- 14:45
Pandemiya ilə sürətlənən və sonradan Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişikliklərlə hüquqi çərçivəyə salınan distant iş forması artıq müvəqqəti həll yolu deyil. Bu gün distant iş əmək münasibətlərinin tamhüquqlu formatına çevrilib. Lakin hüquqi tənzimləmə ilə real əmək münasibətləri arasında yaranan boşluqlar yeni və ciddi suallar doğurur. Əsas sual isə budur: işçi evindən, yaxud işəgötürənin nəzarətində olmayan başqa bir məkandan işləyərkən əməyin mühafizəsi necə təmin olunmalıdır və baş verən qəza zamanı məsuliyyət kimə məxsusdur?
Distant iş mübahisələrində ən çox yol verilən səhv “məkan” anlayışına həddindən artıq önəm verilməsidir. Halbuki müasir əmək hüququnda, istər Almaniya, istər Rusiya, istərsə də beynəlxalq təcrübədə əsas meyar işin görüldüyü ünvan deyil, yerinə yetirilən əmək funksiyasıdır.
Əgər işçi konkret əmək tapşırığını icra etdiyi zaman, həmin tapşırığın icrası ilə birbaşa bağlı hərəkət zamanı xəsarət alırsa, bu hal artıq sadəcə məişət riski kimi deyil, əmək fəaliyyəti ilə bağlı risk kimi qiymətləndirilə bilər. Almaniya Federativ Respublikasının Federal Sosial Məhkəməsinin (Bundessozialgericht) 08 dekabr 2021-ci il tarixli, B 2 U 4/21 R saylı qərarında distant iş şəraitində məsuliyyət anlayışına yeni hüquqi ölçü vermişdir. Məhkəmə göstərmişdir ki, evdən çalışan işçinin yalnız əmək fəaliyyətinə başlamaq məqsədi ilə yaşayış sahəsi daxilində etdiyi hərəkət, yəni şəxsi məişət zonasından konkret iş yerinə istiqamətlənmiş yol, istehsalat yolu (Betriebsweg) kimi qiymətləndirilə bilər. Bu mövqedə həlledici olan hadisənin baş verdiyi məkan və ya vaxt deyil, yaranmış risklə yerinə yetirilən əmək funksiyası arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcudluğudur. Başqa sözlə, əgər işçinin hərəkəti məişət ehtiyacına deyil, konkret əmək tapşırığının icrasına yönəlmişdirsə, həmin risk artıq şəxsi həyat riski deyil, əmək fəaliyyəti ilə bağlı risk kimi dəyərləndirilir.
Bu kontekstdə hüquq ünvanı deyil, məqsədi əsas götürür, yəni riskin harada yarandığı yox, nəyə xidmət etdiyi hüquqi qiymətləndirməni müəyyən edir.
Əmək Məcəlləsinə edilən dəyişikliklərlə distant iş anlayışı qanunvericilikdə tanınıb və əmək funksiyasının işəgötürənin sahəsindən kənarda yerinə yetirilməsi mümkün hesab olunub. Lakin qanun çox mühüm bir məsələni tərəflərin razılaşmasına buraxır: distant işin əlavə şərtləri əmək müqaviləsində müəyyən edilməlidir.
Bu o deməkdir ki, əməyin mühafizəsi, iş vaxtının uçotu, istifadə olunan avadanlıq, qəza zamanı məlumatlandırma mexanizmi kimi həyati əhəmiyyətli məsələlər qanunun özündə detallı şəkildə tənzimlənmir. Nəticədə risk birbaşa praktikaya və gələcək məhkəmə mübahisələrinə ötürülür.
Əmək hüququnun klassik prinsipi dəyişməz qalır: işəgötürən işçinin əməyinin təhlükəsizliyini təmin etməlidir. Lakin distant iş bu öhdəliyin icrasını faktiki olaraq çətinləşdirir. İşəgötürən işçinin evinə nəzarət edə bilməz, orada texniki baxış keçirə bilməz, məişət risklərini tam aradan qaldıra bilməz.
Bu səbəbdən müasir yanaşma, xüsusilə Rusiya hüququnda əməyin mühafizəsi öhdəliklərinin məhdudlaşdırılmış formada tətbiqini qəbul edir. Yəni işəgötürən yalnız özü tərəfindən təqdim edilmiş və ya tövsiyə edilmiş avadanlıqla bağlı təhlükəsizliyi təmin etməli, işçini müvafiq qaydalarla tanış etməlidir. Bundan kənar risklər isə avtomatik olaraq işəgötürənin məsuliyyət dairəsinə daxil edilmir.
Azərbaycan qanunvericiliyində də bu yanaşmanın formalaşması qaçılmazdır. Əks halda, işəgötürən nəzarət edə bilmədiyi məkan üçün məsuliyyət daşımalı olacaq ki, bu da hüquqi baxımdan balanssız və ədalətsiz nəticələrə gətirib çıxarar.
Distant işdə baş verən hər hadisə avtomatik olaraq “istehsalat qəzası” sayılmır. Hüquq burada sadə reflekslə yox, dəqiq suallarla işləyir. Hadisə iş vaxtı çərçivəsindəmi baş verib? İşçi həmin anda konkret əmək tapşırığını icra edirdimi? Bu hərəkət işəgötürənin maraqlarına xidmət edirdimi? Cavablar məhz bu sualların üzərindən formalaşır. Bu mərhələdə emosiyalar kənarda qalır. Hüquqi mənzərəni artıq sözlər yox, faktlar qurur: verilmiş tapşırıqlar, elektron yazışmalar, iş prosesinin izi, əmək müqaviləsinin şərtləri və distant işi tənzimləyən daxili qaydalar. Qəzanın əmək fəaliyyəti ilə real bağlılığı da yalnız bu sənədlər əsasında müəyyən edilir, nə fərziyyə ilə, nə də subyektiv izahla.
Distant iş özü-özlüyündə nə təhlükəlidir, nə də risklidir. Risk onun sistemsiz və səthi hüquqi tənzimlənməsindədir. Əgər əmək müqavilələri formal tərtib olunarsa, əməyin mühafizəsi kağız üzərində qalarsa, məsuliyyət mexanizmləri əvvəlcədən düşünülməzsə, mübahisələr qaçılmaz olacaq.
Distant iş şəraitində işəgötürənin məsuliyyəti avtomatik olaraq müəyyən edilmir. Bu məsuliyyət nə işçinin konkret harada işləməsi, nə də hadisənin hansı saatda baş verməsi ilə bağlıdır. Burada əsas sual başqadır: risk birbaşa əmək tapşırığının icrası zamanı yaranıbmı və işəgötürənin həmin riskə real təsir imkanları olubmu? Əgər hadisə əmək fəaliyyəti ilə əlaqəsi olmayan, məişət və ya kənar risklərdən qaynaqlanırsa, bu halda işəgötürənin hüquqi məsuliyyəti istisna olunur.
Aytac Qurbanova
Hüquqşünas