Prokurorluq: "Məhkəmələr ağacların qanunsuz kəsilməsi ilə bağlı işləri hüquqi cəhətdən fərqli qiymətləndirir"


  • 20 İyun 2022 12:30

Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib.

E-huquq.az-ın məlumatına görə, müraciətdə Cinayət Məcəlləsinin 259-cu və 314-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti olub-olmamasının müəyyən edilməsi üçün həmin maddəni Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsini istəyib.

Həmin müraciətin mətnini təqdim edirik:

"Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin III-IV hissələrinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 259-cu (Qanunsuz ağac kəsmə) maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurmaqla, habelə həmin əməllərin təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, külli miqdarda ziyan vurmaqla, əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd" hissəsinin 1 ci bəndinə əsasən həmin maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

Baş Prokurorluqda aparılmış təhlillər zamanı xüsusi mülkiyyətdə olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahələrində meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) faktları barədə aidiyyəti istintaq orqanlarında istintaq edilmiş və ittiham aktları ilə birlikdə məhkəmələrə göndərilmiş cinayət işləri üzrə məhkəmələr tərəfindən eyni xarakterli əməllərin hüquqi cəhətdən fərqli qiymətləndirilərək bir sıra hallarda cinayət işləri üzrə ittiham, digər hallarda isə bəraət hökmləri çıxarıldığı müəyyən edilmişdir. Təcrübədə Cinayət Məcəlləsinin 259-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində əksini tapan "xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri" anlayışının əhatə dairəsi ilə bağlı fikir ayrılığı vardır və təcrübədə bir sıra hallarda "xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri" anlayışının geniş təfsir olunaraq Torpaq Məcəlləsi ilə müəyyən edilən "yaşayış məntəqələrinin torpaqları"nın da həmin anlayışa daxil edilməsi hallarına rast gəlinir ki, bu da qanunsuz ağac kəsmə cinayətləri törətmiş şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına səbəb olur.

Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 12-ci (Fiziki və hüquqi şəxslərin yaşıllıqlar üzərində mülkiyyət hüquqları) maddəsinə görə fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.

Meşə Məcəlləsinin 4-cü (Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər) maddəsinə əsasən meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Meşə Məcəlləsinin 6-cı (Meşa fondu, meşə fondunun torpaqları və sahələri) maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.

Meşə fonduna daxil olmayan yaşıllıqların istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və Meşə Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.

"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci (Əsas anlayışlar) maddəsinə əsasən yaşıllıqlar-şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur.

Meşə Məcəlləsinin 7-ci (Meşə fonduna daxil olmayan yaşıllıqlar) maddəsinə görə aşağıdakı yaşıllıqlar meşə fonduna daxil deyildir:

xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar:

xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (ǝkinlər); ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bag, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklar (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə komplekslari (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).

Göründüyü kimi, Meşə Məcəlləsinin 7-ci maddəsində xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (ǝkinlər) digər yaşıllıqlardan fərqləndirilmişdir. "Yaşıllıqların mühafizəsi haqqında" Qanunun 3-cü maddəsinə əsasən xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) həmin qanunun tətbiq dairəsinə daxil deyil. Həmçinin həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli 190 nömrəli Fərmanının 1.1.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetina 3 ay müddətində həyətyanı və bağ sahələrinin hüququ statusunu müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra-Torpaq Məcəlləsi) dəyişikliklər edilməsi haqqında qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentina taqdim etməsi həvalə edilsə də, qeyd olunan torpaq sahələrinin hüquqi statusu Torpaq Məcəlləsində hələ də tənzimlənmir.

Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür:

kənd təsərrüfatı təyinatlı torpaqlar;

yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sanaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;

xüsusi qorunan ərazilərin torpaqları;

meşə fondu torpaqları; su fondu torpaqları;

ehtiyat fondu torpaqları.

Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. İctimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən. digər obyektlər altındakı, sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan, nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri, təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma və tarix mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi, kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı, şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan, hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri və yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir.

Göründüyü kimi, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində yaşayış məntəqələrinin torpaqları anlayışı geniş müəyyən olunmaqla, həmin torpaqlarda meşə fonduna daxil olmayan və Meşə Məcəlləsinin 7-ci maddəsində müəyyən edilən xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) ilə yanaşı, ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bag, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar), məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar) və xüsusi təyinatlı yaşıllıqların olması istisna edilmir. Bu baxımdan yaşayış məntəqələrinin torpaqlarının Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndində əksini tapmış "xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri" anlayışı ilə eyniləşdirilməsi məqsədəuyğun hesab edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 206-cı maddəsinə əsasən torpaq vergisinin dərəcələri müəyyən edilərkən qeyd olunan dərəcələr üçün sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə vergi dərəcələri yaşayış fondlarını, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə dərəcələrdən fərqləndirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 2 nömrəli Qərarı ilə daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifi də həyətyanı və bağ sahələri üzrə ayrı, sənaye və digər təyinatlı torpaq sahələri üzrə ayrı müəyyən edilmişdir.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası"nın 1.1-ci maddəsinə əsasən bu Qayda "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (ǝkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Göründüyü kimi, həmin qaydalarda da, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlər) götürülməsi mexanizmini müəyyən etmir. Habelə həmin Qaydaların 2.1-ci bəndinin mənasına görə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlər) götürülməsi istisna olmaqla digər yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. "Yaşıllıqların mühafizəsi haqqında" Qaydaların 2.4-cü bəndinin mənasına görə fiziki və hüquqi şəxslər (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlər) götürülməsi istisna olmaqla) həmin Qaydalarda nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında torpaq islahatı aparılmış və vahid torpaq fondunda dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları), bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilmişdir. Həmin qanun qəbul edilənə qədər vətəndaşlara yaşayış sahəsinin tikilməsi məqsədilə həyatyanı sahələr, həmçinin Bakı şəhəri ərazisində bağ sahələri ayrılmış və bu torpaqlar dövlətin mülkiyyətində olmaqla vətəndaşların istifadəsinə verilmişdir.

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunun III fasli ilə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsinin əsasları müəyyən edilmiş vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir.

Bundan başqa, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunun IV fəsli ilə sovxoz va kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları, sovxoz va kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər və sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası müəyyən edilmişdir. Qeyd edilən torpaqlar pay torpaqları şəklində kənd təsərrüfatında istifadə məqsədilə vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir.

Yuxarıda göstərilənlər nəzərə alınmaqla bildirilməlidir ki, qeyd edilən pay torpaqları xüsusi mülkiyyətdə olsa da, CM-in 259-cu maddəsinin "Qeyd" hissəsində müəyyən edilən həyətyanı və bağ sahələrinə aid edilib-edilməməsi ilə yanaşı, qeyd edilən pay torpaqlarında kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olunarkən ağacların kəsilməsi bir sıra hallarda bunun kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar olduğu əsas göstərilməklə, CM-in 259-cu maddəsinin qeyd hissəsində göstərilən normanın təsir dairəsinə düşməsi də mübahisə doğurur.

Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində "kənd təsərrüfatı bitkiləri" ifadəsindən istifadə edilsə də, həmin bitkilərin konkret siyahısı və ya anlayışı öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 nömrəli qərarı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"nın 1 nömrəli əlavəsində kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin siyahısı müəyyən edilir və bu siyahıya görə buğda, çəltik, arpa, dən üçün qarğıdalı, günəbaxan, pambıq, şəkər çuğunduru, kartof, tǝrǝvaz va bostan bitkiləri, habelə üzüm, meyvə, çay kimi çoxillik əkmələr aid edilir.

Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə zərər vurmamalıdırlar. Bundan əlavə, "Ailə kəndli təsərrüfatı haqqında" Qanunun 8.1.3-cü (Ailə kəndli təsərrüfatının vəzifələri) maddəsinə əsasən kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyekti olan ailə kəndli təsərrüfatının vəzifələri sırasında torpaq, su, meşə və ətraf mühitin mühafizəsi haqqında qanunvericilik aktlarının tələblərinə riayət etmək vəzifələri müəyyən olunmuşdur.

Göründüyü kimi, Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndində istifadə edilmiş "xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri" və "kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər)" ifadələrinin anlayışının (statusunun) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilməməsi təcrübədə ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) və digər bu kimi hallarla əlaqədar prosedur və məsuliyyət məsələlərində qeyri-müəyyənliyə, fikir ayrılıqlarına səbəb olur.

Bundan başqa, aparılmış təhlillər zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan, istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə. mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrindəki (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə bələdiyyələrin yaşıllıqların. mühafizəsi sahəsində vəzifələri nəzərə alınaraq, yaşıllıqların məhv edilməsinin qarşısının alınmamasına görə müvafiq vəzifəli şəxslərin Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti olub-olmaması ilə bağlı təcrübədə fərqli yanaşmalar mövcuddur.

Bildirilir ki, Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq) maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır.

"Yaşıllıqların mühafizəsi haqqında" Qanunun 1.0.3-cü maddəsinə əsasən yaşıllıqların mühafizəsi - ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə yaşıllıqların qorunması yaşıllıqlara aqrotexniki qulluq göstərilməsinə, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsinə yönəlmiş tədbirlərdir. Bu Qanunun 1.0.6-ci maddəsinə əsasən yaşıllıqların uçotu və kadastrı yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusudur.

Həmin Qanunun 1.0.7-ci maddəsinə görə yaşıllıqların monitorinqi yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemidir. Bu Qanununun 1.0.8-ci maddəsinə əsasən yaşıllıqların məhv edilməsi - bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətdir (hərəkətsizlikdir).. Meşə Məcəlləsinin 39-cu (Dövlət meşə kadastrı) maddəsinə əsasən dövlət meşə kadastrı-meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyəti və keyfiyyət cəhətdən qiymətləndirilməsidir. Həmin Məcəllənin 40-cı (Meşələrin monitorinqi) maddəsinə əsasən meşələrin monitorinqi-meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların ekoloji funksiyalarının aparılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir. Meşələrin monitorinqinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının qanunvericiliyində yaşıllıqları mühafizə tədbirləri və mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin yaşıllıqların mühafizəsi sahəsində vəzifələri müəyyən edilir. Belə ki, "Yaşıllıqların mühafizəsi haqqında" Qanunun 9-cu (Yaşıllıqları mühafizə tədbirləri) maddəsinə əsasən yaşıllıqların mühafizəsi tədbirləri sırasında yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili ilə yanaşı qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması da nəzərdə tutulur. Qeyd olunan Qanunun 8-ci (Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri) maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Həmin maddədə yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri sırasında mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu va monitorinqini aparmaq vəzifələri olsa da, qanun pozuntularının qarşısını almaq vəzifəsi müəyyən edilməmişdir.

Həmçinin qanunun 9-cu maddəsində qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması mühafizə tədbiri yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması mühafizə tədbirlərindən ayrı göstərilmişdir. Bundan fərqli olaraq, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr aid edilmiş, icra hakimiyyəti orqanlarının və bələdiyyələrin xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsi üzrə qərar qəbul etmək və həmin ərazilərin mühafizəsinə nəzarəti həyata keçirmək səlahiyyətləri dəqiq müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 90 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"də meşələrin monitorinqinə meşələrin qorunması da aid edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli qərarı ilə tosdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastrının va monitorinqinin aparılması Qaydası"nın 1.3-cü bəndinə əsasən yaşıllıqların uçotu və kadastrı yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu, yaşıllıqların monitorinqi isə yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemidir.

Həmin Qaydaların 3.1-ci bəndinə əsasən yaşıllıqların monitorinqinin aparılmasının məqsədi hər hansı bir yaşıllıq obyektində təbii proseslərin gedişini izləmək, bu sahədə çoxməqsədli informasiyanı toplamaq, yaşıllıqlarda baş verən dəyişiklikləri vaxtında aşkar etmək, onların vəziyyətini və dinamikasını qiymətləndirmək və proqnozlaşdırmaq, onlara mənfi təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün yaşıllıqların üzərində müntəzəm müşahidələr və tədqiqatlari aparmaq, antropogen təsirlər nəticəsində yaşıllıq üçün kritik vəziyyətin yaranması haqqında toplanmış məlumatlar əsasında xəbərdarlıq etməkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası"nın 1.4-cü bəndinə əsasən yaşıllıqların uçotu, kadastrı və monitorinqi bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr tərəfindən, istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrindəki (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

"Yaşıllıqların mühafizəsi haqqında" Qanunun 24-cü (Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) maddəsinə əsasən həmin Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, Inzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin dispozisiyasına əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır.

Göstərilənlərə əsasən vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan qanunvericiliyin eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi baxımından Azərbaycan Respublikasının qanunvericiliyində istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrindəki (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə bələdiyyələrin yaşıllıqların mühafizəsi sahəsində vəzifələri nəzərə alınaraq, yaşıllıqların məhv edilməsinin qarşısının alınmamasına görə müvafiq vəzifəli şəxslərin Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti olub-olmamasının, habelə Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndində göstərilən "xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri" və "kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər)" ifadələrinin şərh edilməsi zəruridir.

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar.

"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir. qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Yesius Litvaya qarşı" iş üzrə 31 iyul 2000-ci il tarixli qərarının 56-ci bəndində göstərmişdir ki, söhbət azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan əməllərdən getdiyi hallarda xüsusilə vacibdir ki, hüquqi müəyyənlik prinsipinə riayət edilsin. Bu hal ona görə mühüm əhəmiyyət daşıyır ki, azadlıqdan məhrum etmənin Konvensiyada nəzərdə tutulmuş "qanunilik" standartına cavab verməsi üçün azadlıqdan məhrum etmənin daxili qanunvericilikdə nəzərdə tutulmuş şərtləri kifayət qədər aydın ifadə edilməli və qanunun tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır.

Beləliklə, hüquq tətbiq etmə təcrübəsindəki ziddiyyətlərin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə "xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri" və "kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (ǝkinlər)" müddəalarının dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndini və istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrindəki (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə bələdiyyələrin yaşıllıqların mühafizəsi sahəsində vəzifələri nəzərə alınaraq, yaşıllıqların məhv edilməsinin qarşısının alınmamasına görə müvafiq vəzifəli şəxslərin Cinayət Məcələsinin 314-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti olub-olmamasının müəyyən edilməsi üçün həmin maddəni Azərbaycan Respublikasının "Yaşıllıqların mühafizəsi haqqında" Qanununun 8 va 9-cu maddələri baxımından şərh edilməsi zərurəti yaranmışdır".

Oxşar xəbərlər