- 25 May 15:14
Nikahın pozulması zamanı mülkün ər və arvad arasında bölüşdürülməsi ən problemli və mübahisəli məsələlərdəndir. Problemi daha da qəlizləşdirən amillərdən biri də əmlakın bir qisminin kreditlə satın alınmasınıdır. Məsələn, ər və arvad evlənməzdən əvvəl kreditə maşın və ya ev alır. Tərəflər kredit borcunu nikah bağladıqdan sonra ödəyirlər. Bəs ər və arvad boşandıqdan sonra kreditə alınmış əmlak tərəflər arasında necə bölüşdürülməlidir?
Məsələnin aktuallığını nəzərə alıb mövzu ilə bağlı vəkil Əkrəm Həsənovdan münasibət öyrəndik.
Vəkil e-huquq.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu sahə üzrə birmənalı məhkəmə təcrübəsi yoxdur: “Şəxsi fikrimcə, tutaq ki, ər nikahdan əvvəl kreditə alınmış avtomobilə görə ödənişin bir qismini, yaxud tamamını evləndikdən sonra edibsə, bu halda arvadın tələb irəli sürməyə ixtiyarı var”. Onun sözlərinə görə, kredit ödənişi ailənin ümumi büdcəsi vasitəsilə həyata keçirildiyinə görə, qadın mal bölgüsü zamanı avtomobilin pulunun yarısını tələb edə bilər: Çünki kredit borcunu nikah dövründə kimin ödəməsindən asılı olmayaraq, sözügedən ödəniş onların ümumi gəliri hesab olunur”.
Ə.Həsənov deyib ki, mülkiyyət hüququ hər bir halda nikahdan əvvəl yaranıb: “Buna görə də məsələn, avtomobil hər halda onu əldə edənindir, çünki nikahdan əvvəl olub. Lakin qarşı tərəf xərc məsələsini mübahisələndirə bilər”.
Məftun Salmanov