- 12 Yanvar 17:48
Notariat institutu hüquqi dövlətin əsas sütunlarından biri kimi mülki dövriyyədə hüquqi sabitliyin, etibarlılığın və tərəflərin iradəsinin qanunauyğun şəkildə formalaşdırılmasının təmin edilməsində mühüm rol oynayır. Hüquqi münasibətlərin mürəkkəbləşdiyi, əmlak, ailə, miras və biznes əlaqələrinin çoxşaxəli xarakter aldığı müasir dövrdə notariatın funksiyası təkcə sənədlərin təsdiqi ilə məhdudlaşmamalı, eyni zamanda hüquqi risklərin əvvəlcədən müəyyən edilməsi və mübahisələrin qarşısının alınması istiqamətində aktiv mexanizmə çevrilməlidir.
Vəkillər Kollegiyasının üzvü Xəqani İmanov e-huquq.az-a müsahibəsində notariatın mövcud modeli, beynəlxalq təcrübədə tətbiq olunan preventiv hüquq mexanizmləri, süni intellektin notariat fəaliyyətində rolu və ixtisaslaşma məsələləri barədə sualları cavablandırıb.
– Xəqani müəllim, adətən notariata “sadəcə təsdiq edən orqan” kimi baxılır. Siz isə islahatdan danışırsınız. Problem nədədir?
Müasir hüquq sistemlərində notariatın funksiyası yalnız hüquqi iradənin təsdiqi ilə məhdudlaşmır, eyni zamanda mübahisələrin qarşısının alınması, risklərin əvvəlcədən neytrallaşdırılması və hüquqi təhlükəsizliyin təmin edilməsi kimi geniş və strateji məqsədləri əhatə edir.
Beynəlxalq təcrübə göstərir ki, notariat institutunun effektivliyi birbaşa onun:
- preventiv hüquq funksiyasının dərinliyindən,
- texnologiyadan istifadə səviyyəsindən,
- notariusların ixtisaslaşma dərəcəsindən asılıdır.
Problem ondadır ki, müasir hüquqi münasibətlər artıq sadə deyil. Daşınmaz əmlak, miras, korporativ münasibətlər, ailə hüququ – hamısı mürəkkəbləşib. Amma notariat hələ də əsasən formal təsdiq funksiyası ilə kifayətlənir. Halbuki beynəlxalq təcrübədə notariat mübahisələrin qarşısını alan preventiv hüquq institutu kimi fəaliyyət göstərir.
– “Preventiv hüquq” dedikdə konkret nəyi nəzərdə tutursunuz?
– Preventiv hüquq o deməkdir ki, hüquqi problem məhkəmədə yox, ondan əvvəl – notariat mərhələsində həll olunur. Məsələn, Fransa və İsveçrədə notarius tərəflərə təkcə sənədi imzalatmır, həm də deyir ki, “bu addım gələcəkdə hansı hüquqi risklər yarada bilər”. Buna Fransada “devoir de conseil” – yəni məsləhət vermə borcu deyilir. Riskləri izah etməyən notarius orada məsuliyyət daşıyır. Notarius yalnız iradəni təsdiqləyən şəxs deyil, gələcəkdə məhkəmə mübahisəsi yarada biləcək riskləri öncədən müəyyən edən hüquq subyekti olmalıdır. Yəni notariat "məhkəməyə alternativ yox, məhkəməyə qədər hüquqi filtir" funksiyasını icra edir. Bunun üçün Notariat haqqında qanunda Notariusun vəzifələri artırıla bilər. Belə ki, Notarius notariat hərəkətini həyata keçirərkən tərəflərə həmin hərəkətin mümkün hüquqi nəticələri və gələcəkdə mübahisə yaratmaq ehtimalı olan risklər barədə aydın və yazılı şəkildə məlumat verməlidir. Hüquqi risklərin izah edilməsi ilə bağlı yazılı sənəd notariat işini ayrılmaz hissəsi hesab olumalıdır. Bizdə notarius sənədi düzgün tərtib edirsə, adətən iş bitmiş sayılır. Amma sonradan həmin sənəd məhkəmə mübahisəsinə çevrilirsə, tərəflər "bilmirdim", "izah edilmədi" deyə iddia edirlər. Bu isə həm vətəndaşı, həm də sistemi zəif vəziyyətdə qoyur. Halbuki notariusun əvvəlcədən riskləri yazılı şəkildə izah etməsi bu mübahisələrin böyük hissəsinin qarşısını ala bilər. Məhkəmələrin yükü azalır, hüquqi dövriyyə stabilləşir, notariat aktlarının nüfuzu artır. Ən önəmlisi isə – hüquqi dövlət prinsipi güclənir. Çünki hüquq mübahisə yaranandan sonra yox, yaradılmadan əvvəl işləyir.

– Siz texnologiyadan, hətta süni intellektdən də danışırsınız. Bu, bir az iddialı səslənmir ki?
– Əksinə, çox realdır. Burada vacib bir məqam var: Süni intellekt qərar vermir, yalnız risk və uyğunsuzluğu aşkarlayır. Qərarı yenə notarius verir. Amma AI sənədlərdə ziddiyyətlər (ad-soyad, FİN, VÖEN və.s), tarix uyğunsuzluqlarını, hüquqi riskli bəndləri, səlahiyyətlərin həddini, qanunvericiliyə zidd bəndlərini avtomatik göstərir və Məhkəmə təcrübəsi ilə müqayisə, oxşar notariat aktları üzrə məhkəmə mübahisəsi olub-olmadığını göstərir, "risk faizi" təqdim edir. Sinqapur və Kanadada bu artıq tətbiq olunur. Dövlət açıq şəkildə deyir ki, “texnologiya qərarı əvəz etmir, onu dəstəkləyir”.
– Bu, notariusun rolunu zəiflətməz?
– Xeyr, əksinə, gücləndirər. Notarius artıq təkcə sənəd yazan yox, riskləri idarə edən hüquq mütəxəssisi olur. Texnologiya isə səhvləri azaldır, şəffaflığı artırır. Ən əsası – məsuliyyət yenə insanda qalır. “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” cənab president İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Artıq ölkəmizdə ilk təcürbə sərəncamın icrası ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmiş, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən “E-qanun.ai” platforması istifadəyə verilib. Təsadüfü deyil ki, süni intellekt Strategiyamızda qeyd edikir ki, Amerika Birləşmiş Ştatları, Çin, Türkiyə, Danimarka, Estoniya, İsrail, Koreya Respublikası, Sinqapur və digər ölkələr tərəfindən süni intellekt texnologiyasının gətirdiyi imkanları iqtisadi artıma çevirmək, hər kəsin rifahına və daha təhlükəsiz yaşamına yönəltmək üçün məqsədləri, prinsipləri və prioritetləri əks etdirən hərtərəfli milli strategiyalar və proqramlar hazırlanmışdır.
– Bir də ixtisaslaşma məsələsini qabardırsınız. Niyə bu qədər vacibdir?
– Çünki hər notariusun hər sahəni eyni dərəcədə dərindən bilməsi mümkün deyil. Əslində Notariat haqqında qanunun 17-ci maddəsində qismən ixtisaslaşma ilə bağlı qeyd var. Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib edilməsi ilə bağlı öncədən müəyən edilmiş nötariuslara həvalə edilə bilər. Almaniya və Yaponiyada notariuslar faktiki olaraq ixtisaslaşır: biri əmlak işləri, digəri miras, başqası korporativ sənədlərlə məşğul olur. Bu, keyfiyyəti artırır və peşə risklərini azaldır. Sadə dildə izah etdsək, ölkəmizdə məhkəmə sistemi artıq kifayət qədər ixtisaslaşmışdır. Yəni İnzibati, Kommersiya və Ağırcinayətlər məhkəmələri öklə üzrə müəyyənləşdirilmiş ərazi yurizdiksiyalarına uyğun fəaliyyət göstərirlər. lakin notariuslar universal model əsasında fəaliyyət göstərir.
– Bu islahatlar vətəndaş və dövlət üçün faydası nədir?
– Çox sadə desək daha az məhkəmə çəkişməsi, daha aydın hüquqi nəticələr, daha etibarlı sənədlər. Vətəndaş notariatdan çıxanda bilməlidir ki, “mən bu sənədi imzaladım və bunun nəticələri mənə tam izah edildi”. Dövlət üçün isə Məhkəmələrin yükü azalır, mülki dövriyyə stabilləşir, notariat aktlarının nüfuzu artır. Ən önəmlisi isə – hüquqi dövlət prinsipi güclənir. Çünki hüquq mübahisə yaranandan sonra yox, yaradılmadan əvvəl işləyir.