"Rəşad Dağlının cinayət məsuliyyəti daşımadığı ehtimalı da var"


  • 10 Noyabr 2022 13:36

Rəşad Dağlı işində ölüm hadisəsinin xatırlatdığı hüquqi məsələ...

Qeyd edim ki, bu yazını sırf Rəşad Dağlını nəzərdə tutan subyektiv bir yanaşma üçün deyil, əksinə, bu hadisə nümunəsində ümumi və obyektiv bir yanaşmanı ifadə etmək üçün yazıram.

Deyilənlərə görə, Rəşad Dağlı son 15 gündə 37 dəfə zəng vuraraq söyüş və təhqirlə onu duelə çağıran şəxsi öldürmüşdür. Əgər həqiqətən hadisə bu şəkildə cərəyan etmişsə, onda ümumiyyətlə, Rəşad Dağlının cinayət məsuliyyəti daşımadığı ehtimalı da var.

Belə ki, haradan baxarsaq-baxaq, insan gücü məhduddur. Yəni, istənilən bir məsələ baxımından (istər elm, istər əmək, istər səbr, istər ac qalmaq, istər yemək yeyə bilməkdə) insan gücünün bir həddi, bir qurtarma nöqtəsi vardır. Bu hədd və məhdudiyyət heç şübhəsiz, psixoloji dözümlülük, səbr və dayanma gücünə də aiddir. Hamı, yəni istisnasız olaraq hər birimiz bu psixoloji səbr və dayanma gücünün bitdiyi yerdə hər cür hərəkət edə bilərik. Yəni, bu nöqtədən sonra edilən hərəkətlərdə insanı təqsirli hesab etmək, onu təqsirə görə günahlandırmaq sadəcə olaraq həqiqətlə əlaqəsi olmayan haqsız və ədalətsiz bir yanaşmadır.

Buna görə də adətən normal bir insanın səbr və psixoloji dözüm həddini aşan hallar qaşrısında göstərdiyi reaksiyalar baxımından insanı cinayət məsuliyyətinə cəlb edib cəzalandırmaq hər şeydən əvvəl hüququn özünün mahiyyət və varlıq səbəbinə ziddir. Çünki hüquq ictimai həyatda birgə yaşayış ilə bağlı qarşıya çıxan ehtiyacları qarşılamaq üçün yaranmışdır. Yəni hüquq qaydaları sırf birgə yaşayışla bağlı davranış qaydalarını tənzimləyib nizama salmaq üçün qəbul və tətbiq edilir. Bu baxımdan hüququ yaradan (ictimai birgə yaşayışla bağlı qarşılaşılan) normal, yəni asayiş içərisində birgə yaşayışın təmin edilməsi ilə bağlı ümumi ehtiyacdır.

Bilindiyi kimi, birgə yaşayışla bağlı həyat tərzini nizmalayan bu hüquq qaydalarını pozan hərəkətlərin hamısı cinayət əməli (məsələn, yol hərəkət qaydalrının pozulması, ustanın öz işini vaxtında və ya lazımca icra etməməsi, görülən işin və ya alınan malın pulunun ödənilməməsi və s.) hesab olunmur. Ancaq hüquq qaydalarını pozan o əməl cinayət hesab olunur ki, o ictimai birgə yaşayış tərzinə çox böyük zərər vurur.

Beləliklə, bir əməlin cinayət hesab olunması üçün həmin əməl cəmiyyətdə birgə yaşayış ilə bağlı nizama əsaslı pozucu təsir göstərməli və bu səbəblə də böyük ictimai zərər və ya zərər təhlükəsi yaratmalıdır. Burada xüsusilə diqqət edilməli olan məqam odur ki, cəmiyyətdə qorunan bu nizam sırf birgə yaşayış ilə bağlı ehtiyacların qarşılamaqla əmələ gəlir.

Bu baxımdan da asayiş içərisində birgə yaşayış nizamını pozan əslində insanın psixoloji dözüm gücünün bitməsi nəticəsində göstərdiyi reaksiya deyil, onu bu hala salan hərəkət(lər)dir. Psixoloji gücün bitməsi nəticəsində edilən reaksiyaya görə cinayət məsuliyyəti yaranmazsa, onda insanı bu hala gətirən azğın xuliqan hərəkətlər də ciddi dərəcədə azalar. Və nəticədə ictimai asayiş, yəni hüququn əsl məqsədi də daha yaxşı təmin edilmiş olar.

İstintaq orqanının işçiləri və hakimlər mütləq bunu nəzərə almalıdır. Unutmayaq ki, hamımız bu səhv yanaşmanın potensial qurbanı ola bilərik.

Sərvər Süleymanlı

Hüquq üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər