DTX: Sülhməramlıların müvəqqəti yerləşdiyi əraziyə hərbi texnikalar daşınır


  • 24 Noyabr 10:49

Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans işinə başlayıb.

Təhlükəsizlik Şurası Katibinin Xidmətindən e-huquq.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov, hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbər əməkdaşları, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının və Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin nümayəndələri iştirak edib.

Konfransın məqsədi Vətən müharibəsinin nəticələrinin təhlilinin və müharibədə qazanılmış hərbi təcrübənin aidiyyəti qurumlar arasında mübadiləsinin təmin olunmasıdır.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin “Şöhrət” muzeyinin qarşısında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Ulu Öndərin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Öncə çıxış edən Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov tədbirin təşkilində göstərdiyi dəstəyə görə DTX-nin rəhbərliyinə minnətdarlığını ifadə edib, bu mövzuda konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin tariximizdə silinməz iz buraxdığını, bu müharibənin ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadığını, hərbi əməliyyatların planlaşdırılması və aparılmasının xarici ölkələrin hərbi müəssisələrində öyrənildiyini diqqətə çatdırıb. General-polkovnik Ramil Usubov müharibənin nəticələrinin təhlilinin və əldə olunan təcrübənin milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olduğunu bildirib.

Daha sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə həyata keçirilən islahatlar, yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün silahlı qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat verib.

DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski çıxışında qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır. Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan natiq bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev bildirib ki, həm Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə məkrli qüvvələr tərəfindən respublikamızın informasiya təhlükəsizliyinə yönələn təhdidlərin və kiberhücumların qarşısının alınması, savaş dövründə hərbi obyektlərimizin xüsusi rabitə avadanlıqları ilə təminatı, radiostansiyaların işinin səmərəli təşkili üçün digər qurumlarla birgə lazımi tədbirlər görülüb.

Konfrans işini noyabrın 25-dək hərbi təhlükəsizlik, səfərbərlik hazırlığı, strateji kommunikasiya, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, mülki müdafiə və digər aidiyyəti mövzular üzrə mühazirələr və panel müzakirələrlə davam etdirəcək.

Oxşar xəbərlər