Bakı 15 saylı Mediasiya Təşkilatının təqdimatı keçirildi - FOTO


  • 15 May 2022 20:33

Bu gün Mediasiya Şurası İxtisas Komissiyasının sədri Qasım Şaliyevin rəhbər etdiyi 15 saylı Mediasiya Təşkilatı fəaliyyətə başlayıb.

E-huquq.az xəbər verir ki, təşkilatın təqdimatında Mediasiya Şurasının İdarə Heyəti, Vəkillər Kollegiyasının üzvləri, mediatorlar, vətəndaş cəmiyyətinin və nüfuzlu şirkətlərin nümayəndələri, həmçinin müxtəlif media orqanları iştirak edib.

Açılış nitqi ilə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov təşkilata fəaliyyətində uğurlar arzu edərək, mediasiya sahəsində müsbət nəticələr əldə edəcəklərinə inamını ifadə edib.

Daha sonra 15 saylı Mediasiya Təşkilatının rəhbəri Qasım Şaliyev təşkilatın irəli qoyduğu hədəflərinə çatacağına, mediasiya instituna faydalı ola bilmək üçün keyfiyyətli mediasiya xidmət göstəriləcəyini vurğulayıb.

Qeyd edək ki, “Həll olunmamış mübahisə qalmayacaq!” şüarı ilə açılış edən təşkilat bütün mülki mübahisələr üzrə vətəndaşlara və iş adamlarına alternativ həll yolu kimi peşəkar mediasiya xidmətlərini təklif edir.

Təşkilatın ofisi beynəlxalq mediasiya təcrübəsinə uyğun olaraq formalaşdırılıb, mübahisə tərəflərinin aralarındakı münaqişənin səviyyəsinin azaldılması və barışıq imkanlarının əldə olunması üçün müvafiq maarifləndirici elanlar və broşuralar ilə təmin edilib. Mediasiya sessiyalarının keçirildiyi iclas otaqları mediasiyanın bərabərliyi və məxfiliyi prinsipinə uyğun xüsusi dizaynla hazırlanıb.

Təşkilat barış təccəssümü mediasiyaya həsr olunmuş sözügedən tədbirlə qız qalasını seyr edən mənzərəsi və əməkdar artist Səlim Abbasovun musiqili müşaidəsi ilə fəaliyyətə başladığını rəsmi formada elan edib.

Oxşar xəbərlər