"El-Nino" iqlim fenomeni dəniz səthinin temperaturunu rekord səviyyəyə yüksəldib


  • 14:15

Sakit okeanda güclənən "El-Nino" iqlim fenomeni dəniz səthinin temperaturunu rekord səviyyəyə yüksəldib. Mütəxəssislər hazırkı hadisəni “çox güclü” kimi qiymətləndirirlər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "El-Nino" göstəricilərinin ölçüldüyü ərazidə okean temperaturu normadan təxminən 3,4 dərəcə Selsi yüksəkdir. ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) bu payız və qışda çox güclü "El-Nino" hadisəsinin baş verməsi ehtimalını 90 faiz, 1950-ci ildən bəri ən güclü hadisələrdən birinə çevrilməsi ehtimalını isə 75 faiz qiymətləndirib.

BMT-nin Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib ki, "El-Nino" ilə bağlı quraqlıq və ya həddindən artıq yağıntılardan 347 milyondan çox uşaq təsirlənə bilər. Su qıtlığı, qidalanma çatışmazlığı və xəstəliklərin yayılması əsas risklər sırasında göstərilir.

Mütəxəssislər "El-Nino"nun bəzi bölgələrdə quraqlığı, digərlərində isə güclü yağış və daşqınları artıracağını bildirirlər. Bunun kənd təsərrüfatına və təchizat zəncirlərinə təsir göstərərək düyü, qəhvə və kakao kimi məhsulların qiymətlərinin artmasına səbəb ola biləcəyi qeyd olunur.

"El-Nino" həmçinin qlobal temperaturun yüksəlməsinə, bəzi sahil bölgələrində dəniz ekosistemlərinin dəyişməsinə və hava hadisələrinin xarakterinin kəskinləşməsinə təsir göstərə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər