Qloballaşan dünyada insan hüquqlarının müdafiəsi və təbliği beynəlxalq hüquqi fenomen kimi


  • 18 İyun 11:20

18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günüdür

Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis olunmasından 15 il ötür.

Böyük hörmət və ehtiram hissi ilə qeyd edilməlidir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də müstəqil Azərbaycanın həyatında strateji əhəmiyyətə malik fundamental sənəd olan ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Təqdirəlayiq haldır ki, həmin siyasəti uğurla davam və daha da inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il Dövlət Proqramının qəbul olunduğu həmin gün - 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu isə müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin növbəti bir bariz təzahürüdür.

Müvafiq Dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər strateji əhəmiyyətli sənədlər insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir. 1993-cü ildə Vyanada keçirilmiş İnsan Hüquqları üzrə Dünya Konfransında hər bir dövlətin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə addımlarını müəyyən edən milli fəaliyyət planının hazırlanmasının məqsədəmüvafiqliyinin nəzərdən keçirilməsi tövsiyə edilmişdir.

Bu baxımdan, ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın məntiqi davamı olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-cı il 28 dekabr tarixində "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı", 2011-ci il 27 dekabr tarixində isə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilmişdir.

Ümumiyyətlə, insan hüquqları dedikdə, cəmiyyətin üzvü olan hər bir fərdin, şəxsin hüquqları başa düşülür. İnsan hüquqlarının əsas mahiyyəti bütün insanların eyni hüquqlara malik olmalarından və bu hüquqların izahata ehtiyac duyulmadan hər kəsə aid edilməsindən ibarətdir. Bu isə o deməkdir ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Lakin burada nəzərə alınması olduqca vacib olan incə məqam ondan ibarətdir ki, həmin hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hər bir vətəndaşın hüquqları onun müəyyən dövlətə mənsubluğu ilə bağlıdır və bu baxımdan onlar dövlət tərəfindən müdafiə olunur.

Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar nəticəsində mümkün olmuşdur.

Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar fonunda sürətlə qloballaşmaqda olan müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibətilə müəyyən olunur. Buna görə də insanları və cəmiyyətləri birləşdirən, onları daha da humanistləşdirən ən əsas meyar hesab olunan insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması çox mühüm əhəmiyyət kəsb edir.

Əslində bəşəriyyətin bütün inkişafı dövründə demokratik və humanist ideyalara əsaslanan qanunların qəbul edilməsi, dövlətlə vətəndaşlar arasında mənəvi körpü rolunu oynayan müxtəlif demokratik təsisatların yaradılması insan hüquqlarının və azadlıqlarının müdafiəsinə yönəldilmişdir.

Azərbaycan Respublikası ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu üzvü olaraq ümumbəşəri dəyərlərə əsaslanmaqla demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir.

Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar nəticəsində mümkün olmuşdur.

Hüquqi islahatların təməli isə 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən, üçüncü fəsli bütünlüklə insan hüquq və azadlıqlarına həsr olunan ilk Milli Konstitusiyamızın qəbul edilməsi ilə qoyulmuşdur. Eyni zamanda 1996-cı il 21 fevral tarixli Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahat Komissiyasının yaradılması mütərəqqi qanunvericilik aktlarının layihələrinin hazırlanaraq qəbul edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Bundan sonra Azərbaycanda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində böyük irəliləyişlər əldə edilmiş, milli qanunvericilik bazası müasir dövrün tələblərinə uyğun təkmilləşdirilmiş, insan hüquqlarının səmərəli təmininə xidmət edən yeni Dövlət proqramları təsdiq edilmiş və institusional mexanizmlər sistemi yenidən qurulmuşdur.

Müasir dövrdə ombudsman hüquqi dövlətin mühüm atributlarından biri kimi çıxış edir. Bu gün müxtəlif ölkələrdə fərqli adlarla fəaliyyət göstərdiyinə baxmayaraq, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxs ümumqəbulolunmuş "Ombudsman" adı ilə tanınır.

Dünya təcrübəsini rəhbər tutaraq qeyd etmək olar ki, Ombudsman institutu qanunvericilik, icra və məhkəmə hakimiyyətlərindən heç birinə aid olmayan, lakin öz mahiyyətinə, həyata keçirdiyi əhəmiyyətli funksiyalara görə dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının məhkəmədənkənar müdafiəsinə xidmət edən, bununla əlaqədar qanunvericiliyin, institusional mexanizmlərin və ictimai idarəetmənin təkmilləşdirilməsi sahəsində təkliflər irəli sürən, dövlət qurumları ilə əhali, habelə vətəndaş cəmiyyəti institutları arasında "körpü" rolunu oynayan geniş mandata malik olan müstəqil bir qurumdur.

Yeri gəlmişkən, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi fəaliyyət göstərən bir qurum olan Ombudsman təsisatının yaradılmasının artıq 20 ili tamam olur.

Ümummilli lider Heydər Əliyevin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanında və bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması məsələsi öz əksini tapmışdır. Bununla bərabər, Ombudsman təsisatının yaradılması Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri olmuşdur.

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə 2001-ci il 28 dekabr tarixində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul olunmuş, 2002-ci il 5 mart tarixində həmin Qanunun tətbiq edilməsi barədə Fərman imzalanmışdır. Daha sonra 2002-ci il 2 iyul tarixində bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilmişdir.

Bununla da Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və həmin Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəzifəsi təsis edilmişdir.

Göründüyü kimi, ölkənin yurisdiksiyası altında olan hər kəsin hüquqlarının müdafiəsinin heç bir ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməsi Ombudsmanın əsas məqsədini təşkil edir.

Artıq 20 ildir ki, Azərbaycanın hüquq müdafiə mexanizmləri sırasında mühüm yerə və rola malik olan Ombudsman institutu müstəqil, ədalətli təsisat kimi özünə yer tapmış və nüfuz qazanmışdır.

Müvəkkilin insan hüquqlarının təmin edilməsinə görə məsuliyyət daşıyan dövlət qurumları ilə işgüzar əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, vətəndaşla dövlət arasında vasitəçilik missiyasını həyata keçirən bir qurum olması artıq hər bir fərd, ümumilikdə isə cəmiyyət tərəfindən qəbul edilmişdir.

Ölkədə pozulmuş insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində 20 illik iş təcrübəsi olan müstəqil Ombudsman institutu bu müddət ərzində həm mövcud sahədə ciddi dönüş yaratmış, həm də təsisatın inkişafına, əhali arasında nüfuz qazanmasına, dövlət və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini təşviq etmiş, bununla da insan hüquqlarının inkişafı üçün münbit zəmin yaratmışdır.

Həyata keçirilmiş hüquqi islahatlar nəticəsində ötən 20 il ərzində Ombudsmanın Aparatının və regional mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində mütərəqqi addımlar atılmışdır.

"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə ölkə Prezidentinin 2009-cu il 13 yanvar tarixli Sərəncamına əsasən, Azərbaycan Ombudsmanı həmin Konvensiyanın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən edilmişdir. Daha sonra bu funksiyaların icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Ombudsmanın fəaliyyətini tənzimləyən Konstitusiya Qanununa dəyişikliklər edilməsi barədə 2011-ci il 24 iyun tarixli Konstitusiya Qanunu qəbul olunmuşdur.

Eyni zamanda Konstitusiya Qanununa edilmiş dəyişikliklər nəticəsində Müvəkkilə informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirmək səlahiyyəti də verilmişdir.

Son iki il ərzində Müvəkkilin fəaliyyətinin daha səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Ombudsman Aparatında bir sıra yeni struktur vahidlərinin yaradılmasına nail olunmuşdur:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.8-ci bəndində "Vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə Ombudsmana müraciətlər üçün vahid qaynar xəttin yaradılması" təsbit olunmuşdur. Bunun icrası olaraq, 2020-ci ildə Ombudsman Aparatında "Çağrı Mərkəzi" adlı ayrıca sektor yaradılmış və mövcud iki qaynar xətt bir mərkəzdə birləşdirilməklə 916 nömrəli vahid Çağrı Mərkəzi fəaliyyətə başlamışdır;

Bundan əlavə, Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əsasında Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsi;

İnformasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirən Ombudsmanın bu sahədəki fəaliyyətinin təmini məqsədilə İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi;

BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası"nın 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının həyata keçirilməsinin Müvəkkilə tövsiyə olunması ilə əlaqədar Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektoru;

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş və ya yaralanmış hərbi qulluqçularla bağlı onların ailə üzvlərinin, habelə müharibə veteranlarının müraciətlərinə və qaldırdıqları məsələlərə dərhal reaksiya verilməsi məqsədilə Şəhid ailələri və müharibə veteranları ilə iş sektoru;

Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsiplərini, həmçinin BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər müvafiq beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alaraq, Uşaq hüquqlarının müdafiəsi sektoru da yaradılmışdır.

İnsan hüquqlarının müdafiəsinin daha səmərəli təşkilinə nail olmaq məqsədilə beynəlxalq təcrübə və mövcud reallıqlar nəzərə alınmaqla Ombudsmanın Aparatının və regional mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilməsi tərəfimizdən davam etdirilməkdədir.

Sevindirici haldır ki, bu gün ölkəmizin yaşadığı müasir inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan mütərəqqi islahatların davam etdirilməsini şərtləndirir. Bu isə gələcəkdə milli qanunvericiliyin insan hüquqlarına dair beynəlxalq standartlara, norma və prinsiplərə tam uyğunluğunun təmin edilməsini, beynəlxalq qurumlarla yeni əməkdaşlıq strategiyasının hazırlanıb həyata keçirilməsini, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsini, hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf etdirilməsini mühüm və perspektiv vəzifələr kimi müəyyən edir.

Azərbaycanda Ombudsman institutunun yaradılması və fəaliyyəti bötüvlükdə insan hüquqlarının inkişafına, səmərəli idarəetmənin formalaşmasına əhəmiyyətli təsir göstərməklə insan hüquqlarına yanaşma tərzinin müsbətə doğru dəyişilməsinə, bununla da bir çox vəzifəli şəxslərin "insan hüquqları" anlayışının mahiyyətini, gündəlik yerinə yetirdikləri vəzifələrin məhz insan hüquq və azadlıqlarının təmin edilməsinə yönəldiyini düzgün dərk etmələrinə gətirib çıxarmış və bu da öz növbəsində idarəetmənin demokratikləşməsi ilə nəticələnmişdir.

Ənənəvi olaraq, hər il olduğu kimi, Azərbaycanda İnsan Hüquqları Günü ərəfəsində, yəni 18 may - 18 iyun tarixlərində tərəfimizdən ölkədə "İnsan Hüquqları Aylığı" elan edilmişdir. Bununla bağlı dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya açıq müraciət ünvanlamaqla, həmin təşəbbüsə qoşularaq Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə tədbirlər təşkil etməyə çağırmışıq.

Hər il olduğu kimi, builki Aylığın da elan olunması insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaq məqsədi daşımışdır.

Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş müxtəlif mövzular üzrə hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi, sosial çarxların hazırlanması, mediada və sosial şəbəkələrdə insan hüquqlarının təbliğ edilməsi, insanların müraciətlərinə operativ şəkildə baxılmaqla pozulmuş hüquqlarının bərpası məsələlərinə diqqətin daha da artırılmasında fəallıq göstərilməsi, hər kəsin insan hüquqlarının səmərəli müdafiəsinə, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına töhfə verməsi qarşıya qoyulan vəzifələr sırasında olmuşdur və biz artıq bu gün "İnsan Hüquqları Aylığı"na uğurla yekun vururuq.

Ombudsman Aparatı, o cümlədən ölkəmizin Şimal, Cənub, Qərb və Şərq bölgələrində yerləşən ətraf şəhər və rayonları əhatə edən regional mərkəzlərimiz tərəfindən silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilmiş, habelə təsisatın nümayəndələri müxtəlif qurumlar tərəfindən təşkil olunmuş tədbirlərdə insan hüquqlarına dair müxtəlif mövzularda məruzə və çıxışlar etmişlər. Bununla yanaşı, "İnsan Hüquqları Aylığı" ərzində Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində sosial xidmət, psixiatriya və cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə və istintaq təcridxanalarına başçəkmələr keçirilmiş, insan hüquqlarının təmini, tibbi və psixoloji xidmətlərin təşkili vəziyyəti araşdırılmışdır. Eləcə də, regionlarda yerli icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, təhsil şöbələrinin və informasiya sahibi olan digər dövlət orqanlarının nümayəndələri üçün "İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində" adlı hüquqi maarifləndirici tədbirlər təşkil edilmişdir.

Aylıq çərçivəsində ümummilli lider Heydər Əliyevin insan hüquqları sahəsində həyata keçirdiyi genişmiqyaslı fəaliyyətin uğurla davam etdirilməsi, uşaqların, gənclərin, qadınların, ahılların, əlilliyi olan şəxslərin, qaçqın, məcburi köçkün və miqrantların, habelə əhalinin digər sosial qruplarının sağlamlığının qorunması, təhsil, sosial təminat və digər hüquqlarının müdafiəsi, sağlam həyat tərzinin təbliği, ekoloji sağlamlığın qorunması, insan alveri, erkən evlilik, korrupsiya kimi neqativ hallara qarşı mübarizə məsələləri mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları tərəfindən insan hüquqlarına dair tədbirlərin əsas mövzusunu təşkil etmişdir.

Belə ki, "İnsan Hüquqları Aylığı" ərzində Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıqda müxtəlif tədbirlər təşkil olunmuş, şəhər və rayon icra hakimiyyətləri tərəfindən insan hüquqlarının müdafiəsi və təbliğinə həsr edilmiş hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2022-ci il 27 may tarixli Sərəncam imzalamışdır. Dövlətimizin uzun illərdir davam etdirilən humanizm siyasətinin növbəti təzahürü olan həmin sərəncam ümumilikdə 213 nəfər şəxsi əhatə etmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində duran əsas amillərdən biri də məhz dövlətimizin ali məqsədi olan insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edən normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı hüquqi islahatların davam etdirilməsidir.

28 May - Müstəqillik Günü ərəfəsində imzalanmış bu Əfv Sərəncamı ilə Ombudsman tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 31 nəfər məhkum əfv olunmuşdur. Həmin şəxslərdən 27 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 4 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Ümumilikdə, təsisatın fəaliyyəti dövründə Müvəkkilin vəsatətləri üzrə 805 məhkum, o cümlədən yetkinlik yaşına çatmayanlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər və digər məhkumlar əfv edilərək azadlığa buraxılmışlar.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının, habelə beynəlxalq müqavilələrdə təsbit olunmuş fundamental insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulması faktlarının dünya ictimaiyyətinə çatdırılması daim Ombudsmanın diqqət mərkəzində saxlanılan məsələlərdən olmuşdur.

Bununla əlaqədar beynəlxalq və regional təşkilatlara təqdim etdiyimiz bəyanat və hesabatlarda Ermənistanın sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətləri barədə ətraflı məlumatlar əks etdirilmişdir. Ümumilikdə, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq bu günədək Azərbaycan Ombudsmanı yerli və beynəlxalq ictimaiyyətə müharibə və postmüharibə dövründə baş vermiş insan hüquq pozuntuları, bu faktların araşdırılması sahəsində həyata keçirilmiş fəaliyyətlə bağlı 15 hesabat, 22 bəyanat, 7-si videoformatda olmaqla, 24 müraciət ünvanlamışdır. Hesabatlar və müvafiq məlumatlar Azərbaycan və ingilis dillərində www.ombudsman.az rəsmi internet səhifəsində yerləşdirilmiş, mütəmadi olaraq "Facebook", "Twitter" və "Instagram" sosial şəbəkələrində yayımlanmış, videolar "Youtube" səhifəsində yerləşdirilmişdir.

Ümumilikdə, Vətən müharibəsindən sonra ölkə başçısının tapşırığı və Birinci vitse-prezidentin tövsiyələri nəzərə alınmaqla şəhid ailələri və müharibə veteranlarının qayğılarının diqqətdə saxlanılması istiqamətində tədbirlərin həyata keçirilməsi bütün qurumlar qarşısında vacib vəzifə kimi dayanır. Bu baxımdan, həmin əhali qruplarının hüquqlarına xüsusi diqqət ayrılması, həmçinin Ermənistanın regionda ədalətli sülhün bərqərar olunmasına zərbə vuran cinayətləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması postmüharibə dövründə Ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir.

Hazırda insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə aşağıdakı istiqamətlər üzrə zəruri işlərin görülməsi Ombudsman institutunun inkişafına dair gələcək addımlar sırasındadır:

- "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda müasir dövrün tələblərinə uyğun əlavə və dəyişikliklərin edilməsi;

- Müvəkkilin insan hüquqlarının təşviqi, müdafiəsi və monitorinqi sahəsində fəaliyyətinin daha da təkmilləşdirilməsi, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn bir sıra öhdəliklərin yerinə yetirilməsi məqsədilə Ombudsman Aparatının yeni strukturunun hazırlanıb təsdiq olunması;

- Ombudsmanın regional mərkəzlərinin işinin təkmilləşdirilməsi, yeni strukturunun və dislokasiyasının təsdiq edilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizi əhatə edən yeni regional mərkəzin yaradılması;

- "Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində 2023-2027-ci illər üzrə Milli Fəaliyyət Proqramı"nın hazırlanıb təsdiq edilməsi;

- cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqları sahəsində məlumatlılıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Ombudsmanın hüquqi maarifləndirmə sahəsində fəaliyyətinin genişləndirilməsi;

- qüvvədə olan Dövlət proqramlarında, Milli Fəaliyyət Plan və proqramlarında nəzərdə tutulmuş, eyni zamanda icrasında iştirak Ombudsmana tövsiyə olunmuş hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsində aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi;

- mütəmadi olaraq ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi vəziyyətinin təhlilini aparmaq, onları daha etibarlı təmin etmək, bu sahədə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, təhsil müəssisələrinin potensialını gücləndirmək məqsədilə tədbirlərin davam etdirilməsi;

- ayrı-ayrı insan hüquqları istiqamətlərində, müxtəlif təbəqələrin hüquqlarını mərkəzləşmiş səylərlə müdafiə etmək məqsədilə ixtisaslaşdırılmış resurs və krizis mərkəzlərinin yaradılmasının təşviq edilməsi;

- Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması, ölkədə bu sahədə vəziyyətin öyrənilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında Ombudsmanın fəaliyyətinə köməklik göstərmək məqsədilə Müvəkkilin yanında yeni tərkibdə Ekspertlər Şurasının yaradılması;

- Milli Məclislə əməkdaşlığı daha da inkişaf etdirməklə müvafiq komitələrlə sıx əlaqələr yaradaraq, qanun layihələrinin müzakirəsi prosesində yaxından iştirak etmək, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Ombudsmanın irəli sürdüyü təkliflərin nəzərə alınmasına nail olunması və digər istiqamətlərdə fəaliyyətin gücləndirilməsi;

- Məhkəmə Hüquq Şurası, habelə Konstitusiya Məhkəməsi və digər məhkəmələrlə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi;

- korrupsiyaya, insan alverinə və məişət zorakılığına qarşı həyata keçirilən mübarizədə daha yaxından iştirak etmək;

- beynəlxalq müqavilələrin monitorinqi və beynəlxalq hüquq normalarının milli səviyyədə implementasiyası prosesində yaxından iştirak etmək, yeni beynəlxalq sənədlərə qoşulmaqla bağlı təkliflər hazırlamaq;

- milli qanunvericiliyin insan hüquqlarının daha səmərəli təmini baxımından təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasını davam etdirmək;

- kollektiv hüquqların, xüsusilə də BMT-nin "Sülh hüququ haqqında" 1984-cü il 12 noyabr və "İnkişaf hüququ haqqında" 1986-cı il 4 dekabr tarixli qətnamələri nəzərə alınaraq sülh və inkişaf hüququnu təbliğ etmək.

Təbii ki, dövlətin siyasi iradəsi, dəstəyi olmasa, heç bir ölkədə milli hüquq müdafiə mexanizmləri, o cümlədən ombudsman institutu səmərəli fəaliyyət göstərə bilməz. Buna görə də ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində duran əsas amillərdən biri də məhz dövlətimizin ali məqsədi olan insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edən normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı hüquqi islahatların davam etdirilməsidir. İnsan hüquqlarının təmininə dəstək haqqında danışarkən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər zaman həssas əhali qruplarının hüquqlarının diqqətdə saxlanılması, yerli və beynəlxalq səviyyədə əhəmiyyətli layihələrin icrası və humanist addımlar atılmasının rolu da xüsusi vurğulanmalıdır.

Bu baxımdan inanırıq ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi və təbliği sahəsində gördüyümüz işlərin səmərəliliyinin artırılmasına xidmət edən dövlət dəstəyinin daha da gücləndirilməsi nəticəsində insan hüquqlarının məhkəmədənkənar müdafiəsi mexanizmi olan Ombudsman institutunun fəaliyyəti günü-gündən təkmilləşərək inkişaf edəcəkdir.

Sonda 18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edir və qloballaşan dünyada beynəlxalq fenomen kimi çıxış edən insan hüquqlarının müdafiəsi və təbliği prosesində fəallıq və həmrəylik nümayiş etdirməyə çağırıram!

Səbinə Əliyeva,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman),

hüquq üzrə fəlsəfə doktoru.

Oxşar xəbərlər