Heyvanın vurduğu zərərə görə məsuliyyət kimə aiddir?


  • 16:34

Heyvanların insanlara və ya əmlaka zərər vurması hallarında məsuliyyət məsələsi tez-tez mübahisə doğurur. Belə vəziyyətlərdə əsas sual budur: vurulan zərərə görə kim cavabdeh sayılır?

E-huquq.az xəbər verir ki, vəkil Turan Abdullazadə bu suala cavabında bildirib ki, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur.

Vəkil qeyd edib ki, bu məsuliyyət heyvanın nəzarət altında olub-olmamasından, itməsi və ya qaçmasından asılı deyil: "Məsələn, əgər kiminsə iti həyətinin darvazasında çıxıb yoldan keçən bir şəxsi dişləyirsə, həmin şəxs xəsarət alaraq həkimə müraciət edib müalicə xərcləri çəkirsə, "it qaçmışdı, bilmədim belə olacaq" kimi bəraət bəhanələri qəbul olunmur".

T.Abdullazadənin sözlərinə görə, sahib yalnız o zaman məsuliyyətdən azad edilə bilər ki, bütün zəruri tədbirləri görüb: "Məsələn, itin yeri bağlı idisə, xəbərdarlıq lövhəsi qoyulubsa və qapı kiminsə səhlənkarlığı səbəbindən açılıbsa, məhkəmə sahibin məsuliyyətini azalda bilər".

O, həmçinin kənd sakininin inəyinin otlaqdan çıxıb magistral yola daxil olması və maşına çırpılması halını misal gətirərək bildirib ki, bu zaman avtomobilin sahibi zərərin təzminatını tələb etmək hüququna malikdir. "Bu halda da məsuliyyət heyvan sahibinə aiddir. Heyvanın qaçması məsuliyyəti dəyişdirmir və ya azaltmır".

Vəkil vurğulayıb ki, sahib yalnız digərləri üçün zərər riskini aradan qaldırmaq üçün bütün zəruri tədbirləri gördüyü halda məsuliyyətdən azad olunur.

Sonda T.Abdullazadə heyvan sahiblərini diqqətli olmağa çağırıb: "Heyvanlarınıza nəzarət edin, əks halda ciddi maliyyə itkisi ilə üzləşə bilərsiniz. Bu da sizə külli miqdarda zərərə səbəb ola bilər."

Humay Eminqızı

Oxşar xəbərlər