Mediasiyanın tanıdığı imkanlar - MÜSAHİBƏ


  • 31 Avqust 2021 10:46

Bu həftəki müsahibimiz Mediasiya Şurasının üzvü, mediator Fərhad Mehdiyevdir. Fərhad Mehdiyev həm də beynəlxalq hüquq üzrə professor və mediasiya təlimçisidir. Mediasiyanın gətirdiyi yeniliklər, imkan və fürsətlər barəsində ona bəzi suallar soruşub cavablarını aldıq.

Müsahibəni təqdim edirik:

- Mediasiya nədir, və vətəndaşlarımıza, habelə şirkətlərə hansı imkanlar tanıyır?

- İlk baxışda mediasiya mübahisələrin həllində sanki uzadıcı, yubadıcı bir mərhələ kimi görsənə bilər. Həqiqətdə isə düzgün yanaşma olduqda, mediasiya peşəkar şəkildə aparıldıqda, tərəflərə ciddi imkanlar və fürsətlər tanıyır.
Ölkəmizdə mediasiyanın qəbul edilməsi sırf ədalət mühakiməsində müasir dünya standartlarına yaxınlaşma, ya da məhkəmələrin iş yükünü azaltma məqsədinə yönəlmir. Mediasiyanın tətbiqində bu məqsədlər olsa da, mediasiyanın daha önəmli məqsədi,- mübahisə alovlanmadan, tərəflərə daha böyük zərər vurmadan, uzanmadan mübahisənin bütün tərəfləri üçün ən optimal həll yolunun tapılmasıdır. Mediator qərar verən hakim deyil, qərarı əslində tərəflər özləri, birgə verirlər. Amma mediator bu prosessdə sıradan bir müşahidəçi də deyil, o danışıqlar prosessini idarə edir, tərəflərin həqiqi maraqlarını anlamağa kömək edir, tərəflər üçün yeni həll yolları axtarıb tapmaqda öz səylərini göstərir. Mediator, tərəflərin emosiyalarını, ambisiyalarını, maraqlarına xidmət etməyən digər faktorları kənara qoymaqla onlara həqiqi maraqlarını anlamağa yardım edir, və bu maraqların hamısını tərəflər üçün ən yaxşı şəkildə qarşılayan bir həlli ortaya çıxarır.

- Demək olarmı, ki mediator məhkəmə (hakim) kimi, ona oxşar şəkildə prosessi idarə edir?

- Mübahisələrin məhkəmədən kənar yolları metodlarına gəldikdə, məhkəməyə ən bənzər metod arbitrajdır. Ölkəmizdə hal-hazırda ancaq beynəlxalq xüsusi hüquq elementi olan kommersiya mübahisələrində arbitraja müraciət etmək mümkündür. Arbitr də tərəflərin daha əvvəl müəyyən etdiyi, ya da arbitraj qurumunun tətbiq etdiyi maddi və prosessual hüquqa görə mübahisəni həll edir. Mediator isə ümumiyyətlə özü mübahisəni həll etmədiyi kimi, mediasiya prosessində aparılan danışıqlarda bir qayda olaraq hansısa maddi hüquq tətbiq olunmur. Burda danışıqlar prosessinə tərəflərin marağı, onların danışıqlar aparma qabliyyəti, danışıqlar taktikası öz təsirini göstərir. Şübhəsiz ki tərəflər mediasiyaya gəldikdə hüquqdan çox kənarda durmamalıdır, yəni tərəflər mediasiyaya gələndə nəzərə almalıdır ki, işin məhkəməyə getməsi halında orda mübahisənin həll perspektivləri necə ola bilər, məhkəmədə onlar hansı risklər daşıyacaqlar. Habelə məhkəmə hakimi, mübahisənin həllində qanundan kənara çıxmağa haqlı olmadığı halda, mediasiyada tərəflər qanunun məcburi normalarına zidd olmamaq şərtilə, qanunla dəqiq nəzərdə tutulmasa belə öz maraqlarını təmin edən müxtəlif həll yollarını sınaya bilərlər.
Burada mediasiyanın bir başqa üstünlüyündən danışmaq lazımdır və o da, məhkəmə qərarından fərqli olaraq, mübahisənin bir dəfəlik həll olunması üçün fürsət yaratmasıdır. Mediasiya nəticəsində bağlanan sazişi tərəflər öz istəkləri ilə, könüllü şəkildə bağlayırlar, lakin onlar çox yaxşı başa düşürlər ki, bağladıqları saziş onların maraqlarına uyğundur. Məhkəmədə isə qərar adətən bir tərəfin xeyrinə, digər tərəfin əleyhinə olur, və tərəflər arasında olan ədavət də qalmağa davam edir. Mediasiya tərəflər üçün ciddi bir fürsətdir, onu ciddiyə almaq və qiymətləndirmək lazımdır.

- Vətəndaşlara və hüquqşünaslara bu məsələdə düşən vəzifə nədir?

- Vətəndaşlarımız mediasiyadan çəkinməməlidir. İlkin mediasiya sessiyasının məcburi olduğu hallardan başqa mübahisələrdə belə (məsələn müqavilə öhdəliklərinin pozulması, zərər vurulması (delikt məsuliyyəti) kimi mübahisələrdə) mediasiya yolunu sınamaqla daha tez bir müddətdə, daha az xərc çəkməklə və daha az riskə məruz qalmaqla mediasiya yoluna getməlidir. Lakin vəkillər və hüquqşünasların lazımi dəstəyi olmasa, mediasiya prosessinin tətbiqi ləngiyəcəkdir. Əvvəlcə vəkillər bilməlidir ki, onlar mediasiya prosessində tərəfin nümayəndəsi kimi danışıqlar aparmaqla da qonorar ala bilərlər və məhkəməyə getməmək onları qazancdan məhrum etmir. Təbii ki mediasiyada vəkillərin ya da hüquqşünasların istəyəcəkləri qonorar sxeması biraz fərqli olacaqdır və orada sırf iştiraka görə müəyyən məbləğ, barışıq sazişinə nail olma halında isə əlavə mükafat istənilməsi əsas metod kimi götürülə bilər. Bunun üçün vəkillər danışıqlar aparma qabliyyətlərini inkişaf etdirməlidir; qeyd edim ki bu məhkəmədəki çıxış deyil, ya da iddia ərizəsini əsaslandırma qabliyyəti deyildir. Xarici universitetlərdə “negotiations” yəni danışıqlar aparılmasını öyrədən seçmə fənlər olur. Danışıqları aparma qaydasını sadəcə mediator bilməməlidir. Tərəflərin vəkilləri ya da nümayəndələri bunu nə qədər yaxşı bacarsalar, mediasiya nəticəsində barışıq sazişi bağlama ehtimalı o qədər yüksək olur.

- Kommersiya mübahisələrində də ən azından ilkin mediasiyanın tətbiqi nəzərdə tutulur. Sahibkarlara və fiziki şəxslərə mediasiya nə kimi imkanlar tanıyır?

- Şirkətlər və sahibkarlar üçün mediasiyanın tanıdığı imkanlar və fürsətləri dəyərləndirmək üçün, onların bu imkanları anlamaları və uyğun addımlar atmalarına ehtiyac var. Burada həmin kommersiya şəxslərinin hüquqşünaslarına ciddi iş düşür. Əvvəlcə yada salaq ki, sahibkarlar müqavilələr vasitəsiylə işləyir. Mediasiyanın üstünlüklərindən yararlanmaq istəyənlər, bağladıqları müqavilələri daha detallı bağlamalı, tərəflərin öhdəliklərini, görüləcək işlərin təsvirini, malların xüsusiyyətlərini daha müfəssəl göstərməklə, prosedur qaydalarını daha dəqiq yazmaqla, mübahisələrin həlli bəndində mediasiya qeyd-şərti qoymaqla, bundan sonra müqavilələrin icrasında da diqqətli davranmaqla, öz mübahisələrinin həllində daha da söz sahibi olacaqlar, mübahisələrdə riskləri minimuma salacaqlar, və buna əlavə olaraq öz partnyorları ilə əməkdaşlıq münasibətlərini daha sağlam quracaqlar. Amma bunun üçün həmin şirkətlərdə düzgün idarəetmə sistemi, keyfiyyət standartları ciddi tətbiq olunmalıdır.

Bütün bunlardan sonra qeyd etmək istəyirəm ki, hakimlərin də iş yükü azalacaq, mediasiyadan gələn və həllini tapmayan mübahisələrdə daha keyfiyyətli və ədalətli qərarlar çıxacaqdır. Bu məsələdə mediatorlara da məsuliyyət düşür. O öz peşəsinin qaydalarına ciddi riayət etməklə, peşəkar davranmaqla, təcrübəsini dərinləşdirməklə cəmiyyətdə yaranan mübahisələrin müsbət həllinə, insanlar arasında olan sürtüşmələri və narazılığı aradan götürmək missiyasını yerinə yetirəcəkdir.

Oxşar xəbərlər