Məsafədən iş modeli: Məhsuldarlıq, maaş və psixoloji təsirlər - Ekspertlər danışır


  • 12:36

Məlum olduğu kimi, Azərbaycanda Əmək Məcəlləsinə "məsafədən (distant) iş" anlayışı əlavə edilib. Müasir dövrdə distant iş modeli əmək bazarında sürətlə yayılaraq iş prosesinin təşkilində yeni və çevik yanaşmaların formalaşmasına səbəb olur. Bu dəyişiklik işçilərin əmək fəaliyyətinin səmərəliliyinə, yəni məhsuldarlıq və performans göstəricilərinə birbaşa təsir göstərir. Eyni zamanda, iş mühitinin fiziki məkandan ayrılması işçilərin psixoloji vəziyyətində həm müsbət, həm də mənfi dəyişikliklərin yaranmasına gətirib çıxarır.

Belə ki, distant iş bir tərəfdən işçilərə vaxt və məkan baxımından rahatlıq qazandırsa da, digər tərəfdən sosial təcrid, motivasiya azalması və iş-şəxsi həyat balansının pozulması kimi riskləri də özündə ehtiva edir. Bu baxımdan, distant iş modelinin tətbiqi zamanı həm təşkilati, həm də psixoloji amillərin nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı e-huquq.az-a danışan hüquqşünas, insan resursları üzrə mütəxəssis Aytac Qurbanova deyib ki, dünya təcrübəsinə əsasən, distant iş işçilərin motivasiyasına birbaşa təsir edir, lakin bu təsir hər zaman müsbət olmur.

"Motivasiya əsasən çeviklik və etimad üzərində formalaşır. İş gününü daha rasional bölmək imkanı, yol vaxtının olmaması və şəxsi məsuliyyətin artması bir çox işçi üçün ciddi üstünlükdür. Lakin sistem düzgün qurulmadıqda, distant iş əks-effekt də verə bilər, işçi özünü görünməz hiss edir, komanda ilə əlaqə zəifləyir, iş vaxtı ilə şəxsi həyat arasındakı sərhədlər itib gedir. Məhz buna görə distant işdə məhsuldarlıq nəzarətlə deyil, düzgün qurulmuş strukturla artır. Effektiv şirkətlər işçinin neçə saat onlayn olmasına yox, hansı nəticəni əldə etdiyinə baxır. Tapşırıqlar konkret, ölçülə bilən və vaxt baxımından aydın olduqda, işin ofisdə və ya evdən görülməsi artıq həlledici rol oynamır. Əksinə, daimi onlayn nəzarət və süni "aktivlik" ölçüləri uzunmüddətli perspektivdə həm məhsuldarlığı azaldır, həm də etimadı zədələyir", - deyə o bildirib.

Mütəxəssisin sözlərinə görə, distant işdə ünsiyyət və əməkdaşlıq da ayrıca idarəetmə tələb edir: "Ofis mühitində əlaqə çox vaxt öz-özünə formalaşırsa, distant rejimdə bu proses planlı şəkildə qurulmalıdır. Yazılı tapşırıqların aydınlığı, qərarların sənədləşdirilməsi və qısa, lakin müntəzəm əlaqə mexanizmləri komanda daxilində anlaşmanı gücləndirir. Bu da birbaşa faydalı iş əmsalına təsir edir, anlaşılmazlıqlar azalır, vaxt itkisi minimuma enir".

A.Qurbanova hesab edir ki, zamanın idarə edilməsi distant işin ən həssas nöqtələrindən biridir: "Bir çox beynəlxalq şirkətlər məhsuldarlığı artırmaq üçün fokus vaxtının qorunmasına əsaslanan iş modellərindən istifadə edir. Günün tamamını görüşlərlə doldurmaq əvəzinə, əsas iş saatlarını qorumaq, ünsiyyət üçün konkret vaxt pəncərələri müəyyən etmək və "təcili" anlayışını çərçivəyə salmaq real məhsuldarlığı artırır. Əks halda, distant iş asanlıqla "sonsuz iş günü"nə çevrilir".

Hüquqşünas bildirib ki, distant işçilərin əmək haqqı məsələsində isə dünya praktikasında prinsip dəyişmir, maaş işin harada görüldüyünə görə yox, işin dəyərinə görə müəyyən edilməlidir: "Eyni nəticəni verən, eyni məsuliyyəti daşıyan distant və ofis işçiləri arasında avtomatik maaş fərqi ədalətli hesab edilmir. Bəzi ölkələrdə yaşayış xərclərinə görə düzəlişlər tətbiq olunsa da, bu yalnız şəffaf və obyektiv meyarlarla əsaslandırıldıqda qəbul olunur. Bu səbəbdən maaş fərqi müəyyən edilərkən subyektiv yanaşmalar yox, vəzifənin dəyəri, bazar göstəriciləri, işçinin nəticələri və komanda töhfəsi əsas götürülməlidir. Distant iş şəraitində də əmək haqqı bu ölçülər üzərindən formalaşdıqda, həm motivasiya qorunur, həm də sosial ədalət prinsipi pozulmur. Nəticə etibarilə, distant iş nə problemdir, nə də möcüzəvi həll. Problem onu köhnə idarəetmə alətləri ilə tətbiq etməyə çalışmaqdır. Müasir əmək bazarında uğurlu olanlar işin harada görüldüyünə deyil, necə ölçüldüyünə və necə idarə olunduğuna diqqət yetirirlər".

Psixoloq, Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək İB-nin sədri, BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Kamil Həmidov isə e-huquq.az-a açıqlamasında deyib ki, distant işin insan psixologiyasına təsiri barədə danışarkən mövzuya həm müsbət, həm də mənfi rakurslardan baxmaq lazımdır.

Onun fikrincə, məsafədən işləmək insanın psixologiyasında müstəqillik hissini artırsa da, digər tərəfdən iş və şəxsi həyat arasındakı sərhədlərin itməsinə səbəb olur: "Eyni zamanda ən böyük təsir kimi "sosial izolyasiya" və "emosional tükənmə" riskini vurğulaya bilərik. Eləcə də insanın sosial varlıq olmasını unutmamalıyıq. Ofis mühitindəki qeyri-rəsmi ünsiyyətin, məsələn, kofe fasiləsinin yoxluğu uzunmüddətli dövrdə "aidiyyat", "mənsubluq" hissinin azalmasına gətirib çıxarır. Belə olduqda şəxsiyyətin inkişaf tempi, keyfiyyəti də aşağı düşür".

Distant işin müsbət tərəflərindən bəhs edən psixoloq deyib ki, yola sərf olunan vaxtın itməməsi, tıxacdan qurtuluş stressi azalda bilər. İşçi özünə münasib bildiyi rahat, komfort mühit yarada bilər, seçə bilər. Nəhayət səs-küylü ofisdən uzaqda diqqət cəmlənməsinin vacib olduğu tapşırıqları daha asan icra edə bilər.

"Mənfilər içərisində komanda atmosferindən, kollektevçilik ruhundan uzaqlaşaraq tənhalığa düşmə riskini, işin şəxsi həyatı işğal etməsi təhlükəsini qeyd edə bilərik. İkinci halda bir çox işçilər hətta “Emosional burnout” pozuntusu ilə psixoterapevt və psixiatrların yardımına möhtac qala bilərlər. Düzdür biz distant işdə fiziki aktivliyin azalmasının da gətirdiyi psixoloji süstlüyü müşahidə edə bilərik", - deyə K.Həmidov qeyd edib.

Distant yoxsa ofis şəraitində işləyən işçinin daha məhsuldar olmasına gəlincə isə psixoloq bu barədə konkret fikir söyləməyin çətin olduğunu bildirib: "Səbəb işçinin psixotipinin və işin mahiyyətinin fərqliliyi ilə əlaqəlidir. Məsələn, özünüidarəetmə bacarığı yüksək olanlar məsafədən işdə, ekstrovert və komanda asılılığı olanlar isə ofis şəraitində iş zamanı uğurlu olurlar. Daha yaxşı olar ki, həftədə bir neçə gün ofisdə, bir neçə gün də evdə işi nəzərdə tutan "Hibrid model" əsas kimi götürülsün. Bu zaman, həm sosial ehtiyaclar ödənilir, həm də işçiyə sərbəstlik tanınır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər