilməsinin sonuncu günü qeyri-iş gününə düşərsə, bu halda şikayətin sonuncu günü hansı gün sayılır? Həmin gün yoxsa ondan sonrakı ilk iş günü şikayət Avropa Məhkəməsinə göndərilməlidirmi?

Mövzunu e-huquq.az-a Vəkillər Kollegiyasının üzvü Fariz Namazlı şərh edib:

Azərbaycan qanunvericiliyi ölkədaxili məhkəmələrə şikayətin verilməsinin sonuncu gününün hansı günə düşməsi halında şikayətin hansı tarixdə verilməli olmasını aydın göstərib. Müddətin sonuncu günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün nəzərə alınır (Mülki Məcəllənin 370.2-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsi, Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsi).

Bu qayda həmçinin bir sıra beynəlxalq sənədlərdə və əksər ölkələrin qanunvericiliyində əksini tapıb. Müddətlərin hesablanmasına dair Avropa Konvensiyasının 5-ci maddəsinə görə, müddətlər hesablanarkən şənbə, bazar və rəsmi qeyri-iş günləri nəzərə alınır. Lakin hər hansı hərəkətin edilməsi üçün nəzərdə tutulan müddətin sonuncu günü şənbə, bazar və rəsmi qeyri-iş gününə düşərsə, müddətin sonuncu günü növbəti iş gününə keçirilir. Avropa Şurasının yalnız 4 üzvü həmin Konvensiyanı ratifikasiya edib.

İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinə görə, məhkəmə yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər və iş üzrə son qərarın çıxarıldığı tarixdən sonrakı dörd ay (2022-ci ilin fevral ayının 1-nə qədər qəbul edilmiş ölkədaxili qərarlar üzrə 06 ay) ərzində işi baxılmağa qəbul edə bilər. Əgər iş üzrə sonuncu məhkəmə instansiyasının qərarının çıxarıldığı gündən şikayətin verilməsi üçün nəzərdə tutulan 04 aylıq müddət qeyri iş günü bitərsə və siz şikayəti növbəti iş günü ərzində vermək niyyətindəsinizsə, təəssüf ki, Avropa Məhkəməsi sizin şikayəti qəbuledilməz elan edəcək. Şikayət vermə müddəti hansı gün sona çatırsa, həmin tarixə qədər şikayət verilməlidir.

Avropa Məhkəməsi “Sabri Güneş Türkiyəyə qarşı” işdə bu nəticəyə gəlib. Həmin işdə Ərizəçi Konvensiyanın 6.1-ci maddəsinin pozuntusuna dair Avropa Məhkəməsinə müraciət edib. Ölkədaxili sonuncu məhkəmə qərarından şikayətin verilməsi üçün nəzərdə tutulan 06 aylıq müddət həftənin bazar günü sona çatdığından, Ərizəçi şikayətini növbəti gün, yəni bazar ertəsi Avropa Məhkəməsinə göndərib. Avropa Məhkəməsinin 2-ci Seksiyası 24 may 2011-ci ildə bu şikayətə baxaraq qeyd etdi ki, üzv-dövlət 06 aylıq müddətə əməl edilməməsinə istinad etməsə də, Məhkəmə şəxsi təşəbbüsü (ex-officio) ilə bu məsələyə baxa bilər. Məhkəmə hesab edib ki, ərizəçi milli qanunvericilik və təcrübəyə uyğun olaraq bazar günündən sonra ilk iş günü ərzində şikayəti göndərdiyinə görə tənqidə məruz qala bilməz. Türkiyə qanunvericiliyinə görə, əgər müddətin sonuncu günü (dies ad quem) istirahət gününə düşərsə, həmin müddətin bitməsi növbəti iş gününə keçirilir. Buna görə də onun şikayəti qəbul edilən hesab edilib və konvensiyanın 6.1-ci maddəsinin pozuntusu tanınıb. Üzv-dövlətin tələbinə əsasən iş baxılması üçün Böyük Palatanın baxışına verilib.

Böyük Palata fərqli fikirdə olub. Böyük Palata bu məsələ ilə bağlı özünün formalaşmış təcrübəsinə istinad edərək göstərib ki, 06 aylıq müddətin hesablanması üzv-dövlətlərin daxili qanunvericiliyində göstərilən əsaslara deyil, konvensiya kriteriyalarına söykənir. Belə yanaşma ədalət mühakiməsinin həyata keçirilməsinə, insan hüquqlarının müdafiəsinin konvensiya mexanizminin formalaşmasına yönələn hüquqi müəyyənliyi təmin edir. Əgər Avropa Məhkəməsi dies ad quem-in müəyyən edilməsi zamanı daxili qanunvericiliyin normalarını və hüquq təcrübəsini əsas götürsəydi, o zaman bütün 47 üzv dövlətin hər birinin qeyri iş günlərinin siyahısını tərtib etməli idi. Bu isə hər bir ölkədə fərqlidir.

Bundan əlavə, Məhkəmə müddətlərin hesablanması haqqında Avropa Konvensiyasının 5-ci maddəsini də nəzərə alır, lakin hüquqi müəyyənlik tələbinə uyğun olaraq Avropa Şurasının üzv dövlətləri arasında müddətlərin hesablanmasına dair ümumi razılığın olması nəticəsinə gəlmək çətindir. Buna görə də Böyük Palata əvvəlki təcrübəsindən fərqli yanaşmanın tətbiq edilməsinə zərurət görməyib. Beləliklə, Avropa Məhkəməsinin Böyük Palatası belə nəticəyə gəlib ki, şikayətin sonuncu günü hansı tarixə düşürsə, həmin gün şikayətin verilməsinin sonuncu günü hesab edilir.

Oxşar xəbərlər