Şəxsin xəbəri olmadan qeydə alınmış səs yazısı məhkəmədə sübut kimi qiymətləndirilə bilərmi?


  • 6 İyun 2022 16:38

İnternet və sosial şəbəkələrin mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Son zamanlar cəmiyyəti maraqlandıran suallardan biri də məhkəmədə səs yazısının sübut kimi qəbul edilməsi ilə bağlıdır. Bəs şəxsin xəbəri olmadan qeydə alınmış səs yazısı məhkəmədə sübut kimi qiymətləndirilə bilərmi?

Mövzunu e-huquq.az-a "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin hüquqşünası Hicrət Hüseynzadə şərh edib:

"Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
Mülki işlər üzrə məhkəmə praktikasında uzun müddətdir belə bir fikir formalaşmışdır ki, şəxsin xəbəri olmadan qeydə alınmış səs yazısı məhkəmədə sübut kimi qiymətləndirilə bilməz və belə məlumatların qeydə alınması və təqdim edilməsi şəxsi toxunulmazlıq hüququnun pozulmasına dəlalət edir.

Mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı təcrübəyə əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

Bu məsələdə ən vacib məqamlardan biri də sübuti əhəmiyyət daşıyan və şəxsin xəbəri olmadan qeydə alınmış səs yazısını məhkəməyə təqdim etməklə tərəflərdən birinin öz prosessual hüquqlarını realizə etməsi və digər tərəfin şəxsi toxunulmazlıq hüququnun pozulması ilə “sübut” toplamaq arasındakı sərhəddin müəyyən edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən biri tərəfindən qeydə alınması və həmin şəxslər arasında yaranan məhkəmə mübahisəsi zamanı sübut kimi istifadə edilməsi məqbuldur. Şəxsi həyatın gizliliyini qorumaq məfhumu isə şəxsi həyata müdaxilə etməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qeyri-qanuni üsulla əldə edilməsinin və istifadə edilməsinin qəbuledilməz olduğunu təlqin edir.

Əkər hallarda, fiziki şəxslər borc müqaviləsini şifahi formada bağlayır və bu zaman borc alanın öhdəliyi lazımınca və vaxtında icra etmədiyi üçün işə məhkəmə müstəvisində hüquqi qiymət verilən zaman iddiaçı onunla cavadeh arasında belə bir razılaşmanın olmasını və cavabdehin öz öhdəliyini icra etmədiyini sübut etməkdə çətinlik çəkir. Bu zaman sübutetmə prosesində iddiaçının ən güclü silahı məhz onunla cavabdeh arasında qeydə alınmış telefon danışığı və ya səs yazısıdır. Qeydə alınan məlumatlar şəxsin həyatının gizli bir sahəsi olmayıb, bu məlumatları (danışığı) qeydə alan şəxslə bağladığı əqd üzrə sonradan mübahisə predmetinə çevriləcək məsələ ilə bağlı ifadə etdiyi fikirlərdirsə, həmin vədlərin (iradə bəyanlarının) sonradan təkzib olunacağı ehtimalı ilə qeydə alınması özü-özlüyündə qanunsuz hərəkət sayıla bilməz. Bu mübahisənin bir tərəfi söhbəti qeydə alan şəxs olduğu üçün mahiyyətcə o həm də mübahisəli məsələ ilə bağlı öz həyatına dair bir məqamı qeydə almış olur.

Beləliklə, şəxsin iştirak etdiyi söhbəti xüsusi qurğular vasitəsilə qeydə alması və bu yazıdan öz məqsədləri daxilində, yəni borcun etirafı, əqdin pozulmasının ifadə edilməsi və digər məsələlərin təsbiti üçün istifadə etməsi şəxsi toxunulmazlıq hüququnun pozulması kimi təfsir edilə bilməz".

Oxşar xəbərlər