- 25 May 15:14
Elə qonşular var ki, insanların istirahət etdiyi vaxtlarda, xüsusən səhər və axşam saatlarında səs-küy salaraq onların istirahət hüquqlarını pozurlar. Belə hallar mütəmadi xarakter aldığı zaman bu, insanların normal istirahətinə və yaşayışına mənfi təsir göstərir. Bəs bu cür neqativ halların qarşısını almaq üçün vətəndaş hara müraciət etməlidir?
Məsələ ilə bağlı vəkil Adilə Məmmədovaya müraciət etdik.
Vəkil e-huquq.az-a bildirib ki, belə xoşagəlməz hallarla üzləşən vətəndaş ilk növbədə məhkəməyə müraciət etməlidir:
“Vətəndaşlar pozulmuş hüquqularını bərpa etmək üçün məhkəməyə müraciət etməlidirlər. Mülki Prosessual Məcəllənin 4-cü maddəsi onlara belə imkanı verir”.
Onun sözlərinə görə, məhkəmə şikayət edilən şəxsin üzərinə vəzifə qoyur: “Əgər həmin şəxs üzərinə qoyulan vəzifəyə əməl etməzsə, o, cərimə oluna bilər. Bununla belə, məhkəmə dərhal həmin şəxsi cərimələmir, alternativ tədbirlər görürlər”.
A.Məmmədova qeyd edib ki, məhkəmədən başqa, heç kəs istirahət hüququnu pozan şəxsin qarşısını ala bilməz: “Bəzi hallarda vətəndaşlar Mənzil İstismar İdarəsinə müraciət edirlər. Bu, döğru deyil. Çünki bu idarə inzibati orqan deyil. Polisə müraciət ediləcəyi təqdirdə, bunun mənzillə bağlı məsələ olduğunu əsas gətirərək problemi aradan qaldırmayacaq. Polis ən yaxşı halda həmin şəxsə xəbərdarlıq edə bilər”.
Məftun Salmanov