Məhkəmə şəxsin barəsində onun iştirakı olmadan qərar çıxara bilərmi?


  • 9 Noyabr 2022 20:45

Vətəndaşlar bəzi hallarda onların iştirakı olmadan barələrində məhkəmə tərəfindən qətnamə qəbul edilməsindən şikayət edirlər.

Mövcud qanuna əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılır. Cavabdeh (borclu) məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

Cavabdeh (borclu) qanunda qeyd edilən müddətdə etiraz göndərirsə bu zaman hakim iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edir. Bu zaman cavabdeh (borclu) məhkəmədə dinlənilməsi üçün çağırılaraq işə onun iştirakı ilə baxılır. Cavabdeh (borclu) qanunda qeyd edilən müddətdə etirazını bildirmirsə bu zaman tərəflərin iştirakı olmadan qətnamə qəbul edir. Azərbaycan Konstitusiyasına əsasən, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Eyni zamanda hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ var.

Mülki Prosessual Məcəlləyə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

Ümid edirəm ki, bu qeyd etdiklərimi oxuduqdan sonra bəzi insanlar özlərinin məsuliyyətsizliyini qəbul edərək, bundan sonra hüquqlarını müdafiə etmək üçün məhkəmə tərəfindən göndərilən bildirişləri diqqətlə oxuyacaqlar ona uyğun addım atacaqlar.

Rahim Abıyev

Hüquqşünas

Oxşar xəbərlər